Təhsil tədqiqatçısı Böyükağa Mikayıllı AZƏRTAC-a açıqlamasında bildirib ki, ev tapşırıqları dərsdə əldə olunan bilik və bacarıqların möhkəmləndirilməsinə xidmət etməli, şagirdin öyrəndiklərini gündəlik həyatla əlaqələndirməsinə imkan yaratmalıdır. Tapşırıqlar yalnız mətn köçürmək, mövzunu əzbərləmək və ya məsələ həll etmək kimi mexaniki fəaliyyətlərlə məhdudlaşmamalıdır.
“Ev
tapşırıqları məqsədyönlü, anlaşıqlı, şagirdin bilik və bacarıq səviyyəsinə
uyğun və yaradıcı xarakterli olmalıdır. Araşdırma aparmaq, müşahidə etmək,
kiçik layihələr hazırlamaq, ailə üzvləri ilə müsahibə keçirmək, təqdimat və ya
rəqəmsal məhsul yaratmaq kimi tapşırıqlar şagirdlərdə daha böyük maraq yarada
bilər”, – deyə ekspert qeyd edib.
B.Mikayıllının
fikrincə, ev tapşırıqlarının tamamilə ləğv edilməsi məqsədəuyğun deyil. Əsas məsələ
onların həcmini azaltmaq və daha səmərəli formada təşkil etməkdir: “Şagirdlər
gün ərzində kifayət qədər zehni yük daşıyırlar. Buna görə də əsas meyar
tapşırığın miqdarı deyil, keyfiyyəti olmalıdır. Tapşırıqlar qısa, məqsədyönlü,
şagirdin yaşına və imkanlarına uyğun hazırlanmalıdır”.
Ekspert
dünya təcrübəsində də fərqli yanaşmaların tətbiq olunduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, Finlandiyada ev tapşırıqları məhdud həcmdə verilir və əsasən
dərsdə öyrənilənlərin möhkəmləndirilməsinə xidmət edir. Yaponiya və Sinqapurda
tapşırıqlar şagirdlərdə intizam, məsuliyyət və özünənəzarət bacarıqlarını
formalaşdırmağa yönəlib. ABŞ və Kanadada layihə, təqdimat, müşahidə və problem
həlli xarakterli tapşırıqlardan geniş istifadə olunur. Böyük Britaniyada ev
tapşırıqları şagirdlərin yaş xüsusiyyətlərinə uyğunlaşdırılır. Fransa və Almaniyada
ailələrin imkanları və şagirdlərin sosial vəziyyəti də nəzərə alınır.
Təhsil
tədqiqatçısı hesab edir ki, Azərbaycanda ev tapşırıqları hər hansı xarici model
əsasında deyil, uşaqların yaş xüsusiyyətləri, psixoloji hazırlıq səviyyəsi,
milli xüsusiyyətləri və elmi araşdırmaların nəticələri nəzərə alınmaqla tənzimlənməlidir.
“Ev
tapşırığının həcmi elə müəyyən olunmalıdır ki, şagirdin istirahətinə, ailəsi ilə
ünsiyyətinə, fiziki fəaliyyətinə və şəxsi maraqlarına kifayət qədər vaxt
qalsın. Əsas meyar tapşırığın çoxluğu deyil, onun şagirdin inkişafına nə dərəcədə
xidmət etməsidir. Səmərəli asudə vaxt şagirdin həm təlim uğurlarını artırır, həm
də növbəti dərs gününə motivasiyasını yüksəldir”, – deyə Böyükağa Mikayıllı əlavə
edib.
Mənbə:


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)