Bayatı -Azərbaycan lirik xalq şeir janrıdır


Bayatı Azərbaycan xalqının zəngin mənəvi irsinin ayrılmaz tərkib hissəsi olan lirik xalq şeir janrıdır. Bayatının mənşəyinin bayat tayfalarının adı ilə bağlı olduğu ehtimal edilir. Bu janr 7 hecalı, dörd misradan ibarət olur; üçüncü misra sərbəst quruluş daşıyır, digər misralar isə həmqafiyə təşkil edir. Bayatılarda əsas fikir, adətən, son iki misrada ümumiləşdirilərək ifadə olunur.

Mövzu baxımından olduqca rəngarəng olan bayatılarda xalqın tarixi taleyi, kədər və sevinc duyğuları, ictimai ədalətsizliyə və zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları poetik şəkildə əksini tapmışdır. Eyni zamanda məhəbbət, ayrılıq, dostluq və insani münasibətlərə dair dərin mənalı, təsirli bayatılar xalqın estetik düşüncə tərzini və mənəvi dünyasını ifadə edir.

Təqdim olunan bu yazıda tərəfimdən toplanmış 28 bayatı yer almışdır. Bu bayatıların folklor irsimizin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından faydalı olacağına inanıram. Ümid edirəm ki, yazı folklorşünaslar, tədqiqatçılar və söz sənətinə dəyər verən ziyalılar üçün maraqlı və əhəmiyyətli olacaqdır.

1.Arazın gəmisinə,

Su salım zəmisinə.

Heç igidin balası

Qalmasın əmisinə.

2.Əziziyəm sis günə,

Pərdə tutub sis günə.

Özün öldün qurtardın,

Məni qoydun pis günə.

3.Aşıq gülmənəm sənsiz,

Deyib gülmənəm sənsiz.

Daş başında ov mələr,

Elə bil mənəm sənsiz.

4.Papağın qabağı düz,

Dalı düz, qabağı düz.

Dünya, səndən kim keçdi

Qışı düz, qabağı düz.

5.Əziziyəm sarı qız,

Sarı köynək, sarı qız.

Ac belinin qurşağın,

Canəzəmi sarı qız.

6.Bağa girdim bağbansız,

Dəvə gördüm sarvansız.

Aləmə dərman dedim,

Balam öldü dərmansız.

7.Quşlar qanad üstədi,

Atma, qanad üstədi.

Əlin qurusun fələk,

Oğlan murad üstədi.

8.Su götürdüm hövüzdən,

Suyu çıxıbdı dizdən.

Fələk bircə balanı

Zorla ayırdı bizdən.

9.Mən ölürəm çiçəkdən,

Üzüm örtün milçəkdən.

Yad gələr ağı söylər,

Anam ağlar gerçəkdən.

10.Bağa girdim əzəldən,

Dəstə tutdum xəzəldən.

Gülümü iyləməmiş,

Fələk aldı tez əldən.

11.Mən aşıq iti beldən,

Yer qorxar iti beldən.

Qoy mənə yar ağlasın,

Desinlər itib eldən.

12.Sal gedər Kür üstündən,

Min atın sür üstümdən.

Bu tər şəfa təridir,

Ölmərəm, dur üstümdən.

13.Haray naşı əlinnən,

Atmaz daşı əlinnən.

Yastıq şikayət edər,

Gözüm yaşı əlinnən.

14.Mən aşiq, mina gərdən,

Mina boy, mina gərdən.

Torpaq altdan sal quyi,

Qorxuram sına gərdən.

15.Bənövşə çiçəkləndi,

Yarpağı ləçəkləndi.

Yatdığı yalan oldu,

Ölümü gerçəkləndi.

16.Ay nədən güldü, getdi,

Gecəni böldü, getdi.

Düşmən aman vermədi,

Cavanlar ölü getdi.

17.Dan ulduzu dikləndi,

Karvan yola yükləndi.

Sinəm badamca gözü,

El vurdu köpükləndi.

18.Burdan bir atlı getdi,

Atın oynatdı getdi.

Gün kimi şəfəq saldı,

Ay kimi batdı getdi.

19.Mən aşıq çəkim dərdi,

Doğruyum töküm dərdi.

Nə anam var, nə bacım,

Kiminnən çəkim dərdi.

20.Əziziyəm can getdi,

Yaralandım qan getdi.

Qız boynun büküb ağlar,

Namurad oğlan getdi.

21.Əzizim gəştə getdi,

Xəncər gümüşdə getdi.

Arxam, ümidim vardı,

O da döyüşdə getdi.

22.Qaşların qarasından,

Qoy öpüm arasından.

Gec tapıb, tez ayrıldım,

Yarımın balasından.

23.Bağların divarından,

Şaxta gəlir qarından.

Təzə meyvə yetirdim,

Yemədim nübarından.

24.Bir quş gəlir Kərgərdən,

Kətan köynək, ağ gərdən.

Özün öldün qurtardın,

Məni qoydun sərgərdən.

25.Yaralandım yanımdan,

Quşlar doymaz qanımnan.

Bir bəlaya düşdüm ki,

Bezar oldum canımdan.

 

26.Sən məni dindirmisən,

Qəm atın mindirmisən.

Yıxıb atam evini,

Belimi sındırmısan.

27.Dağlar, necə dağlarsan,

Qardan kəmər bağlarsan.

Qoy ölsün əziz balan,

Bax gör necə ağlarsan.

28.Kərgədənəm, kərgədən,

Yoxdur məni öyrədən.

Ovçu bir ov ovladı,

O da bizim cərgədən.

Topladı:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.