Gecikən işlərə görə cərimə? - Müəllimlərlə bağlı iddialara aydınlıq

Sosial şəbəkələrdə regionlardan birində yerinə yetirməli olduqları işləri gecikdirən müəllimlərin cərimələnməsi ilə bağlı məlumatlar yayılıb.

Müəllimlər doğrudanmı cərimlənə bilərlər? Bunun hansı hüquqi əsasları var?

“Azərbaycan müəllimi”nə istinadən SinxronFənlər məlumat verir ki, sözügedən proses Əmək Məcəlləsinin 186-cı maddəsi ilə tənzimlənir.

Belə ki, məcəlləyə əsasən, işçi vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:

a) töhmət vermək;

b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;

c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;

ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, Əmək Məcəlləsinin 186-cı maddəsi əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin əsaslarını müəyyən edir: “Maddə həm işçilərə, həm də işəgötürənlərə aid olsa da, onların məsuliyyətə cəlb olunma qaydaları və tətbiq edilən tədbirlər hüquqi baxımdan fərqlənir.

Qanunvericiliyə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, vəzifələrini keyfiyyətsiz icra etdikdə, daxili intizam qaydalarını pozduqda və ya əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərə əməl etmədikdə işəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb oluna bilər. Bu zaman işəgötürən işçiyə töhmət verə, sonuncu xəbərdarlıqla şiddətli töhmət tətbiq edə, kollektiv müqavilədə nəzərdə tutulduğu halda cərimə edə və ya qanunda müəyyən edilmiş əsaslar olduqda əmək müqaviləsinə xitam verə bilər.

Burada mühüm məqam ondan ibarətdir ki, işçilərə münasibətdə nəzərdə tutulan intizam tənbehləri birbaşa işəgötürən tərəfindən tətbiq edilir. Yəni töhmət, şiddətli töhmət, cərimə və ya əmək müqaviləsinə xitam verilməsi barədə qərarı məhkəmə və ya başqa dövlət orqanı deyil, işəgötürən qəbul edir”.

Hüquqşünas qeyd edib ki, işəgötürənə münasibətdə isə 186-cı maddə onun da əmək qanunvericiliyindən irəli gələn vəzifələrə əməl etməli olduğunu və bu vəzifələrin pozulmasına görə intizam məsuliyyəti daşıya biləcəyini nəzərdə tutur: “Lakin işəgötürən özünə qarşı intizam tənbehi tətbiq edə bilməz (P.S. Niyə?). Onun intizam məsuliyyətinə cəlb edilməsi müəssisənin mülkiyyətçisi, onu vəzifəyə təyin etmiş səlahiyyətli şəxs və ya dövlət müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Buna görə də maddədə işçilər üçün nəzərdə tutulan intizam tənbehləri ilə işəgötürənin məsuliyyətə cəlb olunması mexanizmi eyni hüquqi mahiyyət daşımır.

Beləliklə, Əmək Məcəlləsinin 186-cı maddəsi bir tərəfdən işçilərin əmək intizamına əməl etməsini təmin edən intizam tənbehlərini, digər tərəfdən isə işəgötürənin öz vəzifələrini pozduğu hallarda onun məsuliyyətə cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir”.

Mənbə:

https://muallim.edu.az/geciken-islere-gore-cerime-muellimlerle-bagli-iddialara-aydinliq

 

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.