![]() |
2025-ci il
yanvarın 1-dən Yer üzünə yeni nəslin ilk nümayəndələri - Beta nəsli gəldi.
Onlar Alfa nəslini (2010-2024-cü illər təvəllüdlü) əvəz edərək müasir dövrün
başlanğıcını qoyacaq körpələrdir. “Azərbaycan
müəllimi” ABŞ-nin “The New York Post” qəzetinə istinadən xəbər verir ki,
2025-ci ilin ilk günlərindən dünyaya gələn Beta nəsli problemlərlə dolu bir
dünyada böyüməli və inkişaf etməli olacaq. Çoxları XXII əsri də yaşayacaq.
Qlobal iqlim dəyişikliyi, kütləvi miqrasiya və urbanizasiya onların qaçılmaz
reallığına çevriləcək. Davamlı inkişaf artıq onlar üçün bir seçimdən daha çox
yerinə yetirilməli olan sosial normaya çevriləcək. İlk dəfə “Alfa nəsil” terminini işlədən sosial tədqiqatçı
və futuroloq Mark McCrindle öz bloqunda yazır ki, gələcək nəsil uşaqlar "əhəmiyyətli
sosial problemlərlə üzləşən dünyanı miras alacaqlar". "İqlim dəyişikliyi,
qlobal əhali miqrasiyası və sürətli urbanizasiyanı nəzərə alsaq, davamlı
inkişaf sadəcə üstünlük deyil, gözləntiyə çevrilir", - deyə McCrindle
yazır. M.McCrindle həmçinin bildirir ki, 2035-ci ilə qədər beta nəsil dünya əhalisinin
16%-ni təşkil edəcək və süni intellektlə işləyən dünyada yaşayacaq. “Biz
onları “Alfa” və “Beta” adlandırdıq ki,
bu, sadəcə yeni nəsilləri deyil, eyni zamanda tamamilə fərqli bir dünyada
formalaşacaq ilk nəsilləri ifadə etsin. Yunan əlifbasına keçid bu nəsillərin
yeni texnoloji dövrə necə inteqrasiya edəcəyini vurğulayır”, - deyə M.McCrindle
bildirib. Lakin
onların uşaqlığı və gəncliyi əvvəlki nəsillər üçün futuristik elmi fantastika
kimi görünən şəraitdə keçəcək. Beta nəsli süni intellekt və
avtomatlaşdırmanın təhsil və iş yerlərindən tutmuş səhiyyə və əyləncəyə qədər
gündəlik həyata tam şəkildə daxil olduğu bir dövrdə yaşayacaq. Alimlər əmindirlər
ki, beta nəsli təkcə texnologiyaya çıxış sayəsində deyil, həm də onun ətraf
dünyaya tam inteqrasiyası sayəsində həqiqətən rəqəmsal olacaq. M.McCrindle eyni
zamanda Beta nəslinin əsasən Z nəslinin nümayəndələri olan valideynlərindən fərqli
olaraq sosial şəbəkələrdən istifadəyə fərqli bir yanaşma tətbiq edə biləcəyini
proqnozlaşdırdı. “Millennium nəslinin bir çox valideynləri uşaqlarının həyatını
sənədləşdirmək üçün sosial şəbəkələrdən istifadə etsələr də, Z nəsli gənc
yaşlarından sosial şəbəkələrdən istifadənin həm müsbət cəhətləri, həm də mənfi
təsirləri ilə bağlı problemləri daha çox bilir. Z nəslinin valideynləri çox
güman ki, uşağının ekranda keçirdiyi vaxtı məhdudlaşdırmağın onlar üçün
prioritet olduğunu tam qəbul edəcəklər”. M.McCrindle önümüzdəki onilliklər üçün
sosial və iqtisadi strategiyaların hazırlanmasında Beta nəslinin xüsusiyyətlərini
nəzərə almağın vacibliyini vurğulayır.
Yeni nəslin xüsusiyyətləri
Sadə dillə
desək, Beta nəsli 2025-2039-cu illər arasında doğulanlar kimi müəyyən edilir.
Reallıq təsdiqləyir ki, alqoritmlər və avtomatlaşdırma həqiqətən həyatımıza
getdikcə daha çox daxil olacaq. Əşyaların interneti, ağıllı qurğular arasında
ünsiyyət, avtonom sistemlərin inkişafı - bütün bunlar tədricən adi hala
çevrilir. Beta nəsli
uşaqları özü idarə olunan avtomobillər, ağıllı evlər və mətbəxlərin əhatəsində
böyüyəcəklər. Onlar alqoritmlərin öz yaradıcılarından asılı olmayaraq
artıq fəaliyyət göstərdiyi bir dünyada özlərinə yer tapacaq. Mühüm vəzifə
onlara bu alqoritmlərin necə işlədiyini, onları kimin və hansı məqsədlə
yaratdığını başa düşməyi öyrətmək olacaq.
Texnoloji tərəqqiyə baxmayaraq, insan komponentinin deqradasiyası riski
var. Ağıllı sistemlər inkişaf edir, lakin insanlar əks istiqamətdə hərəkət
edir. Yeniyetmələrin sosial mediada yaşadığı dünyada onlara informasiya
haqqında tənqidi düşünməyi öyrətmək vacibdir. Bu bacarıq təkcə verilənlərlə işləməkdə
deyil, həm də gündəlik həyatın bir hissəsinə çevrilən alqoritmləri başa düşməkdə
əsas olacaq. Eyni
zamanda cəmiyyət ciddi bir sual ilə qarşılaşacaq: avtomatlaşdırmanın adi peşələrdən
kənarlaşdıracağı insanları nə ilə məşğul etmək lazımdır? Bu cür
narahatlıqlar on illərdir səslənsə də, tarix göstərir ki, yeni texnologiyaların
ixtirası dizayn və istehsaldan tutmuş maşın idarəçiliyinə qədər işçi qüvvəsinə
tələbat yaradır. Ölkə yalnız qlobal dəyişikliklərə uyğunlaşmaq üçün deyil, həm
də onların formalaşmasında iştirak etmək üçün sənayeni canlandırmalıdır.
"Beta" nəslinin ümumi tərəqqiyə və ya qaçılmaz tənəzzülə şahid
olub-olmaması bundan asılıdır.
Fərqli nəsil
Rəqəmsallaşma
və süni intellektin zirvədə olduğu dünyaya göz açan Beta nəslinin xüsusiyyətləri
nədir? Dünya tarixi nəsillərin bir-birini əvəzetməsinə şahiddir. Sənayenin,
elmin, məhsuldar qüvvələrin, texnologiyanın inkişafı ilə əlaqədar nəsillər də fərqli
şəkildə özünü büruzə verir. İlk nəsil - Boomer nəsli 1946-1964-cü illər
arasında, müharibədən sonra dünyaya gələnlərdir. X nəsli 1965-1980-ci illər
arasında doğulanlardır. Onlar ümumiyyətlə intizamlı və çalışqan olmaları ilə
seçilirlər. Y nəsli 1980-1996-cı illər arasında doğulmuş nəsildir. Bəzi
futuroloqlar 2000-ci ilə qədər doğulanları da Y nəslinə aid edirlər. Z nəsli
1997-2010-cu illər arasında doğulmuş nəslin nümayəndələridir. Z nəslinin
başlanğıc və bitmə tarixi də mübahisəlidir. Bəziləri Z nəslinin 2015-ci ilə qədər
mövcud olduğunu iddia edir. Alfa nəsli isə Z nəslindən sonra 2010, 2015 və
2025-ci illər arasında doğulmuş nəsildir. Onlar Y nəslinin uşaqlarıdır. 2025-ci
ildən sonra doğulan körpələr isə artıq Beta nəslinin üzvləri kimi qəbul
olunmaqdadır. Bu uşaqlar da Z nəslinin övladları olaraq doğulacaqlar. Onların
valideynləri - Z nəsli texnologiyanın inkişaf etdiyi illərdə anadan olublar. Beta
nəsli süni intellektin təhsil sistemlərində ön plana çıxdığını görəcək. Öyrənmə
proseslərində insanlar deyil, texnologiya daha çox iştirak edəcək. Rəqəmsal
inteqrasiya ən çox Beta nəslinə təsir edəcək. Texnologiya dünyasında doğulan
Beta nəsli, süni intellektin və rəqəmsallaşmanın daha da irəli getməsinə imkan
verəcək.
Nəticə
Nəsillər
anlayışı yeni deyil. Hələ 1990-cı illərdə amerikalı məsləhətçilər William
Strauss və Neil Howe məşhur “nəsil nəzəriyyəsi”ni inkişaf etdirdilər. Onun əsasında
iyirmi ildən bir taleyini ümumi tarixi hadisələr və sosial dəyişikliklər birləşdirən
bir qrup insanın formalaşması ideyası durur. Məhz həyatın ilk 12 ilində
qazanılan bu təcrübə insanın bütün ömrüboyu özündə daşıdığı dəyərləri
formalaşdırır. Qeyd
edək ki, nəsilləri kateqoriyalara ayırmaq daha çox sosial elmlər sahəsindən gəlir,
ona görə də onların adlarını hərflərdən (məsələn, X, Y, Z və Alfa kimi) istifadə
etməklə elmi şəkildə etmək daha məqbul hesab olunur. Nəsil təhlilinə
sosioloji yanaşma, müəyyən edilmiş doğum illərindən və təsviri olmayan etiketlərdən
istifadə edərək, daha obyektiv təhlil və fərdi şəxsiyyətin yaradılmasına imkan
verir. Bu tendensiya Alfa nəsil (təv. 2010-2024), Beta nəsil (təv. 2025-2039),
Qamma nəsil (təv. 2040-2054), Delta nəsil (təv. 2055-2069) kimi gələcək nəsillərlə
davam edəcək və s. Bu standartlaşdırılmış 15 illik müddət gələcək analitiklərə
daha əhatəli təhlil və qlobal müqayisələr aparmağa imkan verəcək. Beta nəsli yeni bir dövrün
başlanğıcını təmsil edir. Texnoloji irəliləyişlər, dəyişən sosial normalar,
davamlı inkişafa və qlobal vətəndaşlığa artan diqqət sayəsində formalaşan bir
dünyada böyüyəcəklər. Onların ehtiyaclarını, dəyərlərini və üstünlüklərini
anlamaq çox vacib olacaq, çünki cəmiyyətin gələcəyini necə
formalaşdıracaqlarını gözləyirik.
Mənbə: