“Qutadqu bilik” əsərinin tarixi-fəlsəfi mahiyyətinin, ideya qaynaqlarının və türk dövlətçilik düşüncəsi ilə əlaqələrinin araşdırılmasında görkəmli türk tarixçisi Halil İnalcıkın tədqiqatları mühüm yer tutur. Alimin 1966-cı ildə nəşr olunmuş “Kutadgu Bilig’de Türk ve İran Siyaset Nazariye ve Gelenekleri” (“Qutadqu bilik”də türk və İran siyasi nəzəriyyələri və ənənələri) adlı məqaləsi əsərin ideya-məzmun xüsusiyyətlərini müqayisəli tarixi yanaşma əsasında araşdıran diqqətəlayiq elmi əsərlərdən biridir. İnalcık burada “Qutadqu bilik”in formalaşmasında qədim türk dövlətçilik ənənələrinin və Hind-İran siyasi-əxlaqi düşüncəsinin rolunu müəyyənləşdirməyə, onların qarşılıqlı əlaqələrini və fərqli xüsusiyyətlərini üzə çıxarmağa çalışmışdır.
Bu
baxımdan İnalcıkın tədqiqatının əsas elmi nəticəsi əsərdə Hind-İran siyasi-əxlaqi
təsəvvürləri ilə qədim türk dövlətçilik ənənəsinin necə birləşdiyini, eyni
zamanda türk hüquqi-siyasi düşüncəsinin özünəməxsusluğunun necə qorunduğunu
göstərməsidir. Bu nəticə xüsusilə ədalətin hökmdarın şəxsi lütfü deyil, törünün
düzgün və qərəzsiz tətbiqi kimi izahında aydınlaşır.
İnalcık
araşdırmasına türk mədəniyyətinin tarixi davamlılığı məsələsindən başlayır. O,
islamdan əvvəlki türk yazılı mədəniyyətinin mühüm qaynaqlarından biri kimi
uyğur dövrünün əsərlərini göstərir. Alimin fikrincə, Qaraxanlılar islam mədəniyyəti
dairəsinə daxil olsalar da, uyğur mədəniyyətinin ənənələrini davam etdirmişlər.
Bu mülahizə “Qutadqu bilik”in meydana gəldiyi tarixi şəraitin anlaşılması
baxımından əhəmiyyətlidir. Belə ki, XI əsrdə yazılmış əsərin ideya məzmununu
yalnız islam mədəniyyətinin təsiri ilə izah etmək kifayət deyil. Onun daha qədim
türk ictimai-siyasi və mənəvi düşüncə ənənələri ilə əlaqələri də nəzərə
alınmalıdır. Tədqiqatçı Reşid Rəhməti Aratın “Qutadqu bilik”in elmi-tənqidi mətninin
və tərcüməsinin hazırlanmasındakı xidmətlərini yüksək qiymətləndirir. İnalcıkın
fikrincə, Aratın araşdırmaları əsərin yalnız dil və ədəbiyyat abidəsi kimi
deyil, həm də türk ictimai həyatı, dövlətçilik tarixi və mədəniyyətinin öyrənilməsi
üçün mühüm qaynaq kimi istifadəsinə imkan yaratmışdır. Bu yanaşma İnalcıkın öz
tədqiqatında da əsas götürdüyü metodoloji istiqaməti müəyyənləşdirir: “Qutadqu
bilik” ayrı-ayrı nəsihətlərdən ibarət mətn kimi deyil, müəyyən tarixi-mədəni
mühitdə formalaşmış siyasi, fəlsəfi və əxlaqi təsəvvürlərin bütöv sistemi kimi
araşdırılmalıdır.
Məqalədə
“Qutadqu bilik”in mahiyyəti ilə bağlı əvvəlki tədqiqatçıların mövqelərinə də
münasibət bildirilir. İnalcık V.V.Bartoldun əsəri Şərqdə geniş yayılmış nəsihətnamələr
ənənəsinə aid etdiyini, Reşid Rəhməti Aratın onu insanın hər iki dünyada səadətə
çatması yollarını göstərən fəlsəfi məzmunlu əsər kimi qiymətləndirdiyini, Sadri
Maksudi Arsalın isə onun qədim türk ictimai və dövlətçilik ənənələrinə
bağlılığını ön plana çəkdiyini göstərir. Arsal yazır: “Əsərdə “sosial həyat, əxlaq
və dövlət idarəçiliyi haqqında fikirlər tamamilə türklərin islamdan əvvəlki mühakimələridir. Ədəbi və intellektual
materialların demək olar ki, hamısı türk həyatından götürülmüşdür. Müəllifin
istifadə etdiyi atalar sözləri türk atalar sözləridir.”
Bu
mövqeləri müqayisə edən İnalcık “Qutadqu bilik”in ideya mənbələrinin yalnız bir
mədəniyyət çərçivəsində izah edilməsinə ehtiyatla yanaşır. Onun tədqiqatının əsas
məqsədi əsərdə mövcud olan Hind-İran siyasi-əxlaqi təsəvvürləri ilə qədim türk
dövlətçilik ənənələrini fərqləndirmək və onların qarşılıqlı əlaqəsini müəyyənləşdirməkdir.
İnalcık
əsərə sonradan əlavə edilmiş nəsr və nəzm müqəddimələrinə də müraciət edir. Həmin
müqəddimələrdə əsərin başqa ölkələrdə “Edebü’l-mülük”, “Ayin ü’l-memleke” və ya
Pendname-i mülük” adlandırılan siyasi-əxlaqi nəsihət ənənəsi ilə əlaqəsi göstərilir.
İdarəçilərin bilməli olduqları məsələlər, dövlətin möhkəmlənməsi və süqutunun səbəbləri
bu mətnlərin əsas mövzuları kimi təqdim olunur. Bu məlumat İnalcıkın “Qutadqu
bilik”i həm janr, həm də siyasi düşüncə tarixi baxımından müqayisə etməsinin
mühüm başlanğıc nöqtəsidir.
İnalcıkın
məqaləsində bu mövqelərlə yanaşı, Sadri Maksudi Arsalın Fərabi və Konfutsi ilə
bağlı müqayisələrinə də yer ayrılır. Arsalın şərhində İbn Sina təsirinə dair
iddialar qəbul edilmir, Fərabinin hökmdarın keyfiyyətləri, ağıl, bilik və ədalət
haqqındakı fikirləri ilə Yusifin görüşləri arasında oxşarlıqlar önə çəkilir. Konfutsi
ilə bağlı paralellər də Arsalın mülahizələri kimi verilir. Bu müqayisələri
İnalcıkın bilavasitə sübut etdiyi təsir əlaqələri kimi deyil, onun təqdim edib
müzakirəyə çıxardığı tarixşünaslıq mövqeləri kimi fərqləndirmək vacibdir.
İnalcıkın
araşdırmasında Hind-İran siyasi düşüncəsinin “Qutadqu bilik”ə təsiri məsələsi
geniş yer tutur. Alim Firdovsinin “Şahnamə” əsəri, qədim İran nəsihətnamələri,
“Kəlilə və Dimnə”, “Qabusnamə” və Nizamülmülkün “Siyasətnamə”si kimi qaynaqlara
müraciət edərək dövlət idarəçiliyi, hökmdarın vəzifələri, ədalət, ağıl, bilik və
əxlaq haqqında təsəvvürləri müqayisə edir. O, Yusif Has Hacibin “Şahnamə” ənənəsi
ilə tanışlığını əsərdəki tarixi-əfsanəvi obrazlar və poetik xüsusiyyətlər əsasında
əsaslandırır. Bununla yanaşı, müxtəlif qaynaqlardakı siyasi-əxlaqi fikirlər
arasında paralellər müəyyənləşdirir.
“Şahnamə”
ilə əlaqəni əsaslandırarkən İnalcık daha konkret mətn nümunələri göstərir:
280-ci beytdə Alp Ər Tonqanın İran ənənəsində Əfrasiyab adı ilə tanınmasını,
241-ci beytdə Dahhak və Fəridunla bağlı xatırlatmaları, həmçinin “Qutadqu
bilik”in “Şahnamə” ilə eyni əruz qəlibində yazılmasını qeyd edir. Bunlar əsərin
İran ədəbi mühiti ilə təmasını göstərən dəlillər kimi təqdim olunur, həmin
oxşarlıqlar bütün ideyaların birbaşa “Şahnamə”dən alındığı mənasına gəlmir
(İnalcık, 1966). İnalcık siyasi-əxlaqi təsəvvürlərin tarixi ötürülməsini izah
etmək üçün Sasani dövrünün “andarznamə” ənənəsini, İbn Müqəffənin pəhləvi
dilindən ərəb dilinə etdiyi tərcümələri və “Kəlilə və Dimnə”nin sanskrit mənşəli
“Pançatantra” ilə əlaqəsini də nəzərdən keçirir (İnalcık, 1966). Beləliklə,
İnalcık bu tarixi-mədəni əlaqələri araşdırmaqla “Qutadqu bilik”də əks olunan
siyasi-əxlaqi təsəvvürlərin qədim Hind-İran düşüncə ənənələri ilə bağlılığını və
həmin ideyaların müxtəlif mədəniyyətlər vasitəsilə yayılma yollarını müəyyənləşdirməyə
çalışır.
İnalcık
qədim Hind dövlət nəzəriyyəsində dövlətin yeddi ünsüründən danışır: hökmdar, məsləhətçi
vəzirlər, təbəələr, qalalar, müdafiə və hücum qüvvələri, xəzinə və müttəfiqlər.
Bu təsnifat müəllifin istinad etdiyi Kautilya ilə əlaqələndirilən siyasi düşüncə
çərçivəsində təqdim olunur. Həmin modeldə hakimiyyətin mənbəyi və icrası qanun,
tərəfsiz hökm, əhalinin can və malının mühafizəsi, təsərrüfatın inkişafı kimi
öhdəliklərlə yanaşı nəzərdən keçirilir. Burada “yeddi ünsür”ü Yusif Has Hacibin
birbaşa təklif etdiyi təsnifat saymaq doğru olmaz: İnalcık ondan “Qutadqu
bilik”in müqayisə edildiyi qədim Hind siyasi fikrinin izahında istifadə edir.
(İnalcık, onlayn mətn, Kutadgu Bilig’de Hint-İran geleneği”.)
İnalcıkın
təhlilində xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri ədalətin dövlətin
mövcudluğundakı roludur. Tədqiqatçı qədim Hind-İran siyasi ənənələrində dövlətin
qüdrəti, ordunun saxlanılması, xəzinənin zənginliyi və xalqın iqtisadi vəziyyətinin
qarşılıqlı əlaqədə nəzərdən keçirildiyini göstərir. Bu düşüncəyə görə, güclü
ordunun saxlanılması maddi vəsait tələb edir, xəzinənin zənginliyi xalqın
istehsal və vergi imkanlarından asılıdır, xalqın rifahının təmin edilməsi isə ədalətli
idarəçilik olmadan mümkün deyil. Müəllif “Qutadqu bilik”in 2057-2059-cu beytlərini
həmin siyasi nəzəriyyənin ifadəsi kimi təhlil edir. Burada dövlətin möhkəmliyi
ilə ordu, maddi sərvət, xalqın rifahı və düzgün qanunlar arasında qarşılıqlı
asılılıq müəyyənləşdirilir. İnalcık bu düşüncəni qədim siyasi ədəbiyyatda
formalaşmış “ədalət dairəsi” nəzəriyyəsi ilə əlaqələndirir. Onun fikrincə,
Yusif Has Hacib həmin prinsipi öz əsərində aydın və sistemli şəkildə ifadə
etmişdir. Beləliklə, “Qutadqu bilik”də ədalət yalnız hökmdarın şəxsi mənəvi
keyfiyyəti deyil, həm də dövlətin iqtisadi və siyasi sabitliyinin mühüm şərti
kimi təqdim olunur.
Bu
siyasi-iqtisadi əlaqənin konkret tarixi ifadəsi kimi İnalcık Sasanilər haqqında
Təbərinin nəql etdiyi Xosrov Pərviz rəvayətinə də müraciət edir. Xəzinəyə sərvət
toplamaq məqsədilə vergilərin sərt yığılması əhalinin dolanışığını
ağırlaşdırır, istehsal və vergi imkanlarını zəiflədir. Beləliklə, xəzinəni gücləndirmək
niyyəti əks nəticə verə bilir. İnalcık bu ziddiyyətin çıxış yolunu ədalətə əsaslanan
idarəçilikdə görən siyasi düşüncə ilə “Qutadqu bilik”in 2057-2059-cu beytləri
arasında əlaqə qurur. Deməli, əsərdəki ədalət dairəsinin iqtisadi məntiqi
yalnız mücərrəd nəsihət deyil, xalqın rifahı ilə dövlət gəlirlərinin qarşılıqlı
asılılığıdır. (İnalcık, onlayn mətn, “A” bölməsi, ədalət dairəsi haqqında hissə.)
İnalcık bu fikrin “Qutadqu bilik”də yalnız 2057-2059-cu beytlərlə məhdudlaşmadığını
göstərir. O, 1039-1044-cü beytlərdə xalqın varlanması, asayişin bərpası və şəhərlərin
inkişafı ilə hökmdarın xəzinəsinin zənginləşməsi arasındakı əlaqəni,
2033-2035-ci beytlərdə isə qanunun düzgün tətbiqinin ölkəni möhkəmləndirdiyini,
zülmün isə onu zəiflətdiyini vurğulayır. Beləliklə, ədalət dairəsi əsərdə təkrarlanan
siyasi-iqtisadi prinsip kimi açıqlanır (İnalcık, 1966).
Tədqiqatçı
əsərdə hökmdarın mənəvi keyfiyyətlərinə dair mülahizələri də Hind-İran nəsihətnamə
ənənələri ilə müqayisə edir. İnalcık göstərir ki, “Qutadqu bilik”də dövlət
başçısının dürüst, bilikli, səbirli, təvazökar, səxavətli və mülayim olması tələb
edilir. Yalançılıq, təkəbbür, zülm, xəsislik, tələskənlik və hiddət isə
hakimiyyət sahibinin uzaq durmalı olduğu mənfi xüsusiyyətlər sırasında göstərilir.
Müəllif bu fikirlərlə “Qabusnamə”, “Kəlilə və Dimnə” və “Siyasətnamə”dəki
hökmdar idealları arasında oxşarlıqlar müəyyənləşdirir. İnalcıkın
araşdırmasının mühüm elmi nəticələrindən biri qədim türk dövlətçilik ənənəsinin
özünəməxsus xüsusiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlıdır. Alim Hind-İran
siyasi düşüncəsi ilə türk dövlətçilik ənənəsi arasında fərqi xüsusilə hakimiyyətin
qanunla münasibətində görür. Onun şərhinə görə, qədim İran siyasi ənənəsində
hökmdarın geniş şəxsi hakimiyyəti və ədalətli davranışı ön plana çəkildiyi
halda, türk dövlətçilik düşüncəsində hakimiyyət törü - qanun və ictimai nizam
anlayışından ayrılmaz şəkildə nəzərdən keçirilmişdir. Bu baxımdan İnalcıkın
“Qutadqu bilik”dəki kut və törü anlayışlarına verdiyi izah xüsusi əhəmiyyət
daşıyır. Müəllifin fikrincə, kut hakimiyyətin mənəvi-siyasi legitimliyi ilə,
törü isə onun hüquqi və ictimai nizamı ilə əlaqəlidir. Hökmdarın hakimiyyəti
yalnız şəxsi iradə əsasında deyil, müəyyən qanun və davranış prinsiplərinə
uyğun həyata keçirilməlidir. İnalcık bu yanaşmanı əsərin 355, 2015 və 5285-ci
beytləri, eləcə də qədim türk yazılı abidələrindəki dövlətçilik anlayışları əsasında
təhlil edir.
Alim
ağıl və biliyin dövlət idarəçiliyində rolunu ayrıca əsaslandırır. “Qutadqu
bilik”in 1952-ci beytinə və 1948-1973-cü beytləri əhatə edən hissəsinə istinad
edərək hökmdarın xalqı biliklə, dövlət işlərini isə ağılla idarə etməli
olduğunu göstərir. 289-290-cı beytlərdə ağıl və bilik vasitəsilə yüksəlmək
haqqında fikirləri qədim İran siyasi-əxlaqi ənənəsi ilə müqayisə edir. Bu nümunələr
bilik və əxlaqın əlaqəsi haqqında pedaqoji nəticə çıxarmaq üçün də əhəmiyyətlidir.
Hökmdarın
vəzifələri İnalcıkın təhlilində konkret idarəçilik fəaliyyətində də ifadəsini
tapır: pulun əyarının qorunması, güclünün zəifi əzməsinə mane olmaq,
quldurluğun qarşısını almaq, yolların təhlükəsizliyini təmin etmək və mövcud
ictimai təbəqələşmə qaydalarına uyğun münasibətləri qorumaq. Müəllif bu vəzifələri
əsərin 5540-5550 və 5574-5584-cü beytləri ilə əlaqələndirərək Sasani və
Nizamülmülk ənənələrindəki paralellərlə müqayisə edir. Dövlət idarəçiliyində hərbi
qüvvə, bilikli vəzir və gəlir-xərci qeydiyyata alan katiblərin ayrı funksiyalar
daşımasını da izah edir (5910–5914-cü beytlər). Bu müqayisə “Qutadqu bilik”in əxlaqi
prinsiplərinin inzibati məsuliyyətdən ayrılmadığını göstərir.
İnalcık
ədalətin institusional həyata keçirilməsinə ayrıca diqqət yetirir. Onun
izahında Sasani və islam idarəçilik ənənələrində Məzalım divanı, Darül-ədl və
Divan-i ali adlandırılan şikayət dinləmə təsisatları hökmdarın və ya ali
hakimiyyətin zülm və vəzifə sui-istifadələri barədə müraciətləri araşdırması ilə
bağlıdır. Nizamülmülkün “Siyasətnamə”sinə istinadla hökmdarın həftənin müəyyən
günlərində şikayətləri şəxsən dinləməsi ənənəsini xatırladır. (İnalcık, onlayn
mətn, “A” bölməsi, divanlar haqqında hissə.) Buradan “Qutadqu bilik”in
bilavasitə ayrıca məzalım divanı təsis etdiyi nəticəsini çıxarmaq olmaz.
İnalcık bu tarixdən ədalətin hökmdar səlahiyyəti və praktik idarəçilik kimi
izahı üçün müqayisəli kontekst yaradır.
Müəllif
“Qutadqu bilik”də Gündoğdu obrazının doğru qanunu və ədaləti təmsil etməsini
türk dövlətçilik ənənəsi ilə əlaqələndirir. Bu obraz vasitəsilə hakimiyyətin mənəvi
mahiyyəti və hüquqi əsası arasında əlaqə yaradılır. İnalcıkın şərhində hökmdar
yalnız idarəçilik səlahiyyətinə malik şəxs deyil, həm də qanunun qorunmasına və
ədalətlə tətbiqinə cavabdeh olan dövlət başçısıdır. Bu yanaşma əsərdə dövlətin
mövcudluğu ilə hüquqi-əxlaqi nizam arasında əlaqənin mühüm yer tutduğunu göstərir.
İnalcık Gündoğdu ilə yanaşı, digər üç əsas obrazın simvolik funksiyasını da
göstərir: Aydoldu dövləti (səadət və bəxti), Öydülmiş ağlı, Odqurmuş isə qənaəti
təmsil edir. Bu dörd anlayışın qarşılıqlı əlaqəsi əsərin yalnız hökmdara verilən
nəsihətlər toplusu deyil, idarəçilik və insan davranışına dair sistemli düşüncə
nümunəsi kimi anlaşılmasına xidmət edir (İnalcık, 1966).
Ədalət
anlayışının filoloji izahında İnalcık “könilik” sözünə xüsusi yer verir. O,
Reşid Rəhməti Aratın bu termini “doğruluq” kimi verdiyini xatırladaraq, 821-ci
beytin siyasi-hüquqi kontekstində “ədalət” mənasının daha münasib olduğunu
müdafiə edir. Beləliklə, Gündoğdunun təmsil etdiyi prinsipin sadəcə şəxsi
dürüstlük deyil, hökm və qanunun qərəzsiz tətbiqi kimi anlaşılmasına əsas
yaradır. Bununla yanaşı, “könilik” sözünün bütün mətn boyu yalnız bir
qarşılıqla tərcümə edilməli olduğunu iddia etmək olmaz: mənanın seçimi hər
konkret beytin konteksti əsasında qiymətləndirilməlidir (İnalcık, onlayn mətn,
“A” bölməsi, 821-ci beytə aid 25-ci qeyd.).
İnalcık
Gündoğdunun ədalət anlayışını izah edərkən 792-822-ci beytlərə də müraciət
edir. Üçayaqlı taxtın heç bir tərəfə əyilməməsi, hökmdarın insanları bəy və qul
olaraq fərqləndirmədən hökm verməsi və haqq axtaranın işini ləngitməməsi
qanunun qərəzsiz tətbiqini ifadə edir. Bu nümunələrdə ədalət yalnız mənəvi
keyfiyyət kimi deyil, hökmdarın bütün təbəələrə eyni hüquqi meyarlarla
yanaşması prinsipi kimi təqdim olunur (İnalcık, 1966, A bölməsi, 792–822-ci
beytlər).
İnalcık
qədim türk dövlətçilik düşüncəsində törü anlayışının rolunu Orxon abidələrindəki
məlumatlarla da müqayisə edir. O, Bumin xaqan, İltəriş xaqan və Bilgə xaqanla
bağlı yazılı qaynaqlarda dövlətin qurulması, xalqın birləşdirilməsi, ictimai
nizamın bərpası və qanunun qorunması haqqında fikirlərə müraciət edir. Müəllifin
qənaətinə görə, bu tarixi ənənə “Qutadqu bilik”də yeni siyasi və əxlaqi məzmunla
davam etdirilmişdir. Yusif Has Hacibin əsəri qədim türk dövlətçilik düşüncəsinin
islam dövründəki inkişafını öyrənmək üçün mühüm qaynaq kimi səciyyələndirilir.
İnalcık
Yusif Has Hacibin türk dövlətçilik ənənəsinə verdiyi əhəmiyyəti göstərmək üçün əsərin
267-ci beytinə də müraciət edir. Həmin beytdə türk bəylərinin dünya hökmdarları
arasında üstün mövqeyi vurğulanır. Alim bu nümunəni əsərdəki qədim türk siyasi
düşüncəsinin özünəməxsusluğunu əsaslandıran dəlillərdən biri kimi təqdim edir
(İnalcık, 1966, B bölməsi, 267-ci beyt).
İnalcıkın
təhlilində “törü”nün hüquqi mənşəyi də mühüm yer tutur. Onun izahına görə, qədim
türk cəmiyyətində ictimai-siyasi münasibətləri tənzimləyən adət hüququ -
“yosun” - dövlət qurucusu xaqanın iradəsi ilə “törü” şəklini alır. Xaqan öz
hökmlərini bu qaydalara əlavə etməklə dövlət nizamını formalaşdırır. Bununla
belə, “törü” yalnız hökmdarın sərbəst iradəsi deyil, onun özünü də bağlayan
obyektiv hüquq normalarının məcmusudur. İnalcık “kut”u ilahi mənşəli hakimiyyətlə
əlaqələndirir və türk dövlətçilik ənənəsində onu “törü”dən ayrılmaz sayır
(İnalcık, 1966, B bölməsi). Bu münasibətin xüsusi ifadəsini İnalcık “Qutadqu
bilik”in 454-cü beytində görür. Beytin onun tərəfindən verilən mənasına görə,
hökmdarlıq yaxşı olsa da, qanun ondan daha yaxşıdır və onu düzgün tətbiq etmək
lazımdır. Həmin fikir dövlət hakimiyyətinin yalnız hökmdarın şəxsi iradəsinə
deyil, hüquqi nizama da bağlı olduğunu göstərir. İnalcık 355 və 5285-ci beytlərdəki
fikirləri də bu mövqenin əsaslandırılması üçün istifadə edir (İnalcık, 1966, B
bölməsi, 454-cü beyt).
İnalcık
“törü” anlayışını yalnız Orxon abidələrindəki örnəklərlə məhdudlaşdırmır. O,
Oğuz xaqan ənənəsində qanun qoyma təsəvvürünü, Bumin xaqanın dövlət quruculuğunu,
İltəriş xaqanın nizamı bərpa etməsini və Bilgə xaqanın ölkə ilə “törü”nü
birlikdə xatırlatmasını eyni müqayisəli çərçivəyə gətirir. Sonra Səlcuq
hökmdarları ilə oğuz tayfaları arasındakı gərginliyin mümkün izahlarından biri
kimi adət hüququ ilə İran tipli hökmdarlıq anlayışının toqquşmasını ehtimal
edir. Osman Qazi, Fateh Sultan Mehmed və Qanuni Sultan Süleymanla əlaqələndirilən
qanunvericilik nümunələrini də tarixi davamlılıq mülahizəsi çərçivəsində təqdim
edir. Bu əlaqələr İnalcıkın tarixşünaslıq şərhidir. Müxtəlif dövrlərin hüquqi
quruluşlarının tam eyni olması mənasında qəbul edilməməlidir. (İnalcık, onlayn
mətn, “B. Kutadgu Bilig’de Türk Devlet Geleneği”).
İnalcık
Çingiz xanın “Yasa”sını mahiyyət etibarilə türk dövlətlərindəki törü ənənəsinin
davamı kimi səciyyələndirir. Bu, alimin tarixi-hüquqi müqayisə əsasında irəli
sürdüyü mövqedir. Fərqli dövrlərdəki hüquq sistemlərinin eyniliyi barədə müstəqil
və qəti nəticə kimi deyil, məhz İnalcıkın elmi qənatəi kimi təqdim edilməlidir.
Alimin mühüm qənaətlərindən biri də budur ki, “Qutadqu bilik”də qədim türk dövlətçilik
düşüncəsi Hind-İran siyasi ənənələrindəki ədalət anlayışına özünəməxsus məzmun
qazandırmışdır. İnalcıkın müqayisəli təhlilinə görə, qədim Hind-İran siyasi nəsihətnamələrində
ədalətli idarəçilik əsasən hökmdarın şəxsi mənəvi keyfiyyətləri - insaflılığı,
mülayimliyi və bağışlamaq qabiliyyəti ilə əlaqələndirilir. Bu ənənədə siyasi
idarəçilik əxlaqdan ayrılmaz hesab olunur və ədalətin təmin edilməsi hökmdarın
fərdi davranışından əhəmiyyətli dərəcədə asılıdır. “Qutadqu bilik”də isə qədim
türk dövlətçilik ənənəsinin təsiri ilə ədalətin hüquqi əsası, xüsusilə törünün
düzgün və qərəzsiz tətbiqi ön plana çıxır. Beləliklə, İnalcıkın müqayisəli təhlili
əsərdə ədalətin yalnız hökmdarın mənəvi keyfiyyəti deyil, həm də dövlət
hakimiyyətini tənzimləyən hüquqi prinsip kimi əhəmiyyətini üzə çıxarır.
(İnalcık, 1966, B bölməsi).
Tədqiqatda
xalqın rifahının təmin edilməsi məsələsi də xüsusi yer tutur. İnalcık qədim
türk xaqanlarının xalqı qorumaq, onun maddi ehtiyaclarını ödəmək və yoxsulluğun
qarşısını almaq vəzifəsini dövlətçilik ənənəsinin mühüm xüsusiyyətlərindən biri
kimi qiymətləndirir. O, bu prinsipin “Qutadqu bilik”də daha geniş ictimai məzmun
qazandığını göstərir. Əsərin 5560-5567-ci beytlərinə əsaslanan alim Yusif Has
Hacibin cəmiyyəti varlı, orta vəziyyətli və yoxsul təbəqələrə ayırdığını,
hökmdarın ilk növbədə yoxsulları himayə etməli, varlıların iqtisadi yükünün
orta təbəqənin üzərinə qoyulmasına yol verməməli və elə şərait yaratmalı
olduğunu bildirir ki, yoxsullar orta rifah səviyyəsinə yüksəlsin, orta vəziyyətlilər
isə varlansınlar. İnalcıkın bu məsələyə dair qənaəti xüsusilə diqqətəlayiqdir.
Onun fikrincə, Yusif Has Hacib xalqın rifahı və dövlətin iqtisadi qüdrəti
haqqında Hind-İran siyasi düşüncəsində formalaşmış təsəvvürlərlə türk dövlətçilik
ənənəsindəki xalqı qoruma prinsipini uzlaşdırmışdır. Bu yanaşma “Qutadqu
bilik”də sosial məsuliyyətin yalnız hökmdarın fərdi xeyirxahlığı kimi deyil,
dövlət idarəçiliyinin mühüm vəzifəsi kimi başa düşüldüyünü göstərir.
İnalcık
xalqın rifahı məsələsini təhlil edərkən “Qutadqu bilik”də dövlətin iqtisadi
qüdrətinin təmin olunması ilə sərvətin bölüşdürülməsi arasında əlaqəyə də diqqət
yetirir. Alim göstərir ki, əsərin 5459-5464-cü beytlərində xəzinənin hakimiyyətin
maddi dayağı kimi əhəmiyyəti vurğulanır. Bununla yanaşı, 5479-5490-cı beytlərdə
Öydülmiş hökmdara xəzinəsini açmağı, sərvətini paylamağı və ətrafındakı
insanları məmnun etməyi tövsiyə edir. Əsərin 2050-2056-cı beytlərində isə
hökmdarın səxavətli olması, sərvətini bölüşdürməsi və insanları yedirib-içirməsi
onun nüfuzunun artması, ətrafında döyüşçülərin toplanması və hərbi qüdrətinin
möhkəmlənməsi ilə əlaqələndirilir. İnalcıkın müqayisəli təhlilində bu fikirlər
xəzinənin toplanması ilə onun hakimiyyətin möhkəmləndirilməsi məqsədilə istifadə
olunması arasındakı münasibəti əks etdirir (İnalcık, 1966, B bölməsi).
Xalqın
rifahı mövzusunu İnalcık toy və ümumi süfrə ənənəsi ilə də əlaqələndirir. O, qədim
türk hökmdarının xalqı yedirtmək, geyindirmək və onun maddi ehtiyaclarını təmin
etmək vəzifəsini Orxon abidələrinə əsaslanaraq izah edir. Alim bu ənənənin
sonrakı türk dövlətlərində müxtəlif formalarda davam etdiyini Nizamülmülkün,
İbn Bəttutənin əsərlərinə və Osmanlı tarixçilərinin məlumatlarına istinadla göstərir.
Onun təhlilinə görə, toy ənənəsi bütün tarixi dövrlərdə eyni sosial funksiya
daşımamış, İran dövlətçilik təsirinin üstünlük təşkil etdiyi bəzi mühitlərdə
daha çox simvolik xarakter almışdır. Bununla belə, Mərkəzi Asiya türk cəmiyyətlərində
həmin ənənə öz əhəmiyyətini qoruyub saxlamışdır. İnalcıkın qənaətinə görə,
Qaraxanlılar dövlətində şəhər həyatına əsaslanan ictimai-siyasi quruluş şəraitində
bu ənənə “Qutadqu bilik”də daha geniş məzmun qazanmışdır. Belə ki, əsərin
5560-5567-ci beytlərində cəmiyyətin varlı, orta vəziyyətli və yoxsul təbəqələrə
ayrılması, yoxsulların himayə edilməsi, orta təbəqənin yoxsullaşmasının
qarşısının alınması və əhalinin maddi rifahının yüksəldilməsi hökmdarın mühüm vəzifələri
kimi təqdim olunur. İnalcıkın bu müqayisəsi qədim türk dövlətçilik ənənəsində
xalqın maddi ehtiyaclarının təmin edilməsi prinsipinin “Qutadqu bilik”də şəhər
cəmiyyətinin sosial-iqtisadi münasibətlərinə uyğun olaraq daha geniş məzmun
qazandığını göstərir (İnalcık, 1966, B bölməsi, toy ənənəsi və 5560-5567-ci
beytlər).
İnalcıkın
tədqiqatı “Qutadqu bilik”in pedaqoji məzmununun öyrənilməsi baxımından da əhəmiyyətlidir.
Hərçənd müəllif əsəri bilavasitə pedaqoji tədqiqat obyekti kimi araşdırmır,
onun müəyyənləşdirdiyi siyasi və əxlaqi prinsiplərdən çıxış edərək şəxsiyyətin
mənəvi tərbiyəsi, bilik və davranışın vəhdəti, ictimai məsuliyyət və ədalətli
münasibət kimi məsələləri pedaqoji müstəvidə təhlil etmək mümkündür. Bu
baxımdan hökmdarın bilikli, ağıllı və mənəvi cəhətdən kamil olması haqqında tələblər
yalnız dövlət başçısının vəzifə keyfiyyətləri ilə məhdudlaşmır. Həmin tələblər
insanın öz davranışını idarə etməsi, başqalarına münasibətdə ədalətli olması və
ictimai məsuliyyət daşıması kimi daha geniş tərbiyəvi məzmun daşıyır. Belə bir
yanaşma “Qutadqu bilik”də biliklə əxlaqın, fərdi kamilliklə ictimai rifahın
qarşılıqlı əlaqəsini araşdırmaq üçün nəzəri zəmin yaradır.
Burada
pedaqoji nəticəni siyasi tarix haqqında müəllif mülahizəsindən fərqləndirmək zəruridir.
İnalcıkın birbaşa araşdırdığı məsələ dövlətçilik ideyalarının mənşəyi və tarixi
inkişafıdır. “Toy” ənənəsindən paylaşma və ictimai həmrəylik tərbiyəsi,
“könilik”dən hüquqi-əxlaqi məsuliyyət, hökmdarın şikayət dinləməsindən isə ədalətli
münasibət və hesabatlılıq kimi pedaqoji nəticələr çıxarmaq bu mətnin müəllifinə
məxsus analitik şərhdir. Buna görə bu nəticələr İnalcıkın sözbəsöz mövqeyi kimi
təqdim edilməməlidir.
Bununla
yanaşı, İnalcıkın irəli sürdüyü mülahizələrin elmi qiymətləndirilməsində müəyyən
metodoloji məqamlar nəzərə alınmalıdır. Əvvəla, “Qutadqu bilik”lə Hind-İran
siyasi-əxlaqi mətnləri arasında ideya oxşarlıqlarının mövcudluğu hər bir halda
birbaşa ədəbi təsirin sübutu kimi qəbul edilməməlidir. Belə əlaqələrin müəyyənləşdirilməsi
üçün tarixi-mədəni təmaslarla yanaşı, mətnoloji uyğunluqların və anlayışların məna
xüsusiyyətlərinin ayrıca araşdırılması vacibdir.
Digər
tərəfdən, qədim türk və İran dövlətçilik ənənələri arasındakı fərqlər mütləq
qarşıdurma kimi qiymətləndirilməməlidir. Hər iki mədəniyyətdə ədalət, qanun,
hökmdarın mənəvi məsuliyyəti və xalqın rifahı haqqında təsəvvürlərin mövcudluğu
nəzərə alınmalıdır. İnalcıkın müqayisəli yanaşmasının əhəmiyyəti də məhz müxtəlif
siyasi ənənələr arasında oxşarlıqların və fərqli vurğuların müəyyənləşdirilməsindədir.
Məqalənin diqqətəlayiq cəhətlərindən biri müəllifin “Qutadqu bilik”i türk mədəniyyətinin
davamlılığını göstərən mühüm qaynaq kimi qiymətləndirməsidir. İnalcık əsərin məzmununda
başqa mədəniyyətlərin təsirini müəyyənləşdirməklə yanaşı, onun türk dilində
yaradılmış siyasi-fəlsəfi düşüncə nümunəsi kimi əhəmiyyətini də vurğulayır.
Alim Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri ilə birlikdə “Qutadqu
bilik”i islam mədəniyyəti dairəsinə daxil olmuş türk cəmiyyətlərində qədim Mərkəzi
Asiya türk mədəniyyətinin davamlılığını araşdırmaq üçün zəngin mənbələrdən biri
hesab edir.
Mədəni
təsirin mümkün ötürülmə yolları da ayrıca qiymətləndirilməlidir. İnalcık
Qaraxanlıların Samanilərin güclü İran mədəni ənənəsi ilə təmasda olduğunu göstərməklə
yanaşı, uyğur yazılı mühitində Sanskrit dilindən türk dilinə edilmiş tərcümələrin
mümkün rolunu da qeyd edir. Onun ehtimalına görə, Hind siyasi ideyalarının bir
qismi yalnız İran vasitəsilə deyil, uyğur mədəniyyəti yolu ilə də tanınmış ola
bilərdi. Lakin bu ehtimal konkret bir mətnin Yusif Has Hacib tərəfindən
oxunduğunu sübuta yetirmir. Müəllifin vurğuladığı başqa bir xüsusiyyət isə
“Qutadqu bilik”in abstrakt siyasi-fəlsəfi mövzularını azsaylı ərəb-fars mənşəli
terminlər istisna olmaqla zəngin türk dili vasitələri ilə ifadə etməsidir.
(İnalcık, onlayn mətn, “A” bölməsinin sonu.)
Halil
İnalcıkın “Qutadqu bilik” haqqında tədqiqatı əsərin tarixi-fəlsəfi mahiyyətinin
və ideya qaynaqlarının öyrənilməsinə mühüm elmi töhfədir. Onun müqayisəli təhlili
göstərir ki, Yusif Has Hacibin əsərində qədim türk dövlətçilik ənənələri ilə
Hind-İran siyasi-əxlaqi düşüncəsi arasında mürəkkəb ideya əlaqələri mövcuddur.
Bu əlaqələr əsərin orijinallığını inkar etmir, əksinə, müxtəlif intellektual ənənələrin
türk dilində yeni məzmun və sistem daxilində ifadə olunması baxımından onun
elmi-fəlsəfi əhəmiyyətini daha geniş müstəvidə qiymətləndirməyə imkan yaradır.
İnalcık
məqaləsinin sonunda “Qutadqu bilik”lə Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərini
islam mədəniyyəti çevrəsinə daxil olmuş türk toplumlarında qədim Mərkəzi Asiya
mədəni irsinin davamını araşdırmaq üçün xüsusilə zəngin qaynaqlar hesab edir.
Bu fikirdən çıxan gələcək tədqiqat vəzifəsi yalnız mətnlərdə oxşar ifadələri
toplamaq deyil, siyasi terminləri, ictimai təsisatları, hüquq və idarəçilik
anlayışlarını tarixi mühitlərinə görə müqayisə etməkdir. Belə yanaşma əsərin mənşəyini
tək bir təsir mənbəyinə bağlamadan, onun çoxqatlı intellektual quruluşunu daha əsaslı
izah etməyə kömək edə bilər. (İnalcık, onlayn mətn, məqalənin nəticə hissəsi.)
İnalcıkın
tədqiqat nəticələri “Qutadqu bilik”də şəxsiyyət və mənəvi tərbiyə, dövlətçilik
düşüncəsi, ağıl və bilik, sosial məsuliyyət və ədalət prinsiplərinin daha dərindən
araşdırılması üçün də mühüm nəzəri əsas təşkil edir. Xüsusilə kut, törü, ədalət
və xalqın rifahı anlayışlarının qarşılıqlı əlaqəsi əsərdə ifadə olunan türk
pedaqoji düşüncəsinin tarixi-fəlsəfi əsaslarının müəyyənləşdirilməsi istiqamətində
yeni araşdırma imkanları yaradır.
Mənbə,
istinad və redaktə qeydi: Halil İnalcık, “Kutadgu Bilig’de Türk ve İran Siyaset
Nazariye ve Gelenekleri”, 1966; istifadə edilən elektron mətn:
https://www.kirmizilar.com/kutadgu-bilig-de-turk-ve-iran-siyaset-nazariye-ve-gelenekleri/
(baxış: 14.11.2026). Elektron mətndə ilkin nəşrin səhifə sərhədləri göstərilmədiyinə
görə əlavələrdə dəqiq çap səhifəsi deyil, məqalənin bölməsi və beyt nömrələri
göstərilmişdir. Məqalə Şirvan şəhər 11№-li tam orta ümumtəhsil məktəbinin müəllimi,
tarixçi Seyyub Əsədov tərəfindən redaktə edilmişdir.
Böyükağa Mikayıllı,
Təhsil
tədqiqatçısı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər
və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktor əvəzi.
Kautiliya (Kautilya) - qədim Hindistanın siyasi mütəfəkkiri və dövlət
idarəçiliyi nəzəriyyəçisi Çanakyanın digər adıdır. O, ənənəvi olaraq dövlətçilik,
iqtisadiyyat, hüquq və idarəçilik məsələlərindən bəhs edən “Arthaşastra” əsərinin
müəllifi hesab olunur. Kautiliyanın siyasi düşüncəsində dövlətin yeddi əsas
ünsürü, hökmdarın vəzifələri, qanunun aliliyi, ədalətli idarəçilik və xalqın
rifahının qorunması mühüm yer tutur. Halil İnalcık “Qutadqu bilik”i təhlil edərkən
Kautiliyanın adı ilə bağlı siyasi nəzəriyyəyə müraciət edərək qədim Hind dövlətçilik
düşüncəsi ilə Yusif Balasaqunlunun əsərindəki idarəçilik prinsipləri arasında
ideya paralellərini göstərir.
Mənbə: https://525.az/news/343624-halil-inalcik-qutadqu-bilik-haqqinda
P.S. Hörmətli “525-ci qəzet”in rəhbərliyi
və dəyərli müəllif Böyükağa Mikayıllı!
Halil İnalcıkın “Qutadqu bilik”
haqqında elmi araşdırmasının oxuculara təqdim edilməsinə, məqaləyə göstərilən
diqqətə və zəhmətə görə Sizə səmimi təşəkkürümü bildirirəm.
Elmi irsin yaşadılması, tarixi biliklərin
təbliği və maarifçilik fəaliyyətinizdə uğurlar arzulayıram!


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)