Azərbaycanda qaz və işığa görə sabit tarif tətbiq olunacaq. Bu, Milli Məclisdə qəbul edilən “Qaz təchizatı haqqında” və “Elektroenergetika haqqında” qanunlarda öz əksini tapıb.
Sözügedən qanunlara əsasən, istehlakçılar qaz və
elektrik enerjisi təchizatı sisteminə qoşulan bütün sayğaclara görə aylıq 1
manat sabit tarif ödəməli olacaqlar. Yəni qaz və elektrik enerjisi işlətdin-işlətmədin
sabit tarifi aybaay ödəmək lazım gələcək. Bu qaydanın 2026-cı il yanvarın 1-dən
qüvvəyə minəcəyi gözlənilir.
Qaz və işığa görə sabit tarif tətbiq olunması
fonunda qaz və işıq limitlərinin ləğvi gündəmə gələ bilərmi?
Qeyd edək ki, qaz və işıqla bağlı limit 2016-cı ildən
tətbiq edilib.
Hazırda aylıq elektrik enerjisi istehlakı 200
kilovat-saatadək olan istehlakçılar üçün ödəniş 8,4 qəpik, aylıq istehlak həcminin
200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 10 qəpik,
aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 15 qəpik müəyyənləşdirilib.
Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik
istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün 12,5 qəpik,
illik istehlak həcminin 1200 – 2500 m3 olan hissəsi üçün 22 qəpik, illik
istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün 30 qəpik müəyyən olunub.
Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov
Modern.az-a açıqlamasında bildirib ki, “Elektroenergetika haqqında” və “Qaz təchizatı”
qanunları dövlət başçısının fərmanı ilə təsdiq olunub:
“Növbəti mərhələdə Tarif Şurası tərəfindən sabit
tarifin məbləği müəyyənləşdiriləcək və bunun ardınca sabit tarifin tətbiqinə
başlanılacaq. Yəni abonentlərin ödəyəcəyi məbləğin üzərinə onun
enerjidən istifadə edib-etməməyindən asılı olmayaraq hər ay sabit tarif məbləği
də əlavə olunacaq”.
Deputat
qeyd edib ki, buna baxmayaraq, sabit tarifin tətbiqi heç də aylıq limitlərin ləğvi
kimi başa düşülməməlidir:
“Qaz
və işıq üçün limitlər qüvvədədir və abonentlər istifadə etdiyi enerjinin həcmindən
asılı olaraq müəyyən limitlər çərçivəsində müəyyən olunmuş tariflə borcunu ödəyəcəklər.
Amma çox istəyərdik ki, limitlər ləğv olunsun və bütün vətəndaşlar üçün məqbul
orta bir tarif müəyyənləşsin. Bu da limitlərin tətbiqi ilə bağlı cəmiyyətdə
artıq müzakirələrə son qoyar”.
Mənbə: https://bit.ly/4mNOYfG


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)