...Tarix
bir millətin taleyində dönə - dönə qara səhifələrlə təkrarlananda çox vaxt bəxt
- tale deyilən bir anlayışla ya razılaşır, ya da öz fəaliyyətsizliyindən başına
gətirilən münasibətlərə xalqın içində bir üsyan baş qaldırır. Qəlbi təmizliyinə,
ürəyi açıqlığına, qonşularına yalnız firavan həyat arzulayan biz azərbaycanlıların
tarixi keşməkeşli günlər, qara səhifələrlə zəngindir. Çünki biz edilən pislikləri
tez unudur, sözün həqiqi mənasında tapdanan haqqımızın bərpasını tələb etməyi
bacarmırıq. Tarixin böyük bir amansızlığına düçar olan Azərbaycan xalqı işğalçı
dövlətlər arasındakı müharibələr nəticəsində ikiyə bölünmüş, lakin bu
parçalanma xalqımızın nə dilinə, nə dininə, nə də mədəniyyətinə təsir edə bilməmişdir....
Yaradılma məkanı 2 dəniz arası kimi seçilmiş, lakin heç vaxt mövcud olmamış
“böyük ermənistan” iddiası - türk dünyasının inkişafına əngəl olan “Qordi
düyünü” nə çevrilmişdir...Mənfur ermənilər torpaqlarımızda məskunlaşmağa
başlayan dövrdən xalqımıza qənim kəsilmiş, azərbaycanlıları öldürərək
torpaqlarımızda çoxluq əldə etmək istəmişlər. Öldürə bilmədiklərini isə nəyin
bahasına olursa - olsun öz doğma torpaqlarından qovmuşlar. Xalqımızı fiziki cəhətdən
məhv etmək planını həyata keçirərkən - ən iyrənc vasitələrdən - terror, kütləvi
qırğın, uşaqlara, qadınlara, qocalara aman verməmək kimi vasitələrdən istifadə
etmişlər...Keçən XX əsrdə xalqımız 5 dəfə soyqırım və deportasiyaya məruz
qalmışdır. Bunlar 1905-1907; 1918-1920; 1930-1938;1947-1953; 1988 - ci ildən bəri
baş verən məlum hadisələrdir.Biz xalqımızın düçar olduğu soyqırım günlərində şəhid
olanlarımızı anmaqla yanaşı, öz tariximizi də dərindən öyrənməliyik. ...
Hər
il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı
günü kimi qeyd olunur. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş
faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Erməni
millətçilərinin xalqımıza qarşı apardığı təcavüz, zorakılıq, soyqırım və
deportasiya siyasəti uzun bir tarixə malikdir.
Tarixi
hadisələrin düzgün işıqlandırılması problemi bu gün bəşəriyyəti düşündürən
vacib məsələlərdəndir. Azərbaycan xalqının həyatında isə elə böyük tarixi faciələr
vardır ki, onlar haqqında hələ də gənc nəslin, eləcə də dünya ictimaiyyətinin
lazımi səviyyədə məlumatı yoxdur. Ziyalılarımız, alimlərimiz uzaq və yaxın
keçmişimizdə baş verən hadisələri yazmaq, təfsilatı ilə gələcək nəslə çatdırmaq
üçün öz vətəndaşlıq borcunu yerinə yetirməlidirlər. Bu mənada ermənilərin əsrlərdən
bəri bəşəriyyət əleyhinə törətdikləri cinayətləri, xüsusilə azərbaycanlılara
qarşı apardıqları soyqırım və deportasiya siyasətini araşdırıb beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırmaq mühüm problemlərdəndir.Tarixi qaynaqlarla
tanışlıq zamanı, ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar,
deportasiya siyasətləri barədə məlumatları oxuduqca insanlıq əleyhinə yönəlmiş
vəhşi xislətli əməl sahiblərinə qarşı nifrət birə-min artır. İstər çar Rusiyası
dövründə, istərsə də Sovet hakimiyyəti illərində erməni siyasi dairələri tarixi
şəraitin verdiyi fürsətdən istifadə edərək öz məkrli niyyətlərini həyata
keçirmişlər. Ermənilərin azərbaycanlılara qarşı XX əsrdə həyata keçirdikləri
kütləvi qırğınlar, soyqırım və deportasiya aksiyaları məhz müəyyən tarixi şəraitin
onlara verdiyi fürsətin nəticəsi idi. Azərbaycanlılara qarşı müntəzəm olaraq
yeridilən bədnam soyqırımı və deportasiya siyasətinin yüzillərlə ölçülən uzun
tarixi vardır. XIX əsrin əvvəllərindən başlayaraq, ardıcıl olaraq tarixi Azərbaycan
torpaqlarında ermənilər kütləvi surətdə məskunlaşdırılmışlar. Qafqazda Ermənistan
dövlətinin yaradılması, azərbaycanlıların ata-baba yurdlarından qovulması,
onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.
Soyqırım və deportasiya prosesi mərhələlərlə, müxtəlif tarixi şəraitdə,
düşünülmüş planlar əsasında yerinə yetirilmişdir. Ermənilər xalqımıza qarşı
daim millətçilik, şovinizm ruhunda tərbiyə olunmuşdurlar. 1948-1953-cü illərdə
azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi
surətdə deportasiyası ermənilərin və onların havadarlarının II Dünya müharibəsinin
sonunda Sovet İttifaqının üstün mövqeyə çıxması ilə yaranan şəraitdən bəhrələnmək
siyasətinin növbəti mərhələsi oldu. 1944-cü ilin iyununda Ermənistan Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qurgen Arutinov məşhur sovet
tarixçisi akademik Yevgeni Tarleni İrəvana dəvət edərək, onunla “Qərbi Ermənistan”ın
Sovet Ermənistanına “qovuşdurulması” aspektlərini müzakirə etmişdi. Nəticədə
akademik Tarlenin Sov.İK(b)P MK-ya təqdim etdiyi arayış SSRİ Xalq Komissarları
Sovetinin sədri İosif Stalinin yanında müzakirə edilsə, də heç bir qərar qəbul
edilməmişdi. II Dünya müharibəsinin sonlarına yaxın ermənilərin Türkiyəyə qarşı
ərazi iddiası ilə SSRİ-nin Türkiyəyə hücum etmək planları üst-üstə düşürdü. İ.
Stalin Rusiya ilə Türkiyənin 1914-cü il sərhədlərini bərpa etmək, yəni Qars və
Ərdahan vilayətlərini yenidən Türkiyədən qoparmaq istəyirdi. Lakin Türkiyədən
qoparılması nəzərdə tutulan ərazilərin məskunlaşdırılması problemi qarşıya
çıxmışdı. Bu problemin xaricdə məskunlaşan Türkiyə əsilli ermənilərin hesabına
həll edilməsi nəzərdə tutulurdu. Stalin təqribən 100 min erməninin
immiqrasiyasını təşkil etmək haqqında tezliklə hökumətin qərarının olacağını
bildirir və Eçmədzin kilsəsinin bu işdə köməklik göstərməsini istəyirdi. Ermənilərin
xaricdən Ermənistana köçürülməsinə və paralel olaraq, azərbaycanlıların
deportasiya edilməsinə ciddi hazırlıq görülürdü.
Sovet
hökuməti azərbaycanlıların Ermənistandan köçürülməsinin (əslində, deportasiya
edilməsinin) zəruriyyətini Mingəçevir su anbarı tikilib istifadəyə verildikdən
sonra Kür-Araz ovalığında yeni suvarılan torpaq sahələrinin yaranacağı və həmin
torpaqlarda pambıq yetişdirmək üçün işçi qüvvəsinə ehtiyac olacağı ilə əsaslandırmağa
çalışrdı. 1945-ci il mayın 15-də Ermənistan Kommunist (b) Partiyası Mərkəzi
Komitəsinin birinci katibi Q. Arutinov məktubla İ. Stalinə müraciət edərək,
xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına “qaytarılması” haqqında qərarın
qəbul edilməsini xahiş edir. Arutinov 300 mindən artıq erməninin Sovet Ermənistanına
can atdığını, lakin ilk öncə “mövcud ədalətsizliyin” aradan qaldırılmasını - yəni
Dağlıq Qarabağ və Naxçıvan məsələsinin həll edilməsini xahiş edir. SSRİ Xalq
Komissarları Soveti 21 noyabr 1945-ci il tarixdə “Ermənilərin xaricdən Sovet
Ermənistanına qayıtmaları ilə əlaqədar tədbirlər haqqında” qərar qəbul edir.
Əslində köçürülüb gətirilən ermənilər heç vaxt indiki Ermənistan ərazisində
yaşamamışdılar. Lakin Sovet İttifaqının ərazisinə daxil olduqları andan etibarən
SSRİ vətəndaşı statusu verilməsi qərara alınır. Təkcə 1946-cı ildə Suriya,
Yunanıstan, Livan, İraq, Bolqarıstan və Rumuniyadan 50 min 900 nəfər erməni
immiqrasiya edilir. 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan,
Misir, İraq və Livandan 35,4 min nəfər erməni qəbul edilərək Ermənistanda yerləşdirilir.
Tarixçilər SSRİ-nin Türkiyəyə qarşı ərazi iddiasını II Dünya müharibəsindən
sonra SSRİ ilə Qərb dövlətləri arasında “soyuq müharibənin” başlanğıc mərhələsi
kimi izah edirlər. Ermənilər Sovet hökumətinin köməyi ilə Qars və Ərdahanı ələ
keçirmək fürsətini əldən versələr də, 100 mindən artıq azərbaycanlı əhalinin
tarixi-etnik torpaqlarından deportasiya edilməsinə nail oldular. 1947-ci il
dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin
Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar
qəbul edir. Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük
prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı
əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. Qərarın 1-ci bəndində
1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin
köçürülməsi nəzərdə tutulurdu. Həmin qərarın 11-ci bəndində göstərilirdi ki,
Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan
SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları
tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsi
üçün istifadə etsinlər. “Digər azərbaycanlı əhali” kateqoriyasına açıqlıq gətirilməsə
də, aydın olurdu ki, bu kateqoriya altında Ermənistanın şəhərlərində yaşayan fəhlələr
və kolxozçu olmayan azərbaycanlıların köçürülməsi nəzərdə tutulurdu. 10 mart
1948-ci il tarixdə SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il tarixli qərarına əlavə
olaraq “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan
SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” ikinci qərar
qəbul etmişdir. 1948-ci ilin sonunda Azərbaycan SSR Nazirlər Sovetinin sədri
Teymur Quliyev SSRİ Nazirlər Soveti sədrinin müavini V. Malenkova ünvanlandığı
27 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli yuxarıda sadalanan qərarlarının
yerinə yetirilməsinin vəziyyəti haqqında hesabat xarakterli məktubunda Kür-Araz
ovalığına köçürülən əhali üçün bütün zəruri şəraitin olmadığı - yaşayış üçün mənzillərin
olmaması, torpağın yararlı hala salınmaması, su təchizatının həll edilməməsi,
sanitar-profilaktik müəssisələrinin olmaması vurğulanırdı. SSRİ hökumətinin azərbaycanlıların
köçürülməsi haqqında verdiyi qərarlar Ermənistan hökumətinə şans vermişdi ki,
İrəvan ətrafında və Ermənistanın sərhədləri boyunca mövcud olan azərbaycanlı
yaşayış məntəqələrini köçürmək yolu ilə birdəfəlik xəritədən silə bilsin. Arxiv
sənədlərində İrəvan şəhərindən azərbaycanlıların deportasiyasına dair faktlar
öz əksini tapmışdır. Köçürülənlər əsasən onların Ermənistanda yaşadıqları
rayonların iqlim şəraitinə uyğun olmayan, Zərdab, Əli-Bayramlı, Kürdəmir,
Göyçay, Tərtər, Salyan, İmişli, Sabirabad, Beyləqan, Yevlax, Ucar, Saatlı
rayonlarında yerləşdirilmişdilər ki, onların da bir qismi yoluxucu xəstəliklərə
düçar olaraq tələf olmuşdular. Köçürülənlər üçün yeni mənzillər tikilib istifadəyə
verilmədiyindən onlar əsasən ictimai binalarda, yararsız tikililərdə,
anbarlarda, tövlələrdə, yerli əhalini sıxışdırmaq yolu ilə onların mənzillərində
yerləşdirilmişdi. 1953-cü ildə İ.Stalinin ölümündən sonra azərbaycanlıların
tarixi-etnik torpaqlarından deportasiyası sürəti azalmış və yaşayış şəraiti
ağır olan əhalinin öz əvvəlki yer-yurdlarına geriyə qayıtması prosesi sürətlənmişdir.
Azərbaycanlıların deportasiyası nəticəsində Ermənistan rəhbərləri Qərbi Azərbaycanda
azərbaycanlıların izinin silinməsinə nail oldular. Ermənistandan azərbaycanlıların
deportasiyası başa çatdırıldıqdan sonra digər bir prosesə start verildi. Ermənistanda
yaşayan əhalinin azalmasını bəhanə edərək rayon və respublika miqyasında müəyyən
vəzifələr tutan azərbaycanlı kadrların ermənilərlə əvəz edilməsi aksiyası həyata
keçirildi. 1948-53-cü illər deportasiyası nəticəsində İrəvan şəhərinin azərbaycanlı
əhalisi yarıbayarı azalmışdı. Araşdırmalar göstərir ki, azərbaycanlıların
indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından köçürülməsi
(deportasiyası) haqqında SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarı
artıqlaması ilə yerinə yetirilmişdir. Həmin qərarla Ermənistanın 22 rayonundan
100 min azərbaycanlının köçürülməsi nəzərdə tutulmuşdusa da, əslində, adi insan
hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar
rejimin mövcud repressiya qaydaları zorakı üsullarla həyata keçirilmiş, 24
rayondan və İrəvan şəhərindən (200-dən artıq yaşayış məntəqəsindən) təqribən
100 min nəfər azərbaycanlı deportasiya edilmişdir.
Xalqımıza
qarşı bu qəddar tədbirlərə, soydaşlarımızın həyatına və əmlakına qarşı
zorakılıqlara yalnız 50 il keçdikdən sonra hüquqi qiymət verildi. 1997-ci il
dekabrın 18-də Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı fərmanla
1948-53 - cü illərdə Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası
etnik təmizləmə və soyqırımı siyasəti kimi qətiyyətlə pislənildi. 1998-ci il 26
mart tarixli digər fərmanla “31 mart azərbaycanlıların soyqırımı günü” elan
edildi. Beynəlxalq ictimaiyyət hələ də 1948-1953-cü illərdə Azərbaycan xalqının
başına gətirilən bu faciənin miqyasından xəbərsizdir.
(mənbə: Azərbaycan Respublikası Prezidenti
Kitabxanası)
Mən belə düşünürəm:
Mən yanvaram - 1990-cı ildə yuxusuz gecələrdə
meydanlarda tonqal qalayıb xalqının xoş gələcəyini xəyallarında quran, əslində
isə öz ölümünü gözləyən şəhidlərin haqq səsiyəm.
Mən fevralam -1992-ci ildə Xocalı faciəsini gözləri ilə
görən fevral... Bu gözlər əsrin ən dəhşətli faciəsini gördü…
Mən martam - 1918-ci il 31 mart. Mən yeni açilmiş yaz
çicəklərinin üzərinə səpələnmiş günahsız qurbanların saçlarını darayan sərin səhər
mehiyəm...
Mən apreləm - 2016-cı il döyüşə atılan Azərbaycan əsgərinin
nərə səsiyəm.
Mən sentyabıram - 2020-ci il 27 sentyabr. Azərbaycan
xalqının səbir kasasının dolduğu ayam. Azərbaycan Respublikası, Silahlı Qüvvələrinin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmriyəm.
Mən noyabıram- 2020-ci il 8 noyabr. Dünya hərb
tarixində bir ilk. Düşmən üzərində “Dəmir yumruq”. Dünyanı heyrətə salan 44 günlük
Vətən müharibəsi. Zəfər günü.
Qarabağ Azərbaycandır!
Mən sülh tərəfdarıyam! Var olsun Azərbaycan! Var olsun
dövlətimiz!
Soyqırım və deportasiya qurbanlarının, vətənimizin ərazi
bütövlüyü uğrunda öz əziz canlarından keçənlərin ruhu qarşısında baş əyir,
xalqımıza səbir və dəyanət arzulayıram!
Hazırladı: Əsədov Seyyub Əsəd
oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi,
“Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika
Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi
(2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli
Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar
üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi
metodikası” adlı metodik vəsait müəllifi).