Azərbaycanlı
təhsil tədqiqatçısı, Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil”
elmi metodik jurnalının baş redaktoru vəzifəsini icra edən Böyükağa
Mikayıllının “Kutadqu Bilik” əsərində türk pedaqoji konsepsiyası və çağdaş təhsildə
tətbiqi” adlı elmi məqaləsi “Türkçülük Araştırmaları Dergisi”ndə dərc olunub.
Sinxron Fənlər AZƏRTACa istinadən məlumat verir ki, məqalədə
XI əsrin görkəmli türk mütəfəkkiri Yusif Has Hacibin “Kutadqu Bilik” əsərində əks
olunan pedaqoji ideyalar sistemli şəkildə təhlil edilib, onların müasir təhsil
nəzəriyyələri və çağdaş təhsil sistemlərində tətbiq imkanları araşdırılıb.
Tədqiqat
zamanı “Kutadqu Bilik” əsərinin dünyanın müxtəlif ölkələrində ayrı-ayrı aspektlərdən
öyrənildiyi, xüsusilə Türkiyədə geniş tədqiqat obyektinə çevrildiyi müəyyənləşdirilib.
Məqalədə əsasən türkiyəli alimlərin mövzu ilə bağlı elmi əsərlərinə istinad
olunub. Araşdırmanın başlıca məqsədi əsərdə təqdim edilən türk pedaqoji
konsepsiyasının əsas ideyalarını müəyyənləşdirmək və həmin ideyaların müasir təhsil
baxımından əhəmiyyətini dəyərləndirməkdir.
Məqalədə
qeyd olunur ki, “Kutadqu Bilik”də bilik və əxlaqın vəhdəti, kamil insanın
formalaşdırılması, sosial məsuliyyət, idarəetmədə ədalətlilik, mənəvi
yetkinlik, nizam-intizam və əxlaqlı övlad tərbiyəsi cəmiyyətin inkişafını təmin
edən əsas amillər kimi təqdim edilir. Əsərdə qəhrəmanlar arasında qurulan
dialoqlar vasitəsilə ləyaqətli, bilikli, ədalətli və məsuliyyətli şəxsiyyətin
formalaşdırılması sosial rifahın və ictimai sabitliyin mühüm şərti kimi irəli
sürülür. Tədqiqatda bu pedaqoji baxışların müasir sosial-emosional inkişaf, dəyərlər
təhsili və şəxsiyyətyönümlü təlim yanaşmaları ilə səsləşdiyi vurğulanır. Məqalənin
elmi yeniliyi klassik türk düşüncə irsinin çağdaş pedaqoji nəzəriyyələrlə
inteqrativ şəkildə təhlil olunması və “Kutadqu Bilik”dəki ideyaların milli təhsil
strategiyalarında tətbiq potensialının əsaslandırılması ilə bağlıdır.
Müəllifin
qənaətinə görə, əsərdə irəli sürülən pedaqoji ideyalar müasir dövrdə dəyəryönümlü,
etik düşüncəli, sosial məsuliyyətli və özünəinamlı şəxsiyyətin
formalaşdırılması üçün mühüm nəzəri baza rolunu oynaya bilər.
Mənbə:


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)