Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı


 P.S.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ölkədə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrinin inkişafını sürətləndirmək məqsədi daşıyır. Fərman bu istiqamətlərdə dövlət idarəçiliyinin təkmilləşdirilməsini, rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsini, müasir innovativ həllərin təşviqini və əlaqədar qurumların fəaliyyətinin koordinasiyasını nəzərdə tutur.

Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində (bundan sonra – rəqəmsal inkişaf) prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası (bundan sonra – Şura) yaradılsın.

2. Şuranın aşağıdakı tərkibi təsdiq edilsin:

Şuranın sədri

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Şuranın üzvləri:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının elm və təhsil naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

3. Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılsın və Katiblik funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilsin.

4. Müəyyən edilsin ki, Şura bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları, elmi müəssisə və təşkilatları cəlb edə, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) və digər maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

5. Şura rəqəmsal inkişaf sahəsi üzrə:

5.1. dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və dövlət orqanları (qurumları) arasında siyasətin əlaqələndirilməsini təmin etsin;

5.2. dövlət orqanları (qurumları) tərəfindən icra olunan layihələrin bu sahədə mövcud strateji məqsədlərə uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirsin;

5.3. dövlət orqanlarının (qurumlarının) təklifləri və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı tədbirlər görsün.

6. Şura fəaliyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 fevral 2026-cı il

Mənbə: https://president.az/az/articles/view/71718

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.