Süni
intellektin təhsil prosesinə inteqrasiyası şagird və tələbələr üçün yeni
imkanlar yaratmaqla yanaşı, onların düşünmə və öyrənmə vərdişləri ilə bağlı müəyyən
suallar da doğurur. Bu texnologiyalar mürəkkəb mövzuların daha asan mənimsənilməsinə,
məlumatların sürətli əldə edilməsinə və tapşırıqların yerinə yetirilməsinə kömək
edir.
Bəs
hazır cavablara asanlıqla çatmaq imkanı təhsilalanların müstəqil araşdırma
aparmaq, təhlil etmək və nəticə çıxarmaq bacarıqlarına necə təsir göstərir?
Mövzu
ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Pekin Pedaqoji Universitetinin təhsil
texnologiyaları üzrə tədqiqatçısı Murad Əliyev bildirib ki, təhsilin məqsədi
yalnız tapşırığı düzgün yerinə yetirmək deyil, onun həllini başa düşmək və öyrənilənləri
başqa vəziyyətdə tətbiq etməkdir. Müstəqil düşünmə haqqında danışarkən süni
intellektdən istifadənin özündən çox, şagirdin hansı qərarları özü verdiyinə
baxmaq lazımdır. Son illərdə aparılan tədqiqatlar da texnologiyanın köməyi ilə əldə
olunan yüksək nəticə ilə insanın qazandığı bacarığın həmişə eyni olmadığını
göstərir.
Hamsa
Bastani və həmkarlarının (2025) riyaziyyat üzrə araşdırmasında çatbotdan
istifadə edən şagirdlər dərsdə verilən tapşırıqları daha yaxşı yerinə yetirmişlər.
Lakin sonradan süni intellektdən istifadə etmədən imtahan verərkən onların nəticələri
bu vasitədən istifadə etməyən şagirdlərin nəticələrindən aşağı olub. Hazır həlli
vermədən şagirdi istiqamətləndirmək üçün hazırlanmış başqa alətdə isə bu mənfi
təsir əsasən aradan qalxıb.
Ekspert
bildirib ki, Qlikman və Şarotun 2025-ci ildə apardığı digər bir eksperimentdə
süni intellektin insanın mühakimələrinə təsiri araşdırılıb və sistemdəki müəyyən
səhvlərin onunla ünsiyyətdən sonra iştirakçıların qərarlarında da artdığı müəyyən
edilib:
“Lakin
düzgün işləyən sistemlə ünsiyyət mühakimələri yaxşılaşdıra bilmişdir. Deməli,
problem sadəcə texnologiyaya etibar etmək deyil, bu etibarın hansı əsasla
yaranmasıdır. Şagirdin sistemlə razılaşması da özlüyündə asılılıq
sayılmamalıdır; əsas məsələ onun bu razılığı dəlillə və öz sözləri ilə izah edə
bilməsidir. Şagird doğru izahla yanlış izahı ayırmaq üçün biliyə malik deyilsə,
ondan “cavabı yoxlamağı” istəmək kifayət etməz. Belə halda yoxlama tapşırığı
müstəqil düşünmədən çox şagirdin hələ öyrənmədiyi biliyi tələb edər. Müəllim əvvəlcə
meyarları nümunələrlə açıqlamalı, sonra şagirdin həmin meyarlarla qərar verməsinə
şərait yaratmalıdır.
Bu
məsələ müəllimin süni intellektlə hazırladığı dərsə də aiddir. Plan səbəbləri
sadalayır, onları müqayisə edir və nəticəni təqdim edirsə, şagirdin iştirakı
hazır izahı mənimsəməklə məhdudlaşa bilər. Halbuki məqsəd səbəb əlaqəsi
qurmaqdırsa, həmin əlaqəni müəyyənləşdirmək işini şagird görməlidir. Burada
texnologiyanın rolu birbaşa deyil: sistem plan hazırlayır, müəllim onu qəbul
edir, bu seçim isə şagirdin görəcəyi işi müəyyənləşdirir. Beləliklə, şagird özü
sistemdən istifadə etmədən də düşünmək imkanının azaldığı dərsdə iştirak edə
bilər. Bu, süni intellektin qaçılmaz təsiri deyil, planın necə qəbul olunması
ilə bağlı yoxlanmalı ehtimaldır; eyni problem müəllimin özü hazırladığı dərsdə
də yarana bilər”.
M.
Əliyevin sözlərinə görə, yüksək təfəkkür səviyyələrinə yönələn dərsin
planlaşdırılmasında yardımın məzmunu ilə vaxtı birlikdə nəzərdən keçirilməlidir:
“Şagird
əvvəl öz izahını hazırlayırsa, sonrakı rəyi müqayisə edəcəyi mövqeyi olur.
Hazır izah əvvəl verildikdə isə son cavabın onun öz qənaəti, yoxsa təqdim
olunan fikrin təkrarı olduğunu ayırmaq çətinləşə bilər. Ancaq əvvəlcə müstəqil
cəhd tələb etmək də hər vəziyyətdə faydalı deyil. Mövzunu anlamayan şagirdə
ilkin izah lazımdır. Müəllim buna görə anlamaq üçün lazım olan köməklə şagirdin
özü araşdırmalı olduğu nəticəni fərqləndirməlidir.
Müəllim
təlimlərində belə fərqlərin hazır planlar üzərində araşdırılması daha məqsədli
müzakirə yarada bilər. Təhlilin əsas sualı “planda neçə fəaliyyət var?” deyil,
“bu fəaliyyətlərdə şagird hansı qərarı verir?” olmalıdır. Məsələn, iki hadisənin
hazır müqayisəsini oxumaqla mənbələr əsasında müqayisə aparmaq eyni işi tələb
etmir. Müəllim planı dəyişdirərkən lazımi məlumatı saxlayıb, həmin məlumatdan nəticə
çıxarmağı şagirdə tapşıra bilər. Əks halda, “fəal dərs” adı altında sadəcə yeni
sualların sayı arta, şagirdin özü verdiyi qərarların sayı isə dəyişməz qala bilər.
Belə təlim texniki istifadə bacarığını dərsin məqsədi ilə əlaqələndirər. Bu təklif
məlumatla tanış olmaqla onun əsasında yeni izah qurmağı fərqləndirən nəzəri
yanaşmaya söykənir. Müəllim təliminin nəticələri isə ayrıca araşdırılmalıdır”.Həmsöhbətimiz
vurğulayıb ki, planın dəyişdirilməsinin faydası şagirdin sonrakı müstəqil fəaliyyətinə
əsasən də qiymətləndirilməlidir:
“Şagird dərsdə əsaslandırılmış cavab versə belə, bu cavab müəllimin və sistemin davamlı yönləndirməsindən asılı ola bilər. Ona görə qiymətləndirmədə yeni materialla işləmək, seçimini izah etmək və bunu süni intellektdən istifadə etmədən bacarmaq yoxlanmalıdır. Burada yalnız düzgün nəticə deyil, həmin nəticəyə aparan yolun izahı da vacibdir; təsadüfi düzgün cavab anlayışı göstərməyə bilər. Müəyyən müddət sonra oxşar tapşırığın verilməsi öyrənilənlərin yadda qalıb-qalmadığını anlamağa kömək edər. Belə qiymətləndirmə müəllimin dərsi necə planlaşdırması ilə şagirdin müstəqil fəaliyyəti arasında əlaqəni araşdırmağa imkan verər. Süni intellektin faydası da onunla hazırlanmış cavabın keyfiyyətindən əlavə həmin dəstək olmadan görülən işdə axtarılmalıdır”.
Mənbə:



UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)