Bir çox insanlar bu sınağı peyvənd kimi dərk edirlər.
Lakin bu peyvənd deyil.
Bu sınağın əsas vəzifəsi insan orqanizmində vərəm
infeksiyasının erkən aşkar edilməsidir.
Mantu sınağı bir çox hallarda 1 yaşından 18 yaşına
kimi olan yaş qrupu arasında keçirilir. Məsələ burasındadır ki, bu qrup
insanlar bu infeksiyanın yoluxmasına xüsusilə həssasdırlar.
Mantu sınağı insan orqanizmi üçün tam təhlükəsiz
sayılır (dağıdılmış vərəm çöplərindən hazırlanır). Lakin bu sınaq allergik
reaksiya verə bilər.
Mantu sınağı dəri daxili bazu önü nahiyəsinə
yeridilir. Bu yeri qaşımaq, bura yod, “zelyonka” sürtmək, plastır yapışdırmaq
olmaz ki, bunun nəticəsində sınaq düzgün qiymətləndirməyə bilər.
Mantu
sınağının nəticəsi 72 saatdan sonra həkim tərəfindən qiymətləndirilir. Bunun üçün xətkeşin köməyilə sınaqdan sonra
inyeksiyanın yerində əmələ gəlmiş infiltratın (qabarıq yer, kiçik şiş) diametri
ölçülür.
- İnfiltrat və hiperemiya (dərinin qızarması)
olmadıqda və inyeksiyadan olan nöqtə şəklində yara olduqda (0-1 mm) sınaq mənfi
sayılır.
- İnfiltratın ölçüləri 2-4 mm olduqda və ya
inyeksiya yerində yalnız hər hansı ölçüdə olan qızarma olduqda, sınaq şübhəli
sayılır.
- İnfiltrat 5 mm və daha artıq olduqda sınaq müsbət
sayılır.
Mantu sınağı üçün müəyyən əks göstərişlər də var:
- sınaq yerində olan bəzi dəri xəstəlikləri (psoriaz,
neyrodermit, ixtioz);
- kəskin xroniki infeksion xəstəlikləri və qeyri-infeksion
xəstəliklər kəskinləşmə müddətində (sınaq sağaldıqdan 1 ay sonra keçirilə bilər);
- allergik xəstəliklər (revmatizm, bronxial astma,
idiosinxroziya);
- yüksək hərarət;
- epilepsiya.
Əgər uşaqda sınağın nəticəsi ilk dəfə müsbət olubsa
(əvvəllər mənfi idi), infiltratın ölçüləri kəskin böyüyübsə (6 mm və daha
artıq) və ya infiltratın ölçüləri həddən artıq böyükdürsə, uşaq mütləq
ftiziatrın müayinəsinə göndərilməlidir. Sınağın nəticəsi şübhəli olduqda da
uşaq ftiziatrın müayinəsindən keçməlidir. Əgər infiltratın ölçüləri çox
böyükdürsə (17 mm-dən böyük), inyeksiyanın yeri irinləyibsə, uşaqda limfatik
düyünlər şişibsə, bu halda uşağı həm ftiziatr, həm allerqoloq müayinə etməlidir.
Bəzi hallarda reaksiyanın müsbət olmasının səbəbi
uşağın orqanizmində olan vərəm infeksiyası deyil, qurdlar, xroniki tonzillit,
allergiyalar, tez-tez təkrarlanan soyuqdəymə xəstəlikləri ola bilər. Bu səbəbdən
hətta Mantu sınağın müsbət olması 100% hallarda uşaqda vərəmin olmasını təsdiq
etmir. Diaqnozun dəqiqləşdirməsi üçün uşaq bir neçə əlavə analiz və müayinələrdən
keçməlidir.
Mənbə: https://saglamolun.az/index.php/teneffus-orqanlari/868-mantu-sinagi.html


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)