27 Sentyabr -Anım Günü

Bu gün Azərbaycan xalqı üçün çox mühüm və duyğulu bir tarixdən- 27 Sentyabr - Anım Günündən danışacağam.

Bəzi tarixlər var ki, onlar sadəcə təqvimdə qeyd olunan gün deyil. Belə tarixlər xalqın yaddaşında əbədi yaşayır. 27 Sentyabr da Azərbaycan xalqı üçün məhz belə tarixlərdəndir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizin böyük hissəsini azad etdi.

Amma bu Zəfərin çox ağır qiyməti oldu. Minlərlə hərbçimiz Vətən uğrunda şəhid oldu, yüzlərlə ailə öz doğmasını itirdi. Ona görə də 27 Sentyabrı yalnız müharibənin başlanğıcı kimi deyil, həm də Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ehtiram günü kimi dərk etməliyik.

Zəfərə aparan yol

Azərbaycanın 2020-ci ildə qazandığı Zəfər bir gündə qazanılmadı.  Bu Zəfərin arxasında uzun illər davam edən münaqişə, torpaqlarımızın işğalı, yüz minlərlə insanlarımızın  doğma yurdlarından didərgin düşməsi və böyük itkilər dayanırdı.

1990-cı illərin əvvəllərində Azərbaycanın bir sıra əraziləri işğal edildi. İnsanlarımız öz doğma evlərindən məcburi köçkün vəziyyətinə düşdülər.

Bu dövrün ən faciəli hadisələrindən biri Xocalı faciəsidir. 1992-ci il fevralın 26-da Xocalıda yüzlərlə günahsız dinc sakinlər (qocalar, qadınlar, uşaqlar)  öldürüldü. Bu faciə xalqımızın yaddaşında silinməz iz buraxdı.

İllər ərzində problemin həlli üçün beynəlxalq səviyyədə danışıqlar aparıldı. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması tələb olunurdu. Lakin bu qətnamələrin icrası uzun müddət təmin edilmədi.

2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hadisələr göstərdi ki, düşmən öz bildiyindən əl çəkməyəcəkdir.

27 Sentyabr - dönüş nöqtəsi

2020-ci il sentyabrın 27-də cəbhə boyu vəziyyət kəskinləşdi. Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması ilə 44 günlük Vətən müharibəsi başladı.

Müharibənin ilk günlərindən Azərbaycan xalqında böyük birlik və həmrəylik yarandı. Xalq öz Ordusunun yanında olduğunu göstərdi.

44 günlük müharibə ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri, eləcə də çoxsaylı kənd və yaşayış məntəqələri azad edildi.

Bu hadisələr içərisində Şuşanın azad olunması xüsusi əhəmiyyət daşıyırdı. Şuşanın azad edilməsindən sonra 2020-ci il noyabrın 10-da hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalandı.

Zəfərin arxasında qəhrəmanlarımız dayanır

Hər bir Zəfərin arxasında insanlar dayanır. Azərbaycanın 2020-ci ildə qazandığı Zəfərin arxasında isə qəhrəman əsgər və zabitlərimiz, şəhidlərimiz, qazilərimiz və Ordumuzun yanında olan xalqımız dayanır.

Bu səbəbdən 27 sentyabrın əsas mənalarından biri də şəhidlərimizin xatirəsini qorumaq və yaşatmaqdır.

Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə 27 sentyabr Azərbaycanda Anım Günü elan edildi.

Hər il sentyabrın 27-də saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan olunur. Bu sükutla şəhidlərimizin xatirəsi yad edilir.

Anım Günü yalnız keçmişi xatırlamaq deyil. Bu gün həm də şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına ehtiram göstərmək günüdür.

Şəhidlərimizin həyat yolu gələcək nəsillərə çatdırılmalıdır. Çünki tarix yalnız kitablarda deyil, insanların yaddaşında yaşadıqca canlı qalır.

Əbədi yaddaş

Bu gün Azərbaycanda Vətən müharibəsinin tarixini gələcək nəsillərə çatdırmaq üçün müxtəlif yaddaş məkanları da yaradılıbdır.  Hərbi Qənimətlər Parkı, Zəfər Parkı və Zəfər Muzeyləri  bu yaddaşın qorunmasına xidmət edir.

Əziz tədbir iştirakçıları!

27 sentyabr bizə bir daha göstərir ki, birlik, iradə və həmrəylik dövlətin və xalqın taleyində böyük əhəmiyyət daşıyır.

Şəhidlərimizin xatirəsi yalnız 27 sentyabrda deyil, hər zaman əziz tutulmalıdır. Qeyd etmək istəyirəm ki, həyatda sağ qalan canlı VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANLARIMIZ da vardır. Onlardan biri də  “Tank canavarı” adlandırılan Mirdaməd Bağıyevdir. Vətən Azərbaycanı özünə döğma bilənlərin adları Azərbaycanın müasir tarixində, azad edilmiş torpaqlarımızda və ən əsası, xalqımızın yaddaşında daim yaşayacaqdır.

Unutmamalıyıq ki, qazandığımız Zəfərin ən böyük qiyməti onu öz canı bahasına qazandıran şəhidlərimizdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi daim uca tutulacaq. 
 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.