Azərbaycan
Elm Mərkəzi dünyaya açılan zəka qapısıdır
Müsahibimiz
qurumun yaradıcısı Mübariz Hüseynovdur
Azərbaycan
elminin beynəlxalq akademik məkanda layiqli təmsil olunması, alimlərimizin tədqiqatlarının
nüfuzlu elmi bazalarda indeksləşdirilməsi və yerli elmi nəşrlərin dünya
standartlarına uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə Azərbaycan
Elm Mərkəzinin (AEM) fəaliyyəti diqqətəlayiqdir. Mərkəz elmi məqalə və
kitabların nəşrə hazırlanması, DOI kodunun verilməsi, beynəlxalq indeksləşmə və
akademik əməkdaşlığın genişləndirilməsi sahəsində xidmətlər göstərərək milli
elmi potensialın dünya elmi ictimaiyyətinə tanıdılmasına töhfə verir. Mərkəzin
təsisçisi, tədqiqatçı Mübariz Hüseynovla söhbətimiz də bu barədədir.
–
Mübariz müəllim, söhbətimizə ümumi bir sualla başlamaq istərdik. Azərbaycan
elminin dünya miqyasında tanıdılması dedikdə, nəyi nəzərdə tutursunuz? Bu
istiqamətdə hansı addımlar atılmalıdır?
–
Azərbaycan elminin beynəlxalq miqyasda tanıdılması yalnız alimlərimizin xarici
jurnallarda məqalələrinin dərc olunması demək deyil. Əsas məqsəd ölkəmizdə
aparılan elmi tədqiqatların beynəlxalq elmi ictimaiyyət üçün əlçatan olması,
öyrənilməsi, istinad mənbəyinə çevrilməsi və dünya elminə töhfə verməsidir.
Bunun üçün tədqiqatların keyfiyyətinin yüksəldilməsi, elmi nəşrlərin beynəlxalq
standartlara uyğunlaşdırılması, xarici dildə akademik ünsiyyətin və beynəlxalq əməkdaşlığın
genişləndirilməsi vacibdir.
–
AEM-in fəaliyyətinin əsas istiqamətləri hansılardır?
–
Azərbaycan Elm Mərkəzinin fəaliyyəti elmi nəşriyyatçılıq və beynəlxalq akademik
əməkdaşlığın inkişafına yönəlib. Hazırda mərkəzdə elmin müxtəlif sahələrini əhatə
edən 8 beynəlxalq elmi jurnal nəşr olunur. Bununla yanaşı, Beynəlxalq Elmi
Kitabxana, Elmi Məqalələrin Beynəlxalq Platforması, DOI təyinatı və
“StrikePlagiarism” proqramı vasitəsilə plagiat yoxlanışı xidmətləri təqdim
edilir.
Mərkəz
elmi konfransların təşkili, xüsusi buraxılışların hazırlanması və tezis
toplularının nəşri ilə də məşğuldur. Əsas məqsədimiz, sadəcə, elmi məqalələri dərc
etmək deyil, onların beynəlxalq elmi dövriyyəyə daxil olmasına, tədqiqatçıların
əməkdaşlıq imkanlarının genişlənməsinə və Azərbaycan elminin dünya miqyasında
tanıdılmasına xidmət göstərməkdir.
–
Son illərdə elmi jurnallarda DOI kodu anlayışına tez-tez rast gəlirik. DOI nədir
və elmi məqalənin beynəlxalq səviyyədə tanıdılmasında hansı rolu oynayır?
–
DOI Azərbaycan dilində “Rəqəmsal Obyekt İdentifikatoru” deməkdir. Crossref təşkilatı
elmi məqalə, elmi kitab, tədqiqat materialı və digər rəqəmsal nəşrləri
internetdə dəqiq müəyyənləşdirmək və onlara davamlı keçid yaratmaq üçün istifadə
olunan bu kodu verərək elmi nəşrlər haqqında məlumatların rəqəmsal mühitdə
arxivləşdirilməsi və axtarışını asanlaşdırır. Onun əsas funksiyası elmi
materialın rəqəmsal mühitdə dəqiq müəyyənləşdirilməsi, tapılması və davamlı keçidin təmin edilməsidir.
DOI
vasitəsilə nəşrin müəllifi, adı, çap ili, jurnal və digər biblioqrafik məlumatlar
sistemləşdirilir. Bu isə tədqiqatçıların elmi mənbələrə düzgün istinad etməsini
və araşdırmalarda onlardan istifadəsini asanlaşdırır. AEM-də nəşr olunan
jurnalların məqalələrinə, elmi konfrans materiallarına, tezislərə və Beynəlxalq
Elmi Kitabxanaya qəbul edilən kitablara DOI təyin olunur. AEM-in bazasında fəaliyyət
göstərən Beynəlxalq Elmi Kitabxanaya qəbul edilən elmi kitablar da DOI:
10.36719 kodu ilə identifikasiya olunur.
–
AEM-in beynəlxalq elmi nəşriyyatçılıq sahəsində əldə etdiyi nəticələrdən
danışarkən “Crossref” ilə əməkdaşlığı qeyd etdiniz. Bu əməkdaşlığın tarixi və əhəmiyyəti
nədir?
–
AEM 2019-cu ildən “Crossref” təşkilatının üzvüdür. 2020–2024-cü illərdə ölkə
üzrə, 2024-cü ildən isə dünya üzrə rəsmi təmsilçilik hüququna malikdir. Bu ilin
iyununda “Crossref”dən aldığımız məlumata əsasən, mərkəz 8802 elmi məqalə və kitaba DOI təyin edib. Bu
göstərici Mərkəzin beynəlxalq elmi mühitdə fəal və davamlı fəaliyyətinin mühüm
nəticələrindəndir. “Crossref” sistemində bu rekord göstəricinin mövcudluğu mərkəzdə
dərc olunan məqalə və elmi kitabların beynəlxalq rəqəmsal mühitdə əlçatanlığını
artırır, onların dünya üzrə tədqiqatçılar və elmi axtarış sistemləri tərəfindən
aşkar edilməsinə, eləcə də elmi istinadlarda istifadə olunmasına şərait
yaradır, elmi nəşrlərin “itib-batmasının” qarşısı alınır.
–
Deməli, DOI kodu almaqla beynəlxalq elmi bazalarda indekslənmək eyni anlayış
deyil?
–
Bəli, bunlar fərqli anlayışlardır. DOI nəşrin identifikasiyasını və ona istinadı
təmin edir. Beynəlxalq bazalarda indeksləşmə isə jurnalların xüsusi elmi
keyfiyyət və nəşr meyarlarına uyğunluğundan asılıdır. Buna görə müəlliflər məqalə
göndərməzdən əvvəl jurnalın indekslənmə vəziyyətini müvafiq bazaların rəsmi
saytlarından yoxlamalı, reklam məlumatlarına deyil, təsdiqlənmiş göstəricilərə əsaslanmalıdırlar.
–
Elmi jurnalların beynəlxalq indekslərdə təmsil olunması nə üçün bu qədər əhəmiyyətlidir?
–
Beynəlxalq indekslərdə təmsilçilik Azərbaycan alimlərinin tədqiqatlarının dünya
elmi ictimaiyyətinə çatdırılması, istinad imkanlarının genişlənməsi və elmi əməkdaşlığın
inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu platformalar vasitəsilə yerli tədqiqatlar
xarici alimlər üçün əlçatan olur, elmi nəticələrin tanınma imkanları artır.
Lakin
jurnalın nüfuzunu yalnız indekslərdə təmsil olunması ilə ölçmək olmaz. Burada
elmi məqalələrin keyfiyyəti, redaksiya siyasəti, obyektiv rəy prosesi, nəşr
etikası və beynəlxalq standartlara uyğunluq əsas meyarlardır. Başlıca məqsədimiz
formal göstəricilər əldə etmək deyil, Azərbaycan elmi nəşrlərinin beynəlxalq
etimad qazanmasına nail olmaqdır.
–
“Elmi iş” jurnalının beynəlxalq indeks bazalarına daxil olması barədə nə deyə
bilərsiniz? SCOPUS, ERIH PLUS, EBSCO və digər platformalarla bağlı fəaliyyətiniz
hansı istiqamətdə inkişaf edir?
–
AEM-in əsas prioritetlərindən biri elmi nəşrlərin beynəlxalq elmi
platformalarda təmsil olunmasıdır. Bu baxımdan mühüm nailiyyətimiz “Elmi iş”
Beynəlxalq Elmi Jurnalının bu ilin fevral ayından SCOPUS bazasına daxil edilməsidir.
Xüsusilə qeyd etmək istəyirəm ki, jurnal ölkəmizdə
SCOPUS-da
indekslənən ilk anadilli humanitar və ictimai elmlər üzrə multidisiplinar nəşrdir.
Bu uğur Azərbaycan elmi nəşriyyatçılığının beynəlxalq səviyyədə tanıdılması və
yerli elmi jurnalların nüfuzunun yüksəldilməsi baxımından əhəmiyyətli hadisədir.
–
Hazırda ölkədə fəaliyyət göstərən yüzlərlə elmi jurnalın çoxu heç bir beynəlxalq
elmi bazada yoxdur. Nə üçün?
– Əslində, bu sualın cavabını söyləyə bilərəm,
amma düşünürəm ki, ağır ittiham olar. Qısaca qeyd etmək istəyirəm ki, əgər bir
elmi jurnal heç bir indeks bazasına daxil deyilsə, belə jurnalları yalnız “ölü”
jurnal adlandırmaq olar. Təəssüf ki, belə jurnallarda yüzlərlə akademik keyfiyyətə
malik məqalələr itib-batmaqdadır.
Bir
məsələni də xüsusilə vurğulamaq istəyirəm ki, bu jurnalların adları onların beynəlxalq
olduğunu bildirsə də, lakin onların fəaliyyəti qeyd edilən məqsəd və əhatə dairəsi
ilə dəstəklənmir. Hesab edirəm ki, Azərbaycan elmi nəşriyyatçılığının
qarşısında duran əsas vəzifələrdən biri formal beynəlxalq statusdan daha çox,
real beynəlxalq elmi fəaliyyətə nail olmaqdır.
–
Bu sırada nəşrlərinizdən biri haqqında ayrıca danışmağınızı istərdik. Söhbət
“Elmi iş” Beynəlxalq Elmi Jurnalının bazasında 2023 və 2024-cü illərdə təşkil
etdiyiniz Zəngəzurun tarixi və coğrafiyasına həsr olunmuş beynəlxalq elmi
konfranslardan gedir.
–
Zəngəzurun tarixi və coğrafiyasına həsr olunmuş beynəlxalq elmi konfranslar
milli tarixi yaddaşımızın beynəlxalq akademik müstəvidə tanıdılması baxımından
mühüm layihələrimizdəndir. 2023-2024-cü illərdə təşkil olunan konfransların
materiallarında bölgənin tarixi, coğrafiyası, toponimləri, təbii sərvətləri və
maddi-mədəni irsinə həsr edilmiş 217 elmi məqalə toplanıb.
Bu
araşdırmalar Zəngəzurun Azərbaycan tarixindəki yerinin elmi mənbələr və faktlar
əsasında öyrənilməsinə xidmət edir. Xüsusilə vurğulamaq istərdim ki, “Zəngəzurun
tarixi və coğrafiyası” adlı beynəlxalq elmi konfransların materialları SCOPUS
beynəlxalq elmi məlumat bazasında indekslənib. Bu, tədqiqatların xarici alimlər
üçün əlçatanlığını və beynəlxalq elmi dövriyyədə iştirak imkanlarını genişləndirir.
Nəşrlərin
üz qabığında Azərbaycan bayrağının yerləşdirilməsi də xüsusi məna daşıyır. Bu, milli kimliyimizə və
dövlətçiliyimizə ehtiramın ifadəsidir. Əsas məqsədimiz Zəngəzurun tarixi ilə
bağlı həqiqətləri emosional mübahisələrdən kənar, sənədlər, tarixi mənbələr və
elmi təhlillər əsasında beynəlxalq ictimaiyyətə çatdırmaqdır. İnanırıq ki,
tariximizin elmi əsaslarla öyrənilməsi və təbliği gələcək tədqiqatlar üçün də zəmin
yaradır.
–
Azərbaycan elminin gələcəyi və dünya elminə inteqrasiya yolunda qarşıda hansı hədəflər
durur?
–
Azərbaycan elminin beynəlxalq miqyasda tanınması üçün elmi potensialımızı
müasir nəşriyyat standartları, rəqəmsal texnologiyalar və beynəlxalq əməkdaşlıq
imkanları ilə uzlaşdırmalıyıq. Əsas hədəfimiz keyfiyyətli tədqiqatların dəstəklənməsi,
elmi jurnalların nüfuzunun artırılması və alimlərimizin qlobal elmi
platformalarda daha fəal təmsil olunmasıdır. Eyni zamanda, milli elmi ənənələrimizi
qoruyaraq zəngin elmi irsimizi dünya ictimaiyyətinə təqdim etməliyik. İnanıram
ki, birgə səylərimiz Azərbaycan elminin beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm
töhfə verəcək.
–
Sizə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Mənbə:
https://xalqqazeti.az/az/musahibe/290075-azerbaycan-elm-merkezi-dunyaya-acilan


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)