Sentyabrın 8-də Yeni Azərbaycan Partiyasının (YAP)
Mərkəzi Aparatında partiyanın 2025-ci il 9-17 sentyabr tarixlərində Çin Xalq
Respublikasında (ÇXR) səfərdə olacaq nümayəndə heyəti ilə görüş keçirilib.
YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri
Tahir Budaqov Azərbaycan - Çin münasibətlərinin möhkəm dostluğa, qarşılıqlı
faydalı əməkdaşlığa və hərtərəfli strateji tərəfdaşlığa əsaslandığını
vurğulayıb. İki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşdirilməsi
üçün etibarlı zəminin mövcud olduğunu diqqətə çatdıran Tahir Budaqov Azərbaycan
- Çin münasibətlərinin hər iki ölkənin milli maraqlarına və müasir qlobal
çağırışlara cavab verdiyini qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti,
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri,
Çin Kommunist Partiyasının (ÇKP) Baş katibi Si Cinpin arasında keçirilən görüşlər,
aparılan yüksəksəviyyəli dialoq iki ölkə arasında əməkdaşlığın inkişafına ciddi
təkan verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari
ilin aprel ayında Çin Xalq Respublikasına dövlət səfəri və sentyabrın 1-də
Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüş zamanı səsləndirdiyi
fikirlər bir daha onu deməyə əsas verir ki, iki ölkə arasında hərtərəfli
strateji tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi ölkələrimizin xarici siyasətinin
mühüm istiqamətlərindəndir”.
YAP Mərkəzi Aparatının rəhbəri bildirib ki, Azərbaycan
beynəlxalq miqyasda sülh, təhlükəsizlik və işbirliyinin təşviqi məqsədilə Çin tərəfindən
irəli sürülmüş qlobal təşəbbüsləri dəstəkləyir. Azərbaycanın Çinin “Bir kəmər,
bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən olduğunu xatırladan Tahir
Budaqov qeyd edib ki, Azərbaycan bu təşəbbüsün reallaşması istiqamətində
praktiki layihələr icra edir: “Ölkələrimiz arasında əməkdaşlıq siyasi,
iqtisadi-ticari, enerji və nəqliyyat-logistika sahələri ilə yanaşı, rəqəmsal
iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını da əhatə
edir”.
Tahir Budaqov qeyd edib ki, qarşılıqlı səfərlər ölkələr
və siyasi partiyalar arasında münasibətlərin mövcud durumunun dəyərləndirilməsi
və əməkdaşlıq dairəsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb
edir. Onun sözlərinə görə, Azərbaycan - Çin əlaqələrinin vacib tərkib hissəsi
kimi YAP ilə ÇKP arasında münasibətlərin inkişafı xüsusi önəm daşıyır: “Bu əməkdaşlıq
çərçivəsində partiyalar arasında fəal siyasi dialoq mövcuddur və qarşılıqlı təmaslar
intensiv şəkildə davam etdirilir”.
YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfər
proqramının zəngin olduğunu diqqətə çatdıran Tahir Budaqov qeyd edib ki, bu səfər
iki ölkənin hakim partiyaları arasında uğurlu əməkdaşlığın dərinləşdirilməsi,
davamlı siyasi dialoqun təmin olunması, qarşılıqlı fikir və təcrübə mübadiləsinin
aparılması baxımından xüsusi əhəmiyyət daşıyır: “2025-ci il 9-17 sentyabr
tarixlərini əhatə edəcək səfər çoxşaxəli əməkdaşlığın tərkib hissəsi kimi mühüm
əhəmiyyətə malikdir”.
Görüşdə iştirak edən Çin Xalq Respublikasının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Lu Mey nümayəndə heyətini salamlayaraq
bildirib ki, Çin -Azərbaycan münasibətləri ardıcıl olaraq inkişaf edir. O,
xüsusilə bir neçə gün öncə keçirilmiş yapon işğalına qarşı Çin xalq müqaviməti
və İkinci Dünya müharibəsində Qələbənin
80-ci ildönümünə həsr olunmuş paradda Azərbaycan Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyevanın iştirakının önəmini diqqətə çatdırıb. Səfirin
sözlərinə görə, qlobal geosiyasi konyunktura hər iki ölkəyə əməkdaşlıq
imkanlarını daha da genişləndirmək üçün əlverişli şərait yaradır: “Son illərdə
Azərbaycanla Çin arasında əlaqələr bütün sahələr üzrə yüksələn xətt üzrə
inkişaf edərək əməkdaşlığın dərinləşməsini şərtləndirib. Azərbaycanın
tranzit-logistika imkanları, neft-qaz sektorundakı zəngin təcrübəsi və bərpaolunan
enerji sahəsində böyük potensialı Çin tərəfinin xüsusi maraq dairəsindədir”.
Səfir YAP nümayəndə heyətinin səfər zamanı Çində
dövlət idarəetməsinin təkmilləşdirilməsi sahəsində yeniliklər və partiya
quruculuğu təcrübəsi ilə ətraflı şəkildə tanış olmaq imkanının yaradılacağını
da əlavə edib.
Səfərin uğurlu keçəcəyinə inamını ifadə edən YAP Sədrinin
müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov nümayəndə heyətinə müvafiq
tövsiyə və tapşırıqlarını verib.
Mənbə:
https://yap.org.az/az/view/news/98232/chine-sefer-edecek-yap-numayende-heyeti-ile-gorush-kechirilib


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)