2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur.
Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və
qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna
əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda
türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə
çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin
gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid
ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır.
Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın
yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən
biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi etmişdir.
Türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda
başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli
ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi
idi.
Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir
və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet
totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alınmış, qurultay
nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qalmış,
bununla da türkologiyanın inkişafına olduqca ağır zərbə vurulmuşdur. Yalnız ötən
əsrin sonlarında əldə etdikləri milli müstəqillik türk xalqlarının mənəvi dirçəliş
yollarını işıqlandırmış, mühüm problemlər sırasında latın qrafikalı ümumtürk əlifbasının
tətbiqini bir daha aktuallaşdırmışdır.
Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü
bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən
vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər
qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin
möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə
doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır. 2025-ci
il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət
Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın
100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha
bir təzahürüdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın və bütövlükdə türk
dünyasının XX əsr elmi-mədəni həyatının parlaq səhifəsini təşkil etdiyini nəzərə
alaraq, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinin təmin
olunması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Elm və Təhsil
Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair tədbirlər
planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2025-ci il
Mənbə: https://president.az/az/articles/view/70396
Şəkil: https://president.az/az/pages/view/president/biography


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)