Sentyabrın 26-da Milli Məclisin
Elm və təhsil komitəsinin iclası keçirilib.
“Azərbaycan müəllimi” xəbər
verir ki, komitənin sədri Anar İsgəndərov iclası açaraq 27 sentyabr tarixinin
Azərbaycan xalqının taleyində əhəmiyyətini qeyd edib. Ölkəmizin 44 günlük Vətən
müharibəsində qazandığı qələbənin tarixi önəm daşıdığını bildirib. Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı
ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan
azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda
canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti
olaraq hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi
qeyd edildiyini vurğulayıb.
Sonra iclas iştirakçıları Anım
Günü münasibətilə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra iclasda gündəlikdəki
məsələyə – Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə,
Ailə Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, “Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət
rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə
komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən
yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların
baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan
alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək
pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin
sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil
haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası
haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları
haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və
transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial
müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli qanunlarda dəyişiklik edilməsi
haqqında qanun layihəsinə baxılıb.
Komitə sədri bildirib ki, sənəddə
komitənin profilinə uyğun olan “Təhsil haqqında”, “Peşə təhsili haqqında” və
“Ümumi təhsil haqqında” qanunların müvafiq maddələrində edilən dəyişikliklərdə
“valideynlərini itirmiş” sözlərinin çıxarılması təklif olunur.
Sonra parlament Aparatının
Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsinin mahiyyəti
ilə bağlı diqqətə çatdırıb ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü
qaydasında daxil olmuş layihədə nəzərdə tutulan dəyişikliklər uyğunlaşdırma
xarakteri daşıyır. Məlumat verilib ki, sənəddə “Valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun
anlayışları özündə ehtiva edən 1-ci maddəsi yeni redaksiyada təqdim olunur.
Bununla yanaşı, bu və layihədə adları çəkilən digər qanunlarda “valideynlərini itirmiş” anlayışının
çıxarılması ilə bağlı redaktə xarakterli dəyişikliklər öz əksini tapıb. Dəyişikliklərin
normativ hüquqi aktlar arasında olan ziddiyyətin və qanunvericilikdəki
boşluqların aradan qaldırılması baxımından
zəruriliyi qeyd edilib.
Məsələ ətrafında aparılan
müzakirələrdə komitənin sədr müavini Fariz İsmayılzadə, üzvləri Şahin Seyidzadə,
Vasif Qafarov, Ceyhun Məmmədov, Əziz Ələkbərov, Elnarə Akimova çıxış edərək, təklif
olunan dəyişikliklərin məqsədəmüvafiq olduğunu söyləyiblər, bəzi fikir və qeydlərini
açıqlayıblar.
Tədbirin sonunda qanun layihəsi
birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitə üzvləri Sevinc
Fətəliyeva, Afət Həsənova, Pərvin Kərimzadə, Samir Vəliyev, Mehriban Vəliyeva,
Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)