Pedaqoji-metodiki məqalə:
Giriş
Müasir məktəbin ən mühüm problemlərindən biri tədrisə
qarşı şagirdlərin motivasiyasının zəif olmasıdır. Bu problem xüsusilə tarix fənnində
özünü göstərir -çünki tarix çox zaman soyuq faktlar, tarixlər və hadisələr
yığını kimi qavranılır. Halbuki tarix, əslində, insanların həyat hekayələrindən
ibarətdir. Tarixi şəxsiyyətlərin bioqrafiyasından dərslərdə ustalıqla istifadə
etmək həm mövzunu canlılaşdırır, həm də şagirdlərdə dərin bir motivasiya
yaradır.
Pedaqoji tədqiqatlar göstərir ki, tarix dərslərinin
motivasiya mərhələsi düzgün qurulmadıqda şagirdlər mövzuya maraq göstərmir.
Metodik vəsaitlərdəki mövcud motivasiya nümunələri isə çox vaxt formal xarakter
daşıyır və müəllimə real kömək etmir. Bu boşluğu doldurmağın ən təsirli
yollarından biri tarixi şəxsiyyətlərin bioqrafiyasından fəal istifadədir.
Bioqrafik
yanaşmanın pedaqoji əsasları
Tarix tədrisində bioqrafik yanaşma dedikdə, şəxsiyyətin
həyat hekayəsini, motivlərini, düşüncə tərzini və qərar vermə proseslərini tədris
materialı kimi istifadə etmək başa düşülür. Bu yanaşma bir neçə pedaqoji
prinsipə əsaslanır:
1)Şəxsiyyətlə özəlləşmə: Şagirdlər mücərrəd
anlayışlar yerinə real bir insanın hekayəsi ilə tanış olduqda tarixi hadisələri
daha yaxşı mənimsəyirlər.
2)Empatiya inkişafı: Tarixi şəxsiyyətin çətinliklərini,
seçimlərini və motivlərini anlamaq şagirdlərdə empatiya qabiliyyəti
formalaşdırır.
3)Etik düşüncə: Böyük şəxsiyyətlərin həyatında həm
müsbət, həm mənfi cəhətlərin mövcud olması şagirdlərə tənqidi düşüncə bacarığı
qazandırır.
4)Rəhbərlik nümunəsi: Şəxsiyyətin iradəsi, əzmi və
məqsədyönlülüyü şagirdlər üçün ilham mənbəyinə çevrilir.
Beynəlxalq pedaqoji tədqiqatlar da bu cür yanaşmanın
effektivliyini təsdiqləyir. Tarix müəllimlərinin bioqrafiya ilə tədris haqqında
aparılan araşdırmaları göstərir ki, tarixin öyrənilməsinin ən təsirli yolu insanların
hekayələri vasitəsi ilə öyrənilmədir. Böyük sosial, iqtisadi və siyasi qüvvələr
belə, insanların fəaliyyəti vasitəsilə şagird şüurunda canlanır.
Azərbaycan
tarixinin tədrisində şəxsiyyət örnəkləri
Azərbaycan tarixi dərsliklərində tarixi şəxsiyyətlərə xüsusi yer ayırır.
Kurikulum çərçivəsində şagirdlərdən dövlətlərin yaranmasında tarixi şəxsiyyətlərin
-İranzunun, Tomirisin, Atropatın, Oroysun və digərlərinin rolunu dəyərləndirmək
tələb olunur. Bu şəxsiyyətlər sadəcə ad kimi yox, müəllim tərəfindən onların
motivasiyası, qərarları və dövrlərinin şəraiti ilə birlikdə təqdim edildikdə dərs
həyata qovuşur.
Məsələn, VII sinif Azərbaycan tarixi dərslərində
Babək obrazı şagirdlər üçün güclü bir motivasiya mənbəyi ola bilər. Lakin bunun
üçün müəllim Babəki yalnız tarixi fakt kimi deyil, canlı bir insan kimi - onun
nəyə inandığını, nə üçün mübarizə apardığını, hansı ağır şəraitdə qərar
verdiyini şagirdlərə aydın izah etməlidir.
Bu zaman şagird passiv dinləyicidən fəal düşünən subyektə çevrilər.
Bioqrafiyanın
motivasiyadakı rolu
Şəxsiyyətin bioqrafiyası tarix dərslərinin
motivasiya mərhələsinin ən güclü vasitələrindən biridir. Motivasiya mərhələsinin
müvəffəqiyyəti bir neçə amildən asılıdır:
1. İdentifikasiya effekti
Şagirdlər öz həyatları ilə tarixi şəxsiyyətin həyatı
arasında bağlantı qurduqda dərsi özününkü kimi qəbul edirlər. Böyük tarixi şəxsiyyətlər
də bir vaxtlar gənc olmuş, çətinliklərlə üzləşmiş, qorxmuş, lakin öz seçimləri
ilə tarixin istiqamətini dəyişə bilmişlər. Bu həqiqəti şagirdlərə çatdırmaq
onlarda güclü motivasiya yaradır.
2. Narrativ yanaşma
İnsan beyni faktlardan çox hekayələri yadda
saxlayır. Bioqrafik hekayə formatında verilən tarixi materiallar şagirdlərin uzunmüddətli yaddaşına daha dərindən
həkk olunur. Müəllimin şəxsiyyətin həyat hekayəsini canlandıran, emosional yük
daşıyan şəkildə danışması dərsin motivasiya gücünü xeyli artırır.
3. Mənəvi dəyərlərin aşılanması
Tarix tədrisinin əsas məqsədlərindən biri şagirdlərə
milli mənlik şüuru, vətənpərvərlik hissi və əxlaqi dəyərlər aşılamaqdır. Tarixi
şəxsiyyətlərin -Şah I İsmayılın, Nizami Gəncəvinin, Babəkin, Nəsrəddin Tusinin həyat
və fəaliyyəti bu baxımdan misilsiz bir mənbədir. Şagird bu şəxsiyyətləri nümunə
kimi götürdüdə, tarix dərsi yalnız keçmişi öyrənmək deyil, gələcəyə istiqamət
tapmaq məkanına çevrilir.
Metodik
tövsiyələr
Müəllim bioqrafik yanaşmadan dərsdə effektiv
istifadə etmək üçün aşağıdakı metodlara müraciət edə bilər:
-Müqayisəli bioqrafik esse: İki tarixi şəxsiyyətin
həyatının müqayisəsi şagirdlərə eyni dövrün müxtəlif perspektivlərini görməyə
imkan verir. Məsələn, eyni dövrdə yaşayan iki lider - biri islahatçı, digəri
mühafizəkar - müqayisə edilərək dövrün əsas ziddiyyətləri aydınlaşdırıla bilər.
-Rollu oyunlar: Şagirdlər tarixi şəxsiyyətin
mövqeyini qəbul edərək onun adından mühakimə yürütdükdə həm anlayışları daha
yaxşı mənimsəyir, həm də kritik düşüncə bacarıqları inkişaf edir. Bu metod şagirdlərin
fəallığını kəskin artırır.
-Sual-cavab müzakirəsi: “Bu şəxsiyyət niyə belə
seçim etdi? Siz onun yerində olsaydınız, nə edərdiniz?” kimi suallar şagirdləri
tarixi şəxsiyyətin motivasiyasını dərindən düşünməyə sövq edir.
-Vizual materiallar: Şəxsiyyətin portretləri, tarixi
yerlər, onunla bağlı film fraqmentləri bioqrafik öyrənməni daha canlı edir.
Vizual materiallar mücərrəd tarixi şəxsiyyəti şagirdin gözündə real bir insana
çevirir.
-Şifahi tarix layihəsi: Şagirdlər yaşlı nəsil nümayəndələri
ilə müsahibə apararaq “canlı tarix” yaradır. Bu metod tarixi şəxsiyyətin
motivasiyasını anlamaqla yanaşı, şagirdlərdə empatiyanı da gücləndirir.
Mümkün
çətinliklər və onların həlli
Bioqrafik yanaşmanın müəyyən məhdudiyyətləri də
mövcuddur. Birincisi, böyük şəxsiyyətlərin həyatı mürəkkəbdir - onlarda həm
müsbət, həm mənfi cəhətlər var. Yalnız müsbət cəhətlərin təsviri qeyri-elmi bir
yanaşmadır; şagirdlər isə bəzən nümunə götürdükləri şəxsiyyətin mənfi tərəflərindən də təsirlənə
bilərlər. Buna görə müəllim şəxsiyyəti bütövlükdə, dövrünün şəraiti ilə əlaqəli
olaraq dəyərləndirməlidir.
İkincisi, “böyük şəxsiyyət” anlayışına həddən artıq
vurğu tarixi proseslərdə xalq kütlələrinin rolunu arxa plana keçirə bilər. Bu
baxımdan bioqrafik yanaşma digər tədris üsulları - sosial-iqtisadi təhlil, xəritə
işi, sənəd analizi ilə birlikdə tətbiq edilməlidir.
Nəticə
Tarix dərslərində şəxsiyyətlərin bioqrafiyasından
istifadə yalnız tarixi bilik ötürməyin deyil, şagird şəxsiyyətini
formalaşdırmanın güclü bir vasitəsidir. Tarixi şəxsiyyətin motivasiyası, seçimləri,
çətinlikləri şagirdin öz həyatına bir güzgü tutur. Bu proses şagirddə yalnız vətənpərvərlik
deyil, analitik düşüncə, empatiya, mənəvi dözümlülük kimi universal insani dəyərlər
formalaşdırır.
Müəllimin başlıca vəzifəsi isə kursun
materiallarından şagirdə ən çox tərbiyəvi təsir göstərəcək nümunələri seçib
onlara inandırıcı, emosional formada çatdırmaqdır. Tarixi şəxsiyyətin həyatı
düzgün təqdim edildikdə tarix dərsi yalnız keçmişi öyrənmə yeri deyil, gələcəyə
ilham mənbəyi olur.
İstifadə edilmiş resurslar:
1.Tanış olaq. wordpress.com “Pedaqoji təcrübə: tarix dərslərində motivasiya mərhələsi”
(2016)
2.Metodiki tövsiyyə.blogspot.com “Tarix tədrisinin
tərbiyə məqsədi” (2015)
3.Muallim.edu.az “Dərsdə əsas
diqqət şagird şəxsiyyətinin formalaşmasına yönəlməlidir” (2025)
4.American Historical Association .”Biography and
autobiography in the teaching of history and social studies”.
5.American Historical Association. “Teaching
history the jld-fashioned way -through biography”.
6. egyankosh.ac.in “Pedagogy
of history: teaching-learning process in history”.
Müəllif:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta ümumtəhsil məktəbinin
tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron
Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları”
nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin
(2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə
inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI
siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
Məqalənin mənbəyi:
https://multiurok.ru/files/tarix-d-rsl-rind-s-xsiyy-tl-rin-bioqrafiyasindan-i.html


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)