Məktəbli forması – bu gün şagirdlərin məktəbdə olduqları müddətdə və məktəbdən kənar rəsmi məktəb tədbirlərində geyindikləri gündəlik geyim üçün ümumi termindir.
Məktəbli formaları ilə bağlı mübahisələr onların
tarixi qədər uzun müddətdir ki, mövcuddur. Tarix boyu dünyanın müxtəlif ölkələrində
məktəblərə “uniformalar” tətbiq olunmuş, zamanla ləğv edilmişdir. Bəzi yerlərdə
isə onların mövcudluğu həmin ölkələrin tarixinin ən dəhşətli anlarını
xatırladır.
Tarixçilərin qənaətinə görə, ilk məktəbli formaları
XVI əsrdə yetim və imkansız uşaqlar üçün ingilis xeyriyyə məktəblərində
yaranıb. Londonlular bu məktəblərə şagirdlər üçün geyim hədiyyə edirdilər. Ən
çox bağışlanan əşyalar uzun mavi paltolar idi. Nəticədə bu xeyriyyə məktəbləri
“mavi paltolu məktəblər” (bluecoat schools) ləqəbini aldı.
Belə məktəblərdən biri 1552-ci ildə qurulan Məsih Xəstəxanası
(Christ's Hospital) idi. Bu məktəb bu gün də fəaliyyət göstərir və şagirdlərinin
geyindiyi forma Tudorlar dövründən bəri çox az dəyişib. Məsih Xəstəxanası
şagirdlərinin formasına kəmərli, uzun, tünd göy rəngli palto, şalvar və ya ətək,
sarı diz corabları və ağ yaxalıq daxildir. Zaman keçdikcə ingilis məktəb geyimi
nümunəsi Avropa ölkələri tərəfindən qəbul edilmişdir.
Məktəbli formasının üslubuna təkcə ənənə deyil, həm
də iqlim təsir göstərir. Məsələn, Avstraliyada bəzi məktəblər yuxarı sinif
şagirdlərinə şalvar əvəzinə “uniforma” şortu geyinməyə icazə verirlər.
Avstraliya məktəbli formalarına çox vaxt sərt günəşdən qorunmaq üçün geniş kənarlı
papaqlar da daxildir. Yeni Zelandiyada isə məktəblilərə ayaqyalın getməyə icazə
verilir, hətta təşviq olunur. Ancaq forma necə olur-olsun, onun əsas məqsədi
şagirdlərdə intizamı gücləndirmək, onları məktəb mühitinin xüsusi qaydalarına
alışdırmaqdır. Müxtəlif siyasi sistemlərdə “uniforma” fərqli funksiyalara malik
ola bilər: bəzi hallarda şagirdlərin elitliyini vurğulayır, digərlərində isə
müxtəlif gəlirli ailələrdən olan uşaqlar arasında bərabərlik yaradır.
Bu gün müasir məktəb forması sərbəst şəkildə birləşdirilə
bilən geyim və aksessuarlardan ibarət dəstdir. Belə geyimlər müəyyən
nizam-intizam aşılayır, sosial bərabərsizliyi yumşaldır və uşaqlara özlərini müəyyən
qrupa aid hiss etməyə imkan verir. Məktəbli forması qəşəng, cəlbedici olmalı,
eyni zamanda fərdiliyi zədələməməlidir. O, həmçinin uşaqlara öyrətməlidir ki, fərqlənmək
bahalı geyimlə deyil, intellektual və yaradıcılıq qabiliyyətləri ilə mümkündür
və bu xüsusilə vacibdir.
Beləliklə,
adi görünən məktəbli formasının arxasında dayanan hekayələrdən biri də budur.
Daha ətraflı: https://bit.ly/3Kj2REa


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)