“Biz
pedaqogikada qorxu deyil, hörmət anlayışını əsas götürməliyik. Yəni sual belə
qoyulmamalıdır ki, uşaq müəllimdən qorxmalıdır, yoxsa müəllim uşaqdan. Əslində,
heç kim heç kimdən qorxmamalıdır. Tədris prosesi qorxu üzərində qurulduqda
uzunmüddətli və arzuolunan nəticələr vermir”.
“Azərbaycan
müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda
yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq”
adlı kitabın təqdimat mərasimində müzakirə zamanı səsləndirib.
Nazir
bildirib ki, əsas problem pedaqoji bacarıqlarla bağlıdır: “Bu, uzun müddətdir
ki, təhsil sistemimizin də üzləşdiyi əsas məsələlərdən biridir. Çünki biz illər
boyu daha çox formal yanaşmalarla məşğul olmuşuq. Məsələn, müəllimlərin işə qəbulu
prosesində uzun müddət əsas diqqət bəzi formal meyarlara yönəlib. Cəmiyyətdə də
bəzən belə bir inam formalaşıb ki, bu adam yaxşı savadlıdırsa, müəllim ola bilər.
Halbuki bu, ədalətli yanaşma deyil.
Ədalətli
sistem ondan ibarətdir ki, müəllim seçimi daha çox peşəkar və praktik
bacarıqlara əsaslansın”.
Emin
Əmrullayevin fikrinə görə, direktor seçimi prosesində müsahibə mərhələsi daha
ciddi rol oynamalıdır: “Bu cür mexanizmlər gücləndirildikdən sonra biz artıq
daha yuxarı səviyyəli problemləri müzakirə edə bilərik.
Hazırda isə
bir çox sahələrdə, o cümlədən vəkillik və digər peşələrdə əsasən mərkəzləşmiş
test imtahan sistemi mövcuddur. Yəni bir dəfə imtahan verilir və nəticəyə əsasən
peşəyə giriş müəyyən edilir.
Mənim
fikrimcə, bu yanaşma ideal deyil. İnsanların yalnız vahid imtahanla peşəyə
seçilməsi hər zaman ədalətli nəticə vermir. İnsanlar fərqlidir və fərqli
bacarıqlara malikdirlər”.
Nazir
vurğulayıb ki, praktikada bir şəxs testdən yüksək nəticə göstərir, amma praktik
bacarıq baxımından uyğun olmur. Əksinə, bəzən test nəticəsi yüksək olmayan,
amma real bacarığı güclü olan insanlar da olur: “Məncə, daha doğru yanaşma çoxmərhələli
qiymətləndirmə sistemidir. Məsələn, bir namizədlə bir neçə mütəxəssis söhbət
aparmalı və onun real bacarıqları qiymətləndirilməlidir. Əgər bu qiymətləndirmənin
nəticəsi müsbətdirsə, həmin şəxs peşəyə qəbul oluna bilər.
Əks halda,
yalnız test balına əsaslanmaq düzgün deyil”, - deyə nazir bildirib.
Mənbə:
https://muallim.edu.az/direktor-seciminde-musahibe-merhelesi-daha-ciddi-rol-oynamalidir-nazir


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)