Azərbaycan
tarixinin qaranlıq səhifələri çoxdur. Bu səhifələr qəsdən təhrif olunmuş şəkildə
xalqa çatdırılmaqla rəy formalaşdırmağa çalışanlar vardır. Azərbaycan tarixinin
ən parlaq səhifəsi olan Səfəvilər dövrü və bu dövlətin banisi Şah I İsmayılın da şəxsiyyəti üzərinə kölgə
salmağa cəhd etmişlər. Təqdim etdiyim bu məqalə geniş oxucu kütləsi, eləcə də
Azərbaycan tarixini tədris edən müəllimlərdə böyük maraq oyada bilər.Tarix
doğru-düzgün şərh edilməlidir. Tarix də vətən kimi, ana kimi tale payı, alın
yazısıdır, ondan qaçmaq mümkün deyil: nə onu dəyişə bilərsən, nə ondan imtina
eləyə bilər, nə də onu seçib-sonalaya bilərsən. Babalarımızın tariximiz boyu
tikdiyi saraylar, abidələr də bizimdir, yaratdıqları mədəniyyət də,
qazandıqları qələbələr də, uğradıqları məğlubiyyətlər də. Azərbaycan xalqı
tarixinin dönüşlü nöqtələrində müstəqil yaşamaq, yaxud bu və ya digər
imperiyanın zoru ilə kimdənsə asılı olmaq yollarını seçmək məcburiyyətində
qalmışdır. Əsrlərlə azad yaşamaq istəyən Azərbaycan xalqı bütün tarix boyu
torpağımıza göz dikmiş nəhəng imperiyalarla çarpışmalı olmuşdur. Bu gün də müstəqillik
əldə etmiş respublikamız imperiya xislətli dövlətlərin maraq dairələri məngənəsində
sıxılır. Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda çoxəsrlik
mübarizəsi tarixində öz ərlərilə çiyin-çiyinə vuruşan qadınlarımızın xüsusi
xidmətləri olmuşdur. Uzaq keçmişin mürəkkəb və təlatümlü hadisələrlə dolu səhifələrini
vərəqləyərkən, tarixi səlnamələr, yazılı və şifahi xalq yaradıcılığı nümunələri,
xüsusən dastanlarla tanış olarkən biz doğma yurdumuzun tarixində qadınlarımızın
diqqətəlayiq və görkəmli rolunun, siyasi və dövlət quruculuğu sahəsində xidmətlərinin
şahidi oluruq. E.ə.VI əsrdə işğalçı düşmənlərə qarşı vuruşan Tomiris ananın
göstərdiyi qeyrət nümunəsi bu gün məktəblilərimiz üçün əsl qəhramanlıq
simvoludur. E.ə.I əsrdə (e.ə.65-ci il) romalılara qarşı öz ərlərilə birgə
vuruşan alban qadınlarının hünəri, hətta Roma əsgərlərini belə heyran etmişdi.Təsadüfi
deyil ki, antik müəlliflər onları”amazonka”adlandırmışlar. Azərbaycan xalqının
tarixində belə qadınlar minlərlədir desək, bəlkə də səhv etmiş olarıq. Ona görə
ki, igid oğul böyüdən hər bir qadın, hər bir ana həqiqətən də qəhrəmandır. Belə
oğullarımız isə istənilən qədərdir. Azərbaycan tarixində elə məsələlər vardır
ki, onların məktəblərdə tədrisi şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyəsi
üçün böyük əhəmiyyət kəsb etmiş olardı. Azərbaycan tarixinin ustad bilicilərindən
biri olan mərhum tarixçi-alim, professor Seyidağa Onullahinin 1981-ci ildə “Azərbaycan
EA-nın xəbərləri” jurnalında dərc etdiyi “Taclı xanım” adlı məqaləsi elmi əhəmiyyət
daşımaqla yanaşı, məktəblərimizdə şagirdlərin milli ruhda tərbiyəsi üçün də
böyük əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, bu məqalə XVI əsr Azərbaycanın ən
qüdrətli dövlət başçısı, böyük sərkərdə və şair olan Şah I İsmayıl Xətainin
qadınına həsr edilmişdir, onda bu məqalənin əhəmiyyəti daha da artmış olar. Müxtəlif
qaynaqlara istinad edərək demək olar ki, Şah İsmayılın arvadı Taclı bəyim (əsl
adı Şahbəyimdir) və onun həyatı haqqında tarixi ədəbiyyatda verilən bəzi məlumatlar
düzgün verilməmişdir. Məqalənin orta məktəb şagirdləri, eləcə də Azərbaycan
tarixi ilə maraqlananlar üçün əhəmiyyətini nəzərə alaraq, onun əsas məzmununu
verməyi lazım bilirəm.
1514-cü
il avqustun 23-də Osmanlı sultanı Səlimin (1512-1520) qoşunu ilə Şah I İsmayılın
(1501-1524) qoşunu arasında şiddətli vuruşma olmuşdur. Bu vuruşma Çaldıran
düzündə (Çaldıran Xoy şəhərinin şimal-qərbində, Makunun yaxınlığında və Təbriz
şəhərinin 20 fərsəngliyində yerləşib Çuxur Səd bəylərbəyliyinə daxil idi) baş
verdiyi üçün tarixdə “Çaldıran vuruşması” adı ilə məhşurdur. Həmin vuruşmada Səfəvi
dövlətinin qoşunları məğlub oldusa da, bir çox cəhətdən qızılbaş (səfəviləri
belə adlandırırdılar) ordusu özünün qəhrəmanlıq döyüş ənənələrini nümayiş
etdirdi.
Həmin
dövrün səlnaməçiləri üzlərində örtük, əllərində silah ərləri ilə birlikdə vətənin
müdafiəsi uğrunda Osmanlı ordusuna qarşı vuruşan azərbaycanlı qadınlardan da bəhs
etmişlər. Çaldıran vuruşmasından sonra döyüş meydanında xeyli azərbaycanlı
qadın meyidi tapılmışdı. Sultan Səlimin göstərişi ilə onlar təntənəli surətdə dəfn
olunmuşlar. Osmanlı tarixçilərinin yazdığına görə bu qəhrəman qadınlar müxtəlif
növ silahlara sarılaraq müharibədə ərləri ilə iştirak edib, şəhid olmuşdular. Buna
görə də Çaldıran vuruşmasından sonra hər yerə belə bir xəbər yayılmışdı ki, Şah
I İsmayılın qoşununda guya qadınlardan ibarət qılınc vuran süvari dəstəsi
varmış (Amazonkaları yada salın). Çaldıran vuruşmasında iştirak etmiş qadınlar
arasında yalnız ikisinin adı tarixdə qalmışdır. Bunlar Taclı xanım və Bəhruzə
xanımdır. Səfəvi sülaləsinin səlnaməçiləri yaşadıqları əsrin və ictimai mühitin
əxlaqi ehkam və qaydalarına riyaət edərək Şah I İsmayılın arvadı haqqında çox
ötəri bəhs etmişlər.
Bəs
bu adları çəkilən qadınlar kim idilər və hansı tayfaya mənsub olmuşlar?
Birinci
Taclı xanım. Onun əsl adı Şahbəyimdir. Mehmadinbəy bin Həmzəbəy bin Bəktaşbəy
Mosullunun qızı idi. Çox güman ki, əsl adı Şahbəyim olan bu qadına çaldıran
vuruşmasında qəhrəmanlıq göstərib yaralandığı üçün Şah I İsmayıl ona “Taclı xanım” ləqəbi vermişdir. Çaldıran
vuruşmasında Taclı xanım da digər qadınlar kimi Osmanlı ordusu ilə vuruşmada qəhrəmanlıq
göstərmiş və yaralanmışdır. Lakin Taclı xanım heç vaxt əsir düşməmişdir. Döyüşdən
sonra Şah İsmayıl Taclı xanıma demişdir: ”Bir də səni qoymaram müharibəyə gedəsən”.
Bəzi tarixçilər Taclı xanımın əsir düşdüyünü, sonra isə qızıl və cəvahiratını
Vidin bəyi Məsihbəyə verərək əsirlikdən azad olunduğunu yazırlar ki, bu heç həqiqətə
uyğun deyildir. Əvvala, həmin tarixçilər Taclı xanımla Bəhruzə xanımı qarışıq
salırlar. O biri tərəfdən də bildiyimiz kimi müharibəyə, vuruşa gedən qadın
qiymətli əşya ilə döyüş meydanına atılmazdı. Daha sonra Vidin bəyi Məsihbəy
Osmanlı sultanı I Səlimin qorxusundan rüşvət müqabilində Şah İsmayılın arvadını
əsirlikdən azad edə bilməzdi. Taclı xanım istər Şah I İsmayılın, istərsə də Şah
I Təhmasibin hakimiyyəti dövründə yüksək ixtiyarata malik olmuşdur. Məhz Taclı
xanımın saraydakı mövqeyi şahzadələrin, xüsusilə Şah I Təhmasibin bacılarının
xoşuna gəlmirdi. Onu şahın gözündən salmaq məqsədilə analarına zəhər verib
öldürməkdə təqsirləndirirlər. Bununla əlaqədar olaraq, 1539-cu ildə Taclı xanım
Şah I Təhmasibin əmri ilə Şiraza sürgün edilir. Taclı xanım həmin ildə orada vəfat
edir və Şiraz ətrafında yerləşən “Bibiqızlar”qəbirastanlığında dəfn olunur. Beləliklə,
məlum olur ki,Taclı xanım Şah I İsmayılın qanuni arvadı olmuşdur. O, 20 il Şah
I İsmayılın sağlığında onun arvadı kimi sarayda, 1524-cü ildə Şah I İsmayılın vəfatından
sonra 15 il isə Şah Təhmasibin sarayında yaşamış, hicri 946-cı (1539/40) ildə
Şirazda vəfat etmişdir.
Bəhruzə
xanıma gəldikdə isə qaynaqlarda onun Şah I İsmayılın arvadı olması barədə heç
bir söz deyilmir. Digər tərəfdən əgər Bəhruzə adlı qadın əsir alınıbsa, çox
ehtimal ki, bu, müharibə cəbhəsində vuruşan qadınlardan biri olub, əsir
alındıqda özünü şahın arvadı kimi qələmə vermişdir. Yaxud bu Osmanlı hökmdarı və
sərkərdələrinin Şah I İsmayılı nüfuzdan salmaq üçün irəliyə atdıqları bir
uydurmadır.
P.S.
Məqalə 1996-cı il 20 iyul tarixində “Səs” qəzetində dərc edilmişdir.
Şəkil:
https://globalinfo.az/ saytına məxsusdur.