P.S.
Keçmiş Əli Bayramlı, indiki Şirvan şəhərimizin fəxri olan tanınmış alim,
professor Akif müəllim Abbasova bundan sonra da yeni-yeni yaradıcılıq uğurları
arzulayıram.
Akif Abbasovun tərcümə əsərləri haqqında - Adilə Nəzərova
yazır...
Tərcümə müxtəlif dillərdə danışan cəmiyyətlər
arasında ünsiyyət vasitəsidir və bu ünsiyyət vasitəsilə mədəniyyətlərin ötürülməsi
təmin edilir. Mədəniyyətlərin keçmişdən bu günə qədər davam edən dəyişim və
inkişafında çox mühüm gücə malik olan tərcümələr Azərbaycan mədəniyyətinin,
dilinin və ədəbiyyatının inkişafında da böyük əhəmiyyətə malikdir. Bu inkişafa
töhfə verənlərdən biri də Akif Abbasovdur. Akif Abbasovun tərcüməsində
M.Bayciyevin "Duel", G.Xuqayevin "Andro və Sandro",
Z.Çernışevanın "Buzda ehtiyatlı ol", H.Kuntsevin "İstəkli
adamlar üçün hədiyyə", Y.Obuxovun "Nənə gələndə", V.Kojevnikovun
"Səhra", Y.Ziskind "Uğurlu skamya" adlı birpərdəli və ikipərdəli
pyesləri müxtəlif vaxtlarda respublika radiosunda tanınmış artistlərin ifasında
səslənmişdir. Ernest Heminqueyin "Yağış altında pişik", "Hindu qəsəbəsi",
Morli Kallaqanın "Yalançının etirafı", Erskin Kolduellin "Kristi
Tökerin ölümü", A.Adeişvilinin "Beş", M.de-Millenin
"Zalım", Qreys Oqotun "Elizabet", Albert Maltsın
"Əlvida", "Küçə tinində hadisə", Şon O'Keysinin
"İş", Stiven Likokun "Sehrbazın intiqamı", "Qətlin
sirri açıldı", "Naməlum dostum" və b. hekayələri, eləcə də
"Ağıllı arvad", "Ən yaxşı antilop", "Xanım Tviddin
qızılı", "Tavanda balta", "Tavanda Cək" nağılları real
həyata və ya təxəyyülə əsaslanan, insan təcrübələrindən və cəmiyyət hadisələrindən
bəhs edən bədii əsərlərdir ki, bunlar Azərbaycan ədəbiyyatını zənginləşdirən tərcümələr sayılır.
İngilis dilindən tərcümə edilən əsərlərdən bir neçəsinə
nəzər yetirək.
E.Heminqueyin "Hindu qəsəbəsi" hekayəsində
qayıqla körfəzi keçmək məcburiyyətində olan hindu ailəsinin dramı əks olunur. Ailənin
xanımının doğuşu yolda - sahildə başlayır, doğuş zamanı arvadının əməliyyat
ağrılarına dözə bilməyən ərin öz boğazını kəsməsi insan psixologiyasının
xüsusiyyətlərini ortaya qoyur. Nəqlə əsaslanan bu hekayədə yüksək səviyyədə
dildən istifadə vardır - sıxılmış zaman dilimində gərgin atmosfer dili, daha
dar hekayə dili və müşahidə gücü ilə əks olunan dil. Əsərin bu səviyyəsi müəllifin
olduğu qədər də tərcüməçinin ədəbi dilinin gücündən irəli gəlir.
A.Abbasovun
ingiliscədən tərcümə etdiyi əsərlərdən digəri Qrehem Qrinin "Canlılar
yaşayan otaq" pyesidir. İkipərdəli, dörd şəkildən ibarət olan psixoloji
dramda yarıkatolik bir ailə və onların həyatlarına ciddi təsir edən psixoloji
problemlər səbəbilə baş verən hadisələr təsvir olunur. Əsərin əsas mövzusu evdə
ayrı-ayrı otaqlarda ölən ailə üzvlərinin ölümündən sonra evdəki bütün yataq
otaqlarının qapılarının bağlanmasıdır. Bu onların ölüm
qorxusundan irəli gəlir. Əsər xüsusilə bağlı qapılar arxasında, yaşlı xalaları
ilə birgə cansıxıcı həyatdan bezən gənc Rozun qaçıb qurtarma səyini; özündən
yaşda xeyli kiçik olan Rozu sevdiyi üçün yaşlı arvadını tərk etməyə hazır olan
psixoloqun, Mayklla evlənməsini dini cəhətdən uyğun görməyən, çəkdiyi
iztirablardan qurtarması üçün kilsəyə gedib dua etməyini məsləhət edən Ceyms
dayısının acığına, onun xoşbəxtliyi üçün səbirdən başqa bir yol göstərməyən
dini ayinlərə olan nifrəti səbəbindən zəhər içərək intihar edən Rozun, sutkada
22 saat keşiş olduğunu unudan katolik Ceymsin, ölüm qorxusundan qapı-pəncərəni
bağlayan, danışanda da səsini ucaltmayan yaşlı Miss Helenin, Miss Terezanın
qaranlıq dünyalarını, qorxularını və onların daxili sarsıntılarını əks etdirir.
Tərcümənin
dəqiqliyi və əsərin ruhunun tam qorunması oxucunu həmin dövrə aparır və baş verən
hadisələrin təsirinə salır. Oxucu bir daha qəbul edir ki, həqiqətən də
ayrı-ayrı mədəniyyətlərdəki böyük oyanışlar, əslində daim genişlənən təfəkkürlə
bir-birinə bağlıdır. Bu davamlı düşüncəni təmin edən də xüsusilə belə tərcümələrdir. Akif Abbasovun tərcümə əsərləri onun
öz yaradıcılığı üçün də önəmlidir. Dil, üslub, forma kimi ünsürlərə hər zaman
böyük həssaslıqla yanaşan yazıçı Qərb ədəbiyyatını oxumaqla, tərcümə etdiyi mətnlər
vasitəsilə əldə etdiyi bilgiləri, bədii estetikanı öz əsərlərində də ustalıqla
istifadə edir. Çünki yazıçı təkcə ədəbi-bədii mətnlər yaratmır, onun sahələrinə
aid bir çox müxtəlif mövzular üzərində düşünməsi nəticəsində formalaşan çoxşaxəli
perspektivdən meydana gətirir.
Akif
Abbasovun rus dilindən tərcümə etdiyi Vladimir Sviridovun "Marya
İvanovna", Nikolay Yelinin və Vladimir Kaşayevin "Elektron elçi",
E.Medvedkinin "Bir məhəbbətin gündəliyi", abxaz yazıçısı Şota
Çkaduanın "Bu saat..." və başqa tərcümələri oxucular tərəfindən
sevilir.
Türkmən
yazıçısı T.Esenovanın "Ali təhsilli arvad" pyesində taksi sürücüsü
Qurdmurad ali təhsilli Ülkəri, ali təhsilli Qurban isə təhsilsiz Cənnəti sevir.
Gənclər evlənməyə hazırlaşmaqda ikən Qurdmuradın anası Cövzə oğlunun təhsilli
qızla, Qurbanın anası Maral isə oğlunun təhsilsiz qızla ailə qurmasının əleyhinə
çıxaraq, maraqlı plan qurur, sövdələşərək üzləri duvaqlı gəlinləri dəyişdirirlər.
Toy gecəsi bəylər təəccüb içərisində qalırlar. Toy gecəsi otaqda tək qalanda
sevdikləri, könül verdikləri qızların əvəzinə başqa qızları görürlər.
Duvaqlarını götürən gəlinlər də həmçinin. Ancaq Qurdmuradla Ülkər öncədən gizlicə
nikaha girdikləri üçün anaların planı baş tutmur. Axırda hərə öz sevdiyinə qovuşur.
Pyesdə
bir-birini əvəzləyən yumoristik səhnələr oxucuda xoş ovqat yaradır.
Rumıniyalı
yəhudi əsilli məşhur yazıçı Harri Kuntsevin "İstəkli adamlar üçün hədiyyə"
pyesi son dərəcə maraqlıdır. Əsər qonşu qızı Nino və onun nişanlısı, uşaq evindən
götürülən Tamazın telefondakı sevgi dialoqları, Tamazın Ninoya oxuduğu sonetlərlə
başlayır. Həmin gün Tamazın və ona atalıq edən Georginin doğum günüdür. Nino bu
iki əziz insanı sevindirmək üçün onlara sürpriz hazırlayır. Georginin xaricdə
yaşayan doğma oğlu Levana atasının ölümü ilə bağlı məktub yazır və onun gəlişini
həmin günə planlaşdırır... Hekayədə ayrılıqların insan psixologiyasına vurduğu
dərin yaralar və qovuşmağın sevincinin əsl xoşbəxtlik olduğu bir daha təsdiqini
tapır. Burada yazıçının üslubunu, dövrün ictimai, siyasi və mədəni xüsusiyyətlərini
qoruyub saxlamaqla tərcüməçi roman mətninin dilini də qoruyub saxlamışdır.
Akif
Abbasovun tərcümələri arasında son dərəcə uğurlu sayılanlardan biri "Yolagəlməz
qadın" povestidir. Bu
povestin müəllifi Somerset Moemdir. Povest ingilis dilindən tərcümə edilmişdir.
Hadisələr II Dünya müharibəsi illərində baş verir. Almanlar fransız ordusunu məğlubiyyətə
uğratdıqlarından bu ölkədə ağalıq edirlər. Alman əsgərləri Hansla Villi yolu
azdıqları üçün fermaya gəlirlər. Əslində məqsədləri yolu soruşmaqdır. Onlara
tapşırmışlar ki, fransızlarla nəzakətlə davransınlar. Fəqət vəziyyət elə gətirir
ki, Hans qapılarını döydüyü, çaxırlarına qonaq olduğu ev sahibləri ilə kobud rəftar
edir, evin sahibini - fermeri döyür, onun qızını isə zorlayır. Hans sonralar öz
əməlindən peşman olur. Ara-sıra bu evə gəlib- gedir, ailəni ərzaqla təmin edir.
Hansın fermer və onun arvadı arasındakı münasibətləri tədricən qaydaya düşür, fəqət qız bu almana nifrət etməkdən
usanmır. Məlum olur ki, qız hamilədir. Bunu eşidən Hans sevinir və onunla evlənmək
qərarına gəlir. Qızın ata-anası buna şad olurlar. Lakin qızın - Annetin Hansı
görməyə gözü yoxdur. Həm də onun sevgilisi var. Bu da nikaha əngəl törədir. Az
sonra cəbhədən xəbər gəlir ki, Annetin
sevgilisi həlak olmuşdur. Bu, qızın Hansa olan nifrətini daha da artırır. Bir
müddət keçir. Ata-anasının razılığı, Hansın özünü nəzakətli aparması Annetdə
oğlana qarşı azca da olsa rəğbət hissi yaradır. Lakin bu hiss dərhal da yoxa
çıxır. Nə baş vermişdir? "Hans köksünü ötürüb ayağa qalxdı və arxasınca
qapını örtdü. Annet pəncərənin qarşısında dayanaraq nəzərləri ilə onu ötürürdü.
Uzun illər ailənin sadiq dostu olan qoca həyət iti acıqla hürüb yola sarı
addımlayan Hansa tərəf atıldı. Hans neçə ay idi ki, onu özünə öyrəşdirmək istəyirdi,
amma nail ola bilmirdi. O, iti tumarlamaq üçün əyiləndə it geri çəkilərək
mırıldadı və dişlərini qıcatdı. İt onun üstünə cumanda Hans boşa çıxmış ümidlərinin
hayıfını heyvandan alaraq var gücü ilə ona bir təpik vurdu. İt gedib kolların
arasına düşdü, sonra axsaya-axsaya, zingildəyə-zingildəyə canını götürüb qaçdı.
- Vəhşi! - Annet qışqırdı. - Hamısı yalandır, yalan,
yalan! Mənim isə zəifliyimin ucbatından az qala ona yazığım gələcəkdi".
Günlər keçir. Nəhayət, uşaq doğulur. Valideynlər
şaddırlar. Hans da övladı olduğunu bilib sevinir. Uşağı görmək istəyir. Lakin
Anneti evdə tapmırlar. Hans Annetin sözlərini
yada salır: "Məgər sənin alman, özümün isə fransız olduğumu unuda bilərəm?
Sən də o biri almanlar kimi axmaq və kütbeyinsən. Yoxsa başa düşərdin ki, sənin
belindən gələn uşaq mənim üçün yalnız əbədi tənə, rüsvayçılıq ola bilər".
Tez Anneti axtarırlar. Nəhayət, o gəlib çıxır.
"Madam Perye:
- Uşaq hanı? - deyə fəryad qopardı.
- Mən qəti addım atmalıydım. Tərəddüd etsəydim,
sonradan qolum qalxmazdı. Boynuma düşən vəzifəni yerinə yetirdim. Körpəni çaya
basdım. Canı çıxana qədər suyun altında saxladım...
Hans dəhşətlə bağırdı. Onun fəryadı ölümcül yaralanmış
vəhşi heyvanın bağırtısını xatırladırdı. Annet stula çökdü, başını düyünlənmiş
yumruqlarına söykəyərək için-için ağladı".
Yazıçı Akif Abbasovun tərcümələri ilə tanışlıqdan
görünür ki, ingilis və rus dillərindən
azərbaycancaya çevrilmiş bu əsərlər orijinala yaxınlıq və bədiilik baxımından təkmildir.
Tərcümələr oxunaqlıdır, ona görə ki, Akif müəllim ilk növbədə Azərbaycan
dilinin incəliklərinə, gözəlliklərinə məharətlə yiyələnmişdir, söz ehtiyatı zəngindir.
Tərcümə edərkən təkrarlara yol vermir, söz oynatmır.
Belə əsərlərin tərcüməsi XIX əsrin sonlarından
başlayaraq Azərbaycan oxucusunun ideyalar və duyğular aləmində yeni üfüqlər
açdıqları üçün dəyərlidir.
Mənbə: https://bit.ly/4geOA5N


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)