“Microsoft” şagirdlərin hibrid təhsil şəraitində onlayn təhlükəsizliyinin təmin olunması üçün beş əsas tövsiyə açıqlayıb.
“Azərbaycan
müəllimi” xəbər verir ki, şirkət tədrisin harada və hansı formada
aparılmasından asılı olmayaraq, şagirdlərin rəqəmsal mühitdə təhlükəsizliyinin əsas
prioritetlərdən biri olduğunu bildirib.
Tövsiyələrdən
birincisi əməliyyat sistemi və tətbiqlərin daim yenilənməsidir. Bildirilir ki,
lisenziyalı proqram təminatından istifadə etməklə yanaşı, əməliyyat sistemi və
tətbiqlərin ən son versiyalarının quraşdırılması da vacibdir. Yeniləmələr yeni
funksiyalardan başqa mühüm təhlükəsizlik
düzəlişlərini də əhatə edir.
Digər
tövsiyə uşaqlarda sağlam rəqəmsal vərdişlərin formalaşdırılması ilə bağlıdır.
“Microsoft Family Safety” tətbiqi vasitəsilə ekran vaxtını idarə etmək və
uşaqların rəqəmsal fəaliyyəti barədə məlumat əldə etmək mümkündür. Şirkət hesab
edir ki, bu məlumatlar valideynlərlə uşaqlar arasında onlayn davranışla bağlı
açıq müzakirələrin aparılmasına kömək edə bilər.
Şagirdlərə
fayllarını təhlükəsiz və əlçatan saxlamaq da tövsiyə olunur. Faylların
“OneDrive”da saxlanılması onlara müxtəlif cihazlardan çıxış imkanı yaradır.
Cihaz itirildikdə, oğurlandıqda və ya sıradan çıxdıqda belə, məlumatlar bulud
yaddaşında qorunur. Sistem silinmiş faylların bərpasına və sənədlərin əvvəlki
versiyalarına qayıtmağa da imkan verir.
“Microsoft”
internetdən istifadə zamanı təhlükəsiz və müasir brauzerlərə üstünlük verilməsini
də tövsiyə edir. “Microsoft Edge” brauzerində standart olaraq aktiv olan
“Microsoft Defender SmartScreen” funksiyası şübhəli saytları və zərərli
faylları müəyyən etməyə kömək edir.
“SmartScreen”
ziyarət edilən internet səhifələrini məlum fişinq və zərərli proqram
saytlarının siyahısı ilə müqayisə edir. Təhlükə müəyyən edildikdə istifadəçiyə
xəbərdarlıq göstərilir. Sistem internetdən yüklənən faylları da yoxlayır və təhlükəli
hesab olunan yükləmələri bloklaya bilir.
Bundan
başqa, “Microsoft Edge”də izləmənin qarşısının alınması üçün “Əsas”,
“Balanslaşdırılmış” və “Sərt” olmaqla üç səviyyə mövcuddur. Bu imkan üçüncü tərəf
izləyicilərinin fəaliyyətini məhdudlaşdırmağa və istifadəçilərin məxfiliyini qorumağa
kömək edir.
Tövsiyələr sırasında güclü parolların yaradılması da yer alır. Mütəxəssislər parolların ən azı 12 simvoldan ibarət olmasını və yalnız bir sözdən təşkil edilməməsini məsləhət görürlər. Şagirdlərə parollarını digər şəxslərlə paylaşmamaq tövsiyə olunur.
Şirkət
həmçinin “Microsoft Teams” platformasında şagirdlərin təhlükəsizliyi üçün nəzərdə
tutulan imkanlara diqqət çəkib. Müəllimlər burada şagirdlərin mikrofonunu
söndürə, uyğun olmayan şərhləri silə və virtual görüşlərdə yalnız sinif üzvlərinin
iştirakını təmin edə bilirlər.
Mənbə:
https://muallim.edu.az/sagirdlerin-onlayn-tehlukesizliyi-ucun-5-esas-tovsiye


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)