16 mart 2026-cı il tarixində Şirvan şəhər T.Bağırov adına 11 №-li tam orta ümumtəhsil məktəbində təhsil tədqiqatçısı, jurnalist, Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktor əvəzi Böyükağa Mikayıllı ilə görüş təşkil edildi.
Görüşün əsas məqsədi müəllimləri 55 illik tarixi
olan jurnalın fəaliyyəti, məqalə qəbulu qaydaları və elmi nəşrin təhsil
sistemində rolu haqqında ətraflı məlumatlandırmaq, məktəb ilə elmi-pedaqoji nəşrlər
arasında əməkdaşlığın əhəmiyyətini vurğulamaq, həmçinin müəllimlərin elmi-tədqiqat
fəaliyyətinə marağını artırmaq idi.
Görüş vətənimizin bütövlüyü uğrunda əziz canlarından
keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.
Çıxış edən məktəbin direktoru səlahiyyətlərini icra edən Yusif Haxverdiyev
bildirdi ki, Böyükağa Mikayıllı öz tədqiqatlarında
müəllimin cəmiyyətdəki rolunu, təhsilin elmi əsaslarla inkişafının vacibliyini
daim ön plana çəkir. Eləcə də natiq Böyükağa Mikayıllının dünyanın ayrı-ayrı ölkələrinin təhsil sistemlərinin,
universitetlərin, qlobal təhsil layihələrinin, pedaqoji nəzəriyyələrin,
pedaqoji fikir tarixinin öyrənilməsi sahəsində maraqlı araşadırmalarının
olduğunu vurğuladı.
Çıxış edən məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim”
müsabiqəsinin qalibi Seyyub Əsədov bildirdi ki, Böyükağa müəllim dəfələrlə
Şirvan şəhər məktəblərində olmuş, müəllimlərin qabaqcıl iş təcrübələrini
araşdırmışdır. Böyükağa Mikayıllının “Yaradıcılıq axtarışları” adlı kitabında
yer alan qabaqcıl müəllimlər sırasında onun da iş təcrübəsindən bəhs olunub. Seyyub
Əsədov qeyd etdi ki, Böyükağa Mikayıllı həmişə, “dərs müəllimin yarada biləcəyi
elə bir pedaqoji, psixoloji, fəlsəfi əsəridir ki, müəllim bu əsərin mənəvi qüdrətindən
istifadə etməklə şagirdin daxili aləmini, onun intellektual potensialını aşkara
çıxara, eləcə də öz əsərini cəmiyyətin mənəvi dayaq nöqtəsinə çevirə bilər” deyə
vurğulayır. Böyükağa Mikayıllı “Dünyanın təhsil mənzərəsi”, “Sinqapur təhsilinin
fəlsəfəsi”, “Dahi pedaqoq Yanuş Korçak”, “Şagirdi məktəbdə necə xoşbəxt etməli”
və digər əsərlərin müəllifidir. Bu əsərlər müəllimlər üçün zəngin elmi-pedaqoji
bazadır. Tədqiqatçının məqalələri müxtəlif elmi-pedaqoji jurnallarda, konfrans
materiallarında Türk, ingilis, rus, Ukrayna dillərində dərc olunmaqdadır.
Böyükağa Mikayıllı görüş iştirakçılarına elmi-metodik nəşr haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının əsası 1970-ci ildə o zamankı Maarif naziri, akademik Mehdi Mehdizadə tərəfindən qoyulub. Jurnala həmin ildən 2021-ci ilədək pedaqoji elmlər doktoru, professor Yahya Kərimov rəhbərlik edib. Uzun illik fəaliyyəti dövründə jurnal elmi-pedaqoji ictimaiyyətin dərin rəğbətini qazanıb, daim aktual mövzularla oxucuların görüşünə gəlib. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınan dövrü elmi nəşrlər sıyahısındadır.
B.Mikayıllı qeyd etdi ki, bu gün jurnal öz ənənələrinə
sadiq qalmaqla, müasir dövrün tələbləri səviyyəsində çap olunur. Jurnalda Azərbaycan
dili ilə yanaşı, rus, Türk və ingilis dillərində də məqalələr dərc edilir.
Jurnal bir sıra nüfuzli beynəlxalq elmmetrik bazalarda indekslənir. Hər il
jurnalın təhsilin aktual problemlərinə həsr olunan xüsusi buraxılışları dərc
olunur. B.Mikayıllı jurnalın saytı haqqında da məlumat verərək vurğuladı ki, müəllimlər
jurnalda dərc olunan və saytda yerləşdirilən məqalələrlə tanış olmaqla, peşəkar
fəaliyyətləri üçün əhəmiyyətli olan elmi-metodiki məlumatlar əldə edə bilərlər.
Bu da şübhəsiz ki, onların peşəkarlıq baxımından təkmilləşmələrinə təsir göstərəcəkdir.
B.Mikayıllı görüşdə iştirak edən müəllimləri jurnalla əməkdaşlıq etməyə,
jurnalda dərc olunan məqalələrlə onun saytında mütəmadi olaraq tanış olmağa,
eyni zamanda onları düşündürən aktual mövzular barədə jurnal üçün məqalə
hazırlamağa çağırdı. Qeyd etdi ki, jurnalın saytında onun 55 illik nəşr arxivi
yaradılıb. Bu arxiv müvafiq sahənin əməkdaşları üçün fundamental elmi-metodik
bazadır. Sonda iştirakçılara, eləcə də məktəbin kitabxanasına “Məktəbəqədər və
ibtidai təhsil” jurnalının müxtəlif nömrələri hədiyyə olundu. Qonaq görüşün təşkili
üçün Şirvan şəhər Təhsil Sektoruna və məktəb rəhbərliyinə öz minnətdarlığını
bildirdi.

















UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)