Tarix
fənninin tədrisində elmilik prinsipinə əməl olunması vacib şərtdir
XX
əsrin 90-cı illərində dünyada baş verən qlobal dəyişikliklər, soyuq müharibənin
başa çatması, müstəqil dövlətlərin, yeni sosial-iqtisadi və siyasi sistemlərin
formalaşması cəmiyyət həyatının bütün sahələrində münasibətlərin yeni məzmununun
yaranması zərurətini doğurdu. Belə bir dövrdə təhsilin məzmunu, tədris prosesinə
yanaşmalar da köklü şəkildə dəyişildi və yeni tarixi şəraitə uyğun
innovasiyaların tətbiq sahəsi tədricən genişləndirilməyə başladı. Aydın məsələdir
ki, əgər təhsilin məzmunu dəyişirsə, deməli həm də ayrı-ayrı fənlər üzrə
standartların, proqram və dərsliklərin dəyişməsi nəzərdə tutulur. İlk növbədə,
məzmun baxımından köklü şəkildə dəyişən fənlər sırasında tarix fənnini xüsusi
qeyd etməliyik. Çünki bilavasitə cəmiyyətdəki hadisə və proseslərlə bağlı olan
tarix fənninin o zamankı məzmunu sinfi mübarizə, ehkamçılıq və formalizm
prinsipləri üzrə qurulmuş və real gerçəkliyi əks etdirmirdi.
Ulu
Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış “Azərbaycan
Respublikasında təhsil sahəsində İslahat
Proqramı” 1999-cu ildə təsdiq edildikdən sonra ölkəmizdə təhsilin bütün
istiqamətləri üzrə geniş islahatlar həyata keçirilməyə başlandı. Bu islahatlar
bu gün də ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü şəkildə
uğurla davam etdirilir. Qeyd edək ki, ötən illər ərzində mütəmadi olaraq təhsilin,
o cümlədən tarixin tədrisinin məzmunu təkmilləşdirilmiş və bu gün də məzmun, təlim
texnologiyaları daha da müasirləşir, innovativ yanaşmalar öyrənilir, tədqiq və tətbiq olunur.
Araşdırmalar
göstərir ki, ölkəmizdə “Tarix müəllimliyi” ixtisası üzrə kadr hazırlanmasında
tarixin tədrisi metodikası fənni xüsusi əhəmiyyət kəsb edir. Bu fənnin məzmunu
tarixin tədrisi metodikasının bir elm kimi formalaşması tarixini, eyni zamanda
ümumtəhsil məktəblərində tarixin tədrisi məqsədi, vəzifələri, tarix fənninin, dərsliklərinin
struktur və məzmunu, tarixi bilik və bacarıqların formalaşdırılması, yeni təlim
texnologiyalarının, standartların, strategiyaların mahiyyəti və tətbiqi,
şagirdlərin tarixi şüurunun, dövlətçilik təfəkkürünün, şəxsiyyətinin
formalaşdırılması, mənəvi tərbiyəsi və digər məsələləri əhatə edir. Ümumiyyətlə,
tarixin tədrisinə müasir yanaşmalar tarixin tədrisi metodikasının aktual
problemləri kimi mühüm əhəmiyyət kəsb edir. Ciddi əhəmiyyətliliyi ilə həmişə
seçilən belə bir elm sahəsi üzrə respublikamızda elmi-pedaqoji kadr
hazırlığının genişləndirilməsi vacib məsələ kimi diqqəti cəlb edir. Bu, həm də ali məktəblərdə kadr potensialının
lazımi səviyyədə təmin olunmasına zəmin yaradır.
Məlumdur
ki, ümumtəhsil məktəblərində tarixin tədrisi sistemli şəkildə həyata keçirilir.
V siniflərdə Azərbaycan tarixi fənni tədris olunur və onun məzmunu
epizodik hekayələr üzərində formalaşdırılıb. VI sinifdən XI sinfə qədər isə Azərbaycan
tarixi və ümumi tarix (dünya tarixi) ayrı-ayrı fənn olmaqla konsentrik prinsiplə
tədris olunur. Bu, ilk növbədə, Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində
təmayülləşmənin tətbiqi ilə bağlıdır. Belə ki, IX sinifdə ümumi orta təhsil
başa çatdığından tarixin sistematik tədrisinin birinci konsentri VI-IX sinifləri,
XI sinifdə isə tam orta təhsil başa çatdığına görə tarixin sistematik tədrisinin
ikinci konsentri X-XI sinifləri əhatə edir.
Hər
iki konsentrdə tarix siniflər üzrə müvafiq
dövrlərə uyğun tədris olunur. Belə
ki, VI sinifdə ən qədim dövrdən başlayaraq eramızın III-V əsrlərinədək, VII
sinifdə III-V əsrlərdən XVI əsrin ikinci yarısınadək, VIII sinifdə XVI əsrin
ikinci yarısından XVIII əsrin sonu, XIX əsrin əvvəllərinədək, IX sinifdə isə
XIX əsrin əvvəllərindən bu günümüzədək
olan tarixi hadisə və proseslər fənnin məzmununa daxil edilib.
X-XI
siniflərdə tədris prosesi təmayülləşmə əsasında həyata keçirildiyindən burada tədrisin
təşkili, o cümlədən Azərbaycan tarixi və
ümumi tarixin tədris xüsusiyyətləri fərqlidir.
Belə ki, X sinifdə ən qədim dövrdən XVIII əsrin sonu, XIX əsrin əvvəllərinədək,
XI sinifdə isə yeni və ən yeni dövrün hadisə və prosesləri öyrənilir.
Ümumtəhsil
məktəblərində Azərbaycan tarixi və ümumi tarix fənləri ilə bərabər fakültətiv fənn
kimi Zəfər tarixi (IX siniflərdə həftədə 1 saat) və Ortaq türk tarixi (VIII
siniflərdə həftədə 1 saat) fənləri də tədris olunur.
Qeyd
edək ki, tarix fənni ümumtəhsil fənləri içərisində özünün məqsədi, vəzifələri və
şəxsiyyətin formalaşdırılmasına təsir gücü baxımından xüsusilə fərqlənir. Tarix
fənninin məzmunu, ilk növbədə, tarix elminin əldə etdiyi nailiyyətləri əks
etdirir. Tarix elmi isə cəmiyyətin, bəşəriyyətin keçdiyi tarixi yolu öyrənməklə
siyasi, iqtisadi, sosial və mədəni sahədə inkişafın dinamikasını, xüsusiyyətlərini,
tarixi zaman və məkan əlaqələrini, dövlətlərin, şəxsiyyətlərin münasibətlər
sistemindəki rolunu, mövqeyini, onların xalqa, millətə verdikləri töhfələri üzə
çıxarır, bəzi hadisə və proseslərin acı nəticələrini göstərməklə keçmişdən dərs
almaq və gələcək perspektivləri müəyyənləşdirmək imkanları yaradır.
Bir
qayda olaraq, hər sinifdə ilk dəfə tarixin tədrisinə başlayarkən əvvəlcə
şagirdlərə fənn haqqında ümumi məlumat verilməli, nəyin öyrəniləcəyi, hansı
xronoloji çərçivədən bəhs olunacağı nəzərə alınmalıdır. Eyni zamanda nə məqsədlə,
hansı yollarla öyrədilmə, sonda hansı təlim nəticələrinin əldə olunması məsələləri
də daim diqqətdə saxlanılmalıdır.
Diqqətçəkən
vacib məqamlardan biri budur ki, indi sovet dövründən fərqli olaraq tarixin
obyektiv, elmi əsaslarla, demokratik, humanist məzmunda tədrisi üçün geniş
imkanlar yaranıb. Müasir dövrdə milli və ümumbəşəri dəyərləri nəzərə alan yeni
təhsil standartları dərsliklərin, digər tədris resurslarının hazırlanması, təlim
prosesində müstəqil yanaşmaların tətbiqi üçün əlverişli şərait yaradır, fənn müəlliminin
azad, sərbəst fəaliyyətinə təminat verir.
Müasir
yanaşmalar imkan verir ki, şagirdlərdə aşağıdakı bacarıqlar formalaşdırılsın:
-
mühüm hadisə və proseslərin xronoloji çərçivəsini müəyyənləşdirərək cədvəllər
hazırlamaq;
-
tarixi hadisə və prosesləri öyrənmək üçün müvafiq mənbələri seçməklə müxtəlif
baxışları dəyərləndirmək;
-
insanların həyat təzindəki dəyişiklikləri dövrə aid yazılı və maddi mənbələr əsasında
müəyyən etməklə referatlar, təqdimatlar hazırlamaq;
-
xalqların formalaşması tarixini, inkişafının xarakterik cəhətlərini dəyərləndirmək;
-
sosial-iqtisadi inkişafın xüsusiyyətlərini müəyyənləşdirmək, zaman və məkan baxımından əlaqələndirmək;
-
dövlətlərin yaranması, dövlətçilik ənənələrinin inkişaf xüsusiyyətlərini dəyərləndirmək;
-
dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini əsaslandırmaq;
-
cəmiyyətin, dövlətin inkişafında tarixi şəxsiyyətlərin rolunu dəyərləndirmək;
-
mədəniyyətin inkişafına təsir edən amilləri şərh etmək, Azərbaycan və dünya mədəniyyətlərini
xarakterik əlamətlərinə görə müqayisə etmək və s.
Araşdırmalar
göstərir ki, bu gün şagirdlərin tarixi bilik və bacarıqları dərsliklə bərabər
digər tədris resurslarından da əldə etmək imkanları xeyli genişlənib. Lakin istər
dərslik, istərsə də əlavə təlim materialları ənənəvi qaydada öyrənilmir. Tarixi
faktları əzbərləmək hələ tarixi bilik və bacarıqlara yiyələnmək anlamına gəlmir.
Tarix elmini, fənnini öyrənmək insana yüksək mənəvi keyfiyyətlər bəxş edir. Ona
görə də fakt, hadisə və prosesləri dərk edərək, tarixilik, müasirlik və gələcək
perspektivlər kontekstində öyrənmək, tarixi mənəvi dəyər kimi qiymətləndirmək,
onu sevmək, yüksək insani hisslər kimi yaşatmaq, gələcək nəsillərə ötürmək və
ondan nəticə çıxarmaq lazımdır. Tarix bizim ata-babalarımızın keçdiyi həyat
yoludur. Bu həyat yolunun tarixi izləri, şanlı tarixi səhifələri, faciəli
anları, bu yolda zülmə, müstəmləkəçiliyə qarşı, azadlıq uğrunda mübarizə əzmi
unudula bilməz. Ona görə də tarixin obyektiv öyrənilməsi vacibdir.
M.K.Atatürkün təbirincə desək, tarix yazmaq tarix yaratmaq qədər mühümdür,
tarix yazan tarix yaradana sadiq qalmalıdır, əgər belə olmasa, onda məqsəd bəşəriyyəti
çaşdırmaqdan başqa bir şey olmaz. Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyev də tarixin olduğu kimi, obyektiv öyrənilməsinin çox əhəmiyyətli olduğunu
tövsiyə edir, tarixi həm də dəyər kimi yüksək qiymətləndirirdi. Ona görə də təlim
prosesində hər bir mövzu üzərində şagirdlərin ciddi təhlillər aparması, tədqiqatyönlü
müstəqil işlərinin təşkili, bu və ya digər məsələ ilə bağlı geniş müzakirələrə
cəlb edilməsi, problemə münasibətdə onların öz mövqeyinin öyrənilməsi və s. tələb
olunur. Dərsin təşkilinə belə yanaşma təlim prosesində şagirdlərin fəallığının
təmin olunmasına, dərketmə qabiliyyətlərinin inkişafına, tarix fənninə
marağının artırılmasına,vətəndaş-şəxsiyyət kimi formalaşmasına zəmin yaradır.
Tarix
və onun tədrisi problemləri hər bir mütəxəssisdən, fənn müəllimindən bu məsələlərə
çox diqqətli, həssas yanaşma tələb edir. Dünyanın bütün ölkələrində həm milli
tarix (Vətən tarixi - ayrı-ayrılıqda hər bir ölkənin tarixi), həm də dünya
tarixinin öyrənilməsində millilik və bəşərilik aspekti vəhdətdə nəzərə
alınmalı, tədrisdə sinxronluğa, əlaqəliliyə ciddi əhəmiyyət verilməlidir. Ölkə
tarixi də dünya tarixinin tərkib hissəsi olduğundan Vətən tarixinin dünya
tarixində yeri, rolu, bəşəriyyətə verdiyi töhfələr və s. qeyd edilməlidir.
Elmi
araşdırmalardan aydın olur ki, milli birliyin yaradılmasına milli tarixin-Vətən
tarixinin tədrisi güclü təsir göstərir. Deməli, tədris prosesində millilik
amili vacibdir. Burada bir anlayış kimi
diqqət çəkən millilik ifadəsi hər bir kəsin
millət, vətən, dövlət qarşısında borcunun tələb olunan səviyyədə dərk olunması
ilə bağlı şəkildə izah edilə bilər. Təcrübə göstərir ki, tarixin milli məzmunda
elmi əsaslarla tədrisi şagirdlərdə milli dəyərlərə, milli mədəniyyətə hörmət
hissi formalaşdırmaqla həm də onlarda bəşəri dəyərləri obyektiv qiymətləndirmək
imkanları yaradır. Beləliklə, şagirdlər həm də dünya xalqlarının mədəni irsinə
hörmətlə yanaşır, onların bəşər tarixində rolu və yerini aydın dərk edir və dəyərləndirirlər.
Lakin dünya ölkələrində tarixin tədrisi təcrübəsi göstərir ki, heç də bütün ölkələrdə
məsələyə belə yanaşılmır. Çox təəssüf ki, bəzi ölkələrdə tarix tədrisinin məzmunu
elmi prinsiplər əsasında formalaşdırılmayıb. Məsələn, Azərbaycanın tarixi
torpaqlarında yaradılmış Ermənistan Respublikasında tarixin məzmunu başqa
xalqlara nifrət ruhunda formalaşdırılıb. O ölkədə tarixin tədrisi məzmunu saxta
ideyalar əsasında müəyyən olunub. Dünya xalqlarının, o cümlədən Azərbaycan və
digər türk xalqlarının milli irsini mənimsəməyə
cəhd edən ermənilər saxta tarix yazır, şagirdlərini şovinist ruhda böyüdürlər.
Ermənilərin Cənubi Qafqaza köçürülməsi, XIX yüzillikdən etibarən burada məskunlaşmaları
və 1918-ci ildə tarixi Azərbaycan torpaqlarının kiçik bir hissəsində dövlət yaratmaları üçün onlara güzəştə gedilməsi barədə danılmaz
faktlar mövcuddur. Çox təəssüf ki, tarixi həqiqətləri dilə gətirməyən ermənilər
həmişə işğalçı mövqedən çıxış edib, türk-müsəlman əhalisinə, azərbaycanlılara
qarşı soyqırımlar törədib, Azərbaycana məxsus digər əraziləri də tədricən işğal
edib, işğal etdiyi ərazilərdə Azərbaycan toponimlərini dəyişdirib, milli-mənəvi,
mədəni dəyərlərimizə böyük zərbə vurub.
Azərbaycan XX yüzilliyin sonlarında müstəqilliyə qədəm qoyarkən Ermənistan yenə də işğalçılıq planlarına uyğun olaraq torpaqlarımızı işğal etməyə başladı. Azərbaycan Respublikasının ərazisinin 20 faizini işğal etdi. Azərbaycan xalqına qarşı Xocalıda (26 fevral 1992) və digər bölgələrimizdə soyqırımılar törətdi. Xocalıda baş verən hadisələr nəinki Azərbaycan, bütövlükdə dünya tarixinə XX yüzilliyin faciəsi kimi yazıldı. Bu soyqırımı hadisəsi o zaman da, bu gün də dünya mətbuatının diqqət mərkəzində olub. Lakin bu və ya digər tarixi faktlar Ermənistanda saxtalaşdırılır, erməni şagirdlərə ədalətdən, həqiqətdən uzaq, yalan, saxta tarix öyrədilir, erməni terroru və təcavüzünə haqq qazandırılır. Təhsilin, o cümlədən tarixin tədrisinin elmdən kənar, belə bir antihumanist məzmunda formalaşdırılması yolverilməzdir. Bu baxımdan, tarix fənninin tədrisində elmilik prinsipinə əməl olunması olduqca vacib şərtdir. Tarixi şərait səbəb-nəticə əlaqələri əsasında, zəngin informasiya mənbələrindən istifadə etməklə ciddi araşdırılmalıdır. Bu mənbələr müqayisə edilməli, nə zaman, nə məqsədlə, kim tərəfindən yazıldığı müəyyənləşdirilməli, ciddi təhlil olunmalı, həmçinin əhəmiyyəti aydınlaşdırılmalıdır.
Elmi
tədqiqatlar göstərir ki, proqram və dərsliklər nə qədər təkmilləşsə də təlimin səmərəliliyinin
yüksəldilməsində müəllim amili əsasdır.
Ona görə də tarix fənninin tədrisində müəllimin mövqeyi, onun fəaliyyət
istiqamətləri şagirdlərin bilik və bacarıqlara yiyələnməsində, eyni zamanda
onların bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Müəllim təlim
prosesində şagirdlərin tarixi, tənqidi və yaradıcı təfəkkürünü formalaşdırmaq
üçün tədqiqatyönlü müstəqil
tapşırıqların yerinə yetirilməsinə, dərsdə geniş müzakirələrin aparılmasına,
müvafiq mövzu ilə bağlı şagird
mövqeyinin əsaslandırılmasına və s. şərait yaratmalıdır. Bu münasibətlərdə
demokratiklik, humanistlik, tolerantlıq prinsipləri nəzərə alınmalıdır.
İnnovasiyalara əsaslanan belə bir metodika, tarixin tədrisi texnologiyası
şagirdlərdə özünəinam hissi yaradaraq onları tarixi keçmişi daha dərindən öyrənməyə,
vətən, millət və bəşəriyyət
anlayışlarını, vətəndaşlıq mövqeyini dərk etməyə, milli və bəşəri dəyərlər
ruhunda tərbiyələnməyə istiqamətləndirir.
Qeyd
etdiklərimizi ümumiləşdirərək belə qənaətə gəlirik:
1.
Azərbaycanda tarix fənninin məzmunu elmi obyektivlik, demokratiklik,
humanistlik prinsipləri əsasında formalaşdırılıb.
2.
Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində tarixin məzmun komponenti
kimi milli və bəşəri dəyərlərin vəhdətdə öyrənilməsinə xüsusi əhəmiyyət verilir.
3.
Tarixin tədrisi prosesində müasir pedaqoji-metodik yanaşmalara üstünlük verilir.
4.
Müəllim hazırlığı, o cümlədən tarix müəllimi hazırlığı beynəlxalq standartlara
uyğun olan milli standartlar əsasında həyata keçirilir və səmərəli nəticələr
verir.
5.
Bütün dünya ölkələrində tarixin tədrisi məzmununun elmi prinsiplər əsasında formalaşdırılması
yaxşı olardı.
6.
Bütün dünya ölkələrində tarix fənninin məzmunca milli, eyni zamanda demokratik,
humanist dəyərlər əsasında müəyyənləşdirilməsi vacibdir.
Aşağıda
təqdim etdiyimiz mövzuların tədqiqat kimi araşdırılması məqsədəuyğun olardı:
1.
Tarixin tədrisinin tərbiyə imkanları.
2.
Azərbaycanın dövlətçilik tarixində tarixi şəxsiyyətlərin rolu və onların həyat
və fəaliyyətinin təhsilalanlara öyrədilməsi.
3.
Ümummilli Lider Heydər Əliyev irsi Azərbaycan tarixinin tədrisinin metodoloji əsası
kimi.
4.
İnteraktivlik tarixin tədrisi keyfiyyətinin yüksəldilməsi vasitəsi kimi.
5.
Azərbaycan tarixinin tədrisində Əli bəy Hüseynzadə irsindən istifadə üzrə işin
sistemi.
6.
Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə (2020-ci il 27 sentyabr - 10
noyabr) tarixi çıxışları (nitqləri) yeniyetmə gənclərin vətənpərvərlik tərbiyəsinin
vasitəsi kimi.
7.
Azərbaycan tarixinin tədrisində təhsilalanlarda vətəndaşlıq keyfiyyətlərinin
formalaşdırılması.
8.
Şagirdlərdə azərbaycançılıq ideologiyasının (təfəkkürünün) formalaşdırılması.
9. Tarixi biliyin məzmunu və şagirdlərdə milli mənlik
şüurunun (dövlətçilik şüurunun) formalaşdırılması problemi.
10. Tarixin tədrisində şagirdlərdə tədqiqatçılıq
bacarıqlarının formalaşdırılması.
11. Zəfər tarixi şagirdlərin milli ruhda tərbiyəsi
vasitəsi kimi.
12. Yeni təlim texnologiyalarından istifadənin tarix təlimi keyfiyyətinin yüksəldilməsinə təsiri.
13. Şagirdlərin müstəqil işinin təşkilində İKT-dən
istifadə imkanları və yolları.
14. Əyani metodlardan istifadənin tarixin təlimi
keyfiyyətinə təsiri.
15. Tarixin tədrisində şagirdlərdə tənqidi təfəkkürün
formalaşdırılması.
16. Tarixin tədrisində şagirdlərdə dəyərləndirmə
(qiymətləndirmə) bacarıqlarının formalaşdırılması.
17. Tarixin tədrisində azərbaycanlıların
soyqırımına dair mənbələrdən istifadənin elmi-pedaqoji əsasları.
İntiqam CƏBRAYILOV, Azərbaycan Respublikasının Təhsil
İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri
doktoru, professor