Anar müəllim İsgəndərov yazır...
Ümummilli lider Heydər Əliyev ixtisasca tarixçi
idi. O, Bakı Dövlət
Universitetinin tarix fakültəsinin məzunu idi. Bəs Heydər Əliyev Azərbaycan,
türk-müsəlman və dünya tarixində necə xarakterizə olunur? Onun haqqında yazılan
tarix və özünün yaratdığı tarix düşüncələrdə necə kök salıb?
Tarixçilər ümummilli lider Heydər Əliyevin fəaliyyətini
şərti olaraq beş dövrə bölürlər.
Birinci dövr 1944-1969-cu illəri əhatə edir. Bu dövrdə
Heydər Əliyev xüsusi xidmət orqanlarında çalışmış və ilk azərbaycanlı olaraq
respublikada bu orqana rəhbərlik etmiş və general-mayor hərbi rütbəsinə qədər
yüksəlmişdir. Heydər Əliyev bu illər ərzində yüzlərlə azərbaycanlı
ziyalını sovet dövlətinin repressiya və təqibindən qorumağa nail olmuşdur. Dövrün
ziyalılarının bu illərlə bağlı çox maraqlı xatirələri vardır. Xalq şairi Bəxtiyar
Vahabzadə və istiqlal şairi Xəlil Rza Ulutürkün qurtuluşu dediklərimizə əyani
misaldır.
Heydər Əliyevin fəaliyyətinin ikinci dövrü
1969-1982-ci illəri əhatə edir. Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan
Kommunist Partiyasına birinci katib, yəni Azərbaycana rəhbər təyin olunur. Heydər
Əliyev bu vəzifəyə təyin olunana qədər Mərkəzin
göstərişi ilə Azərbaycan Ali Soveti Rəyasət Heyəti 3 min kvadrat kilometr ərazimizin Ermənistana
verilməsi haqqında qərar qəbul etmişdi. Amma nə baş verdi? Heydər Əliyevin
hakimiyyətə gəlməsi ilə bir qarış torpaq belə Ermənistana verilmədi və qərar
bir daha müzakirəyə çıxarılmadı.
1969-cu ilin noyabrında indiki Şəhriyar adına sarayda
Bakı Dövlət Universitetinin 50 illik yubileyi qeyd olunurdu. Sovet ənənəsi belə
idi, Respublikanın birincisi bu tədbirdə məruzə ilə çıxış edir, həm də rus
dilində. Doğrudur, Heydər Əliyev də tribunaya çıxdı və məruzəsinə başladı,
ancaq ilk sözü yoldaşlar oldu. Zal dondu, çünki sovet dönəmində respublikanın
birincisi ancaq rus dilində çıxış etməli idi. Heydər Əliyev isə heç nə olmamış
kimi çıxışına davam etdi. Bunu ancaq Heydər Əliyev edə bilərdi.
Heydər Əliyev Mərkəzin
müqavimətini qıraraq 1971-ci ildə Bakıda Naxçıvanski adına hərbi məktəbin
açılmasına nail oldu. Uzun illər sonra bu məktənin müdavimləri Qarabağ müharibəsində
təcrübəli zabit kimi Azərbaycan torpaqlarının qorunmasında qəhrəmanlıq tarixi
yazdılar. Bu Heydər Əliyev siyasətinin uzaqgörənliyi idi.
Heydər Əliyev təhsilə böyük önəm verirdi. Azərbaycana
rəhbərliyi dövründə hər il minlərlə azərbaycanlı gənci SSRİ-nin ən nüfuzlu ali
məktəblərinə göndərməklə ölkəmizin təhsilinə əvəzsiz töhfələr vermiş oldu.
Bakının su problemini həll etmək üçün Kür-Bakı su kəmərinin
çəkilməsinə nail oldu.
Heydər Əliyev azərbaycanlı gənclərin təkcə tikinti batalyonlarında
deyil, ən müasir silahlarla davranmağı
öyrədən hərbi hissələrdə də xidmət etməyi Mərkəzdən tələb edirdi, çox zaman
buna nail olurdu.
Heydər Əliyev Mərkəzin təkidli müqavimətinə
baxmayaraq, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit
edilməsinə nail oldu.
Heydər Əliyev vaxtilə Dərin Özüllər zavodunun
tikintisinə nail olanda heç kim bilmirdi ki, SSRİ adlanan nəhəng imperiya
dağılacaq, Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəcək, Xəzər dənizində
neft çıxarmaq üçün bu zavodun istehsal etdiklərinə hava və su kimi ehtiyacımız
olacaq.
Heydər Əliyev rəhbərliyi dövründə Azərbaycan aqrar ölkədən
sənaye-aqrar ölkəsinə çevrildi.
Heydər Əliyevin fəaliyyətinin üçüncü dövrü
1982-1987-ci illəri əhatə edir.
Heydər Əliyev 1982-ci ildə Sov.İKP MK Siyasi Büronun
üzvü, SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini kimi məsul bir vəzifənin icrasına başladı.
Heydər Əliyev yeganə türk-müsəlmandır ki, sovet dövlətini
idarə edib. Doğrudur, Qazaxıstanın birinci katibi Dinməhəmməd Kunayev Siyasi
Büronun üzvü, Özbəkistanın birinci katibi Şərəf Rəşidov Siyasi Büronun üzvlüyünə
namizəd olsalar da, hər ikisi ancaq öz respublikararını idarə edirdilər. Heydər
Əliyev isə Moskvada sovet dövlətini idarə edənlərdən biri idi.
Heydər Əliyev 1987-ci ildə qısqanclıq üzündən bu vəzifədən
uzaqlaşdırıldı. Və Azərbaycan sahibsiz qaldı. Bütün ermənilər Azərbaycan
torpaqlarına səlib yürüşlərinə başladılar. Qarabağ torpaqları ölüm-dirim
müharibəsinə çevrildi.
Heydər Əliyevin fəaliyyətinin dördüncü dövrü 1990-1993-cü
illəri əhatə edir. Heydər Əliyev 1990-cı ilin yanvarında Moskvada özünün və ailə
üzvlərinin həyatını təhlükə altına qoyaraq Sovet rəhbərliyini Bakıya ordu
yeritdiyinə görə ittiham etdi.
Beləliklə, Heydər Əliyevin fəaliyyətinin Naxçıvan
dövrü başlandı. Ermənilər Qarabağ torpaqlarına nə qədər iddialı idilərsə,
Naxçıvana olan iddia ondan geri qalmırdı. Blokadada olan Naxçıvanı Heydər
Əliyev çox böyük çətinliklərlə erməni təcavüzündən qurtara bildi.
Heydər Əliyev ilk dəfə Naxçıvan Muxtar Respublikasının
sessiyasında Cümhuriyyətin yadigarı üçrənli bayrağı rəsmi dövlət bayrağı kimi cəmiyyətə
təqdim etdi.
Heydər Əliyev Naxçıvanda Yeni Azərbaycan Partiyasının
yaradılmasına nail oldu.
Heydər Əliyevin fəaliyyətinin beşinci dövrü
1993-2003-cü illəri əhatə edir.
Doğrudur, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini
bərpa etsə də, xalq müstəqilliyin şirinliyini dada bilmədi.
Müstəqilliyini elan edən Azərbaycan dövləti xarici
müdaxilə, vətəndaş müharibəsi, dövlət çevrilişləri və parçalanma təhlükəsi ilə üz-üzə
dayananda Heydər Əliyev xalqın imdadına çatdı.
Ölkə daxilində sabitliyə, qonşu dövlətlərlə
balanslaşdırılmış siyasətə nail oldu, dövlət-din münasibətlərini tənzimlədi,
Ermənistanla atəşkəsə nail oldu, “Əsrin müqavilə”sini imzalamaqla Qərbin himayəsini
qazandı, ordu quruculuğuna başladı, 1995-ci il Konstitusiyasını təsbit etdi,
ölüm hökmü və senzuranı ləğv etdi, məhkəmə və aqrar islahatları həyata
keçirtdi, kəndli ilk dəfə torpaq sahibi oldu, azərbaycanlıların soyqırımı və
deportasiyası haqqında fərman verdi, Avropa Parlament Şurasına üzv qəbul
olunduq, Şəhidlər Xiyabanında Qafqaz İslam Ordusuna abidə ucaldıldı, azərbaycançılıq
ideologiyasını hakim ideologiyaya çevirdi, “Bir millət, iki dövlət” prinsipini
irəli sürdü, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün əlindən gələni etdi.
2003-cü ilin aprelində bu gün adını daşıdığı sarayda
kursantına son vəsiyyətini etdi, ölüm onu haqlasa da təslim olmadı. Son sözünü
dedi. Həm də xalqına müraciətində : “ inanıram ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm.”
Bəli, ümummilli lider xalqı üçün mümkün olan hər şeyi
etdi və dörd əmanəti yadigar qoydu:
1.Müstəqil Azərbaycan dövlətini
2. Yeni Azərbaycan Partiyasını
3. 1995-ci il Konstitusiyasını
4.Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan,
Qarabağın fatehi İlham Əliyev cənablarını
Ümümmilli lider Heydər Əliyevin təməlini qoyduğu müstəqil
Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük
Vətən Müharibəsində bütün Azərbaycan xalqını dəmir yumruğa çevirərək düşməni
darmadağın etdi, 30 illik erməni işğalına son qoydu.
Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin yubileylərini dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi
altında qalib xalq kimi qeyd edir. Bundan böyük xoşbəxtlik nə ola bilər?
Yaşasın, qalib Azərbaycan dövləti!
Mənbə:


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)