Müəllimlərin geyimi ilə bağlı qaydalar ölkələr üzrə fərqlənir. Bəzi dövlətlərdə müəllimlər üçün konkret geyim forması və ya müəyyən geyim elementləri nəzərdə tutulduğu halda, digər ölkələrdə yalnız səliqəli və peşəkar görünüş tələb olunur. Bir sıra ölkələrdə isə bu məsələnin tənzimlənməsi məktəblərin və yerli təhsil qurumlarının səlahiyyətindədir.
Bəzi
ölkələrdə müəllimlərin geyimi ilə bağlı tələblər qanunvericilik və ya hökumət qərarları
ilə müəyyənləşdirilir, bəzilərində isə təhsil nazirliklərinin təlimatları və
daxili qaydaları əsas götürülür.
Fransa
Fransada
müəllimlər üçün konkret vahid geyim forması tətbiq edilmir. Bununla belə, dövlət
məktəblərində çalışan təhsil işçilərinin geyimi və xarici görünüşündə dünyəvilik
və neytrallıq prinsipi əsas götürülür. Fransa Təhsil Nazirliyinin məlumatına
görə, dövlət məktəblərində bütün əməkdaşlar ciddi neytrallıq öhdəliyinə
tabedir. Bu prinsip müəllimlərin öz dini və siyasi inanclarını vəzifələrini icra
edərkən nümayiş etdirməməsini nəzərdə tutur. Müəllim məktəbin dünyəviliyini
qorumaq məqsədilə öz geyimi, aksesuarları və ya digər görünüş elementləri vasitəsilə
dini və ya siyasi mövqeyini ifadə edə bilməz. Məsələn, müəllimin dini mənsubiyyətini
açıq şəkildə göstərən simvol və ya geyimdən istifadə etməsi dövlət məktəbindəki
neytrallıq öhdəliyi ilə ziddiyyət təşkil edə bilər.
Hindistan
Hindistanda
bütün müəllimlər üçün ölkə üzrə vahid geyim forması tətbiq edilmir. Geyim
qaydaları ştatlardan və məktəb sistemlərindən asılı olaraq dəyişə bilər. Məsələn, Himachal Pradesh ştatında
2026-cı ildə qəbul edilmiş qaydalarda müəyyən dövlət məktəblərində müəllimlər və
şagirdlər üçün geyim formasının standartlaşdırılması nəzərdə tutulub. Qaydalara əsasən, hökumətlə razılaşdırmaqla
məktəblərdə müəllim və şagirdlər üçün uniformanın müəyyən edilməsi mümkündür.
Bu geyimlər yay, qış və idman geyimi olmaqla müxtəlif kateqoriyalara bölünə bilər.
Qaydalarda geyimin rəng kombinasiyası və məktəb loqosu kimi elementlərin də
olması nəzərdə tutulur.
Malayziya
Malayziyada
müəllimlərin məktəbdə iş zamanı geyimi Təhsil Nazirliyinin ayrıca təlimatı ilə
tənzimlənir. “Garis
Panduan Pakaian Guru Ketika Bertugas Di Sekolah” adlı sənəddə müəllimlərin iş
zamanı səliqəli və peşəkar görünüşə malik olması ilə bağlı tələblər müəyyən
edilir. Təlimatda kişi müəllimlər üçün uzun
şalvar və köynək kimi geyimlər nəzərdə tutulur. Qalstukdan istifadə də təşviq
edilir. Bununla yanaşı, Malayziyanın ənənəvi kişi geyimlərindən biri olan “Baju
Melayu” da müəllimlər üçün qəbul edilən geyim variantlarından biri kimi göstərilir. Sənəd müəllimlərin müxtəlif rəsmi və
məktəb tədbirlərində hansı geyimlərdən istifadə edə biləcəyinə dair daha
konkret istiqamətlər verir.
Birləşmiş
Ərəb Əmirlikləri
BƏƏ-də
müəllimlər üçün konkret vahid uniformadan daha çox peşəkar görünüş standartı tətbiq
olunur.
Təhsil
Nazirliyinin “Code of Conduct for Education Professionals” sənədində təhsil
işçilərindən təmiz, səliqəli, iş mühitinə uyğun geyim tələb edilir. Geyim ölkənin
mədəni və ictimai dəyərlərinə hörmət etməli və təhsil işçisinin peşəkar
statusuna uyğun olmalıdır.
Türkiyə
Türkiyədə
müəllimlərin geyimi ilə bağlı diqqətçəkən nümunələrdən biri müəllim xalatıdır. Milli Təhsil Nazirliyi 2026-cı ildə
“Öğretmen Önlüğü Standartları Kılavuzu”nu hazırlayaraq müəllim xalatının
standartlarını müəyyən edib. Nazirliyin
məlumatına görə, xalat müəllimlərin peşəkar görünüşünü dəstəkləmək və məktəb
mühitində müəllimlərin rolunu daha aydın şəkildə ifadə etmək məqsədi daşıyır.
Müəllim
xalatının tətbiqi 2023 -2024-cü tədris ilində gündəmə gətirilib və sonrakı illərdə
standartları müəyyənləşdirilib. 2026 -2027-ci tədris ili ilə bağlı göstərişlərdə
də müəllimlərin vəzifələrini yerinə yetirərkən önlükdən istifadə etməsi nəzərdə
tutulur.
ABŞ
ABŞ-də
müəllimlər əsasən işgüzar gündəlik üslubda geyinirlər. Məktəb qaydalarında müəllimlərdən
peşəkar görünüş tələb edilsə də, bu, mütləq kostyum və qalstuk demək deyil. Məktəbdə köynəksiz idman üslubu,
şort, idman kostyumu, çox açıq və ya cırılmış geyimlər ümumiyyətlə, uyğun hesab
edilmir. ABŞ-dəkı başqa bir məktəb dairəsində
isə kişi müəllimlərin klassik şalvar, yaxalı köynək və səliqəli ayaqqabı, qadın
müəllimlərin don, yubka, şalvar, köynək və ya sviter nümunə geyinməsi tələb
edilir. Lakin qalstuk məcburi deyil. Cins şalvara isə həftənin son iş günündə
icazə verilir.
Finlandiya
Finlandiyada
müəllimlərin geyimində daha sərbəst və praktik yanaşma müşahidə olunur. Ölkədə
müəllimlər üçün forma tələb edilmir, lakin hər bir məktəb özü geyimlə bağlı
qaydaların tətbiqində sərbəstdir.
Almaniya
Almaniyada
da müəllimlər üçün konkret forma yoxdur. Amma burada müəllimlərin gündəlik
görünüşü daha çox səliqəli və peşəka olmalıdır. Kişi müəllimlərin klassik və ya
gündəlik üslübda şalvar, köynək, sviter və pencək, qadın müəllimlərin isə şalvar,
köynək, sviter, don və ya yubka kimi geyimlər geyinməsinə daha çox rast gəlinir.Almaniyada
geyimlə bağlı hüquqi müzakirələr daha çox dini simvollar ətrafında aparılıb.
Federal qanunvericilikdə dövlət qulluqçularının görünüşünə dair müəyyən məhdudiyyətlər
nəzərdə tutula bilər.
Böyük
Britaniya
Böyük
Britaniyada, xüsusilə İngiltərədə də müəllimlər üçün vahid forma yoxdur. Buna
görə müəllimlər məktəblərdə əsasən öz peşəkar geyimlərini seçirlər. Praktikada
klassik şalvar və köynək, bluz, don, yubka, pencək və sviter kimi geyimlər
professional məktəb görünüşünün bir hissəsidir.
Beynəlxalq
təcrübə göstərir ki, müəllimlərin geyiminin tənzimlənməsi müxtəlif formalarda həyata
keçirilir. Bu səbəbdən beynəlxalq müqayisədə “müəllimlər üçün geyim qaydası”
ifadəsi müxtəlif məna daşıyır: bəzi ölkələrdə bu, konkret uniforma, digərlərində
peşəkar geyim standartı, başqa ölkələrdə isə məktəbin daxili qaydalarıdır.
Mənbə:
https://muallim.edu.az/olkelerde-muellimlerin-geyimi-ile-bagli-hansi-qaydalar-var
P.S. tərəfimdən verilmiş şəkillər Sİ-yə məxsusdur.




UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)