Fevralın 13-də Şirvan şəhər T.Bağırov adına 11 nömrəli
tam orta ümumtəhsil məktəbdə “Qərbi Azərbaycan Azərbaycan əzəli torpağıdır!”
mövzusunda açıq dərs təşkil edildi.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı
İlqar Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr
üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, Qərbi
Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova, Elm və Təhsil
Nazirliyinin əməkdaşları Rövşən Ağayev və Hilal Salmanov, Şirvan-Salyan
Regional Təhsil İdarəsinin əməkdaşları, məktəbin müəllimləri, yuxarı sinif
şagirdləri və digər qonaqlar iştirak etdilər.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilərək, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi
bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edildi.
Dərsi məktəbin direktoru vəzifəsini icra edən Yusif
Haxverdiyev açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərə əsaslanan fikirləri
biz azərbaycanlılar üçün, xüsusilə gənclər üçün qürurvericidir. Ona görə də
bütün Azərbaycan gəncliyi bu həqiqətləri düzgün öyrənməli və bu istiqamətdə üzərinə
düşən vəzifəni, yəni vətəndaşlarımız arasında tarixi maarifləndirici təbliğat
işlərini layiqincə yerinə yetirməlidir.
Sonra çıxış edən professor Mahirə Hüseynova Qərbi
Azərbaycan həqiqətlərinin, tarixi faktların, xronoloji mənbələrin və xəritələrin
geniş auditoriyalara, o cümlədən gənc nəslə çatdırılmasının xüsusi əhəmiyyət kəsb
etdiyini vurğuladı. Qeyd etdi ki, baş verən proseslər fonunda həm dövlət
qurumlarının, həm ictimai təşkilatların, həm də təhsil müəssisələrinin üzərinə
mühüm vəzifələr düşür.
Eyni zamanda bildirdi ki, artıq Qərbi Azərbaycan məsələsi
bizim xalqın, onun gənc nəslinin milli kimliyinin ayrılmaz hissəsinə
çevrilidiyini nəzərə alaraq, gənclər arasında bu istiqamətdə maarifləndirmə işləri
daha da gücləndirilməlidir. Qərbi Azərbaycanla bağlı keçirilən dərslərdə bu
diyarın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri,
tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə tədbirlərinə
geniş yer verilməlidir.
Mahirə Hüseynova bu mövzunun Azərbaycançılıq
ideologiyasının mühüm tərkib hissəsi olduğunu bildirərək, Qərbi Azərbaycan ərazilərinin
Azərbaycan xalqının tarixi yaddaşında, mədəni kimliyində və mənəvi dünyasında
tutduğu yerə diqqət çəkdi.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin
başçısı İlqar Abbasov ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımı,
etnik təmizləmə və deportasiya siyasətindən bəhs etdi. Qeyd etdi ki, XX əsrdə mərhələlərlə
davam etmiş ermənilərin deportasiya siyasəti tarixi-mədəni irsimizin məhvi ilə
də nəticələnib, abidələrimiz dağıdılıb, qədim Azərbaycan toponimləri saxta və
uydurma adlarla əvəzlənib. Diqqətə çatdırıldı ki, 1993-cü ildə Ulu Öndər Heydər
Əliyevin hakimiyyətə gəlişi Qərbi Azərbaycana qayıdışın da siyasi və hüquqi əsasını
qoyub. Bu siyasət bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
İlqar Abbasov vurğuladı ki, möhtərəm Prezidentimiz,
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti
sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük
yol qət edilmiş, azərbaycanlıların, o cümlədən Qarabağdan və Qərbi Azərbaycandan
məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq
səviyyəyə çıxarılmışdır. Dövlət başçısı Qərbi Azərbaycanın soydaşlarımızın
tarixi torpağı olduğunu nüfuzlu beynəlxalq kürsülərdən dəfələrlə bəyan
etmişdir. Qeyd etdi ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın qüdrəti,
apardığı uğurlu xarici və daxili siyasəti sayəsində Qərbi azərbaycanlıların da
öz doğma torpaqlarına qayıdacağı günün uzaq olmadığına tam əmindir.
Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyinin əməkdaşları
Rövşən Ağayev və Hilal Salmanov dərsin müasir tələblərə uyğun şəkildə
aparılmasını yüksək qiymətləndirərək, dərsdə iştirak edən şagirdlər üçün Qərbi
Azərbaycanda baş verən tarixi proseslərin öyrənilməsinin əvəzolunmaz bir mənbəyə
çevriləcəyini vurğuladılar.
Məktəbin müəllimləri dərsin yüksək səviyyədə təşkil
edilməsini, dərsdə və müzakirələrdə mövzu ilə bağlı səslənən fikir və tövsiyələrin
proqram xarakterli olduğunu qeyd edərək bildiriblər ki, bütün bunlar onların gələcək
fəaliyyət istiqamətlərində nəzərə alınacaqdır. Həmçinin Qərbi Azərbaycan həqiqətlərinə
həsr edilmiş tədbirlərin həyata keçirilməsinin vacibliyini və bu sahədə maarifləndirmə
prosesinin davamlı olmasını bir daha vurğulayıblar.
Açıq dərs interaktiv formada aparılıb, şagirdlər
verilən sualları fəal şəkildə cavablandıraraq, mövzuya böyük maraq göstəriblər.
Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar
Abbasov tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr
üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovaya 44
günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində
ucaldılmış “Zəfər abidəsi” xatirə hədiyyəsi təqdim edilib.
Tədbir çərçivəsində Şirvan şəhər T.Bağırov adına 11
nömrəli tam orta ümumtəhsil məktəbin ərazisində agacəkmə aksiyası təşkil
edilib. Aksiya zamanı müxtəlif növ ağaclar əkilib, mövcud yaşıllıqlara
aqrotexniki qulluq göstərilib.
Mənbə:
P.S. Mətndə cüzi dəyişiklərin mənbəsi: Sinxron Fənlər

.jpg)
UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)