Naxçıvan, rəsmi adı Naxçıvan Muxtar Respublikası:
(1920 -1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası (Naxçıvan SSR),
1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-1990-cı illərdə Naxçıvan
Muxtar Sovet Sosialist Respublikası (Naxçıvan MSSR) adlanmışdır. Azərbaycan
Respublikasının tərkibində muxtar respublikadır. Şimalda və şərqdə Ermənistanla
(sərhəd xəttinin uzunluğu 246 km), qərbdə Türkiyə Respublikası (sərhəd xəttinin
uzunluğu 15 km), cənubda isə İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu
204 km) ilə həmsərhəddir.
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral
1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən
Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini
isə Araz çayı təşkil edir. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil
olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə
endirilmişdi. Naxçıvan MSSR inzibati cəhətdən
beş rayona - Naxçıvan, Babək, Şərur, Şahbuz, Culfa və Ordubad bölünmüşdür.
1990-cı il 28 avqustda Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə
həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək
məqsədilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi
və ona məxsus ərazilər əsasında Sədərək rayonu yaradılmışdır. 2004-cü ildə Şərur
rayonunun 10 kəndi hesabına Kəngərli rayonu yaradılmışdır.
1 yanvar
2014-cü ilə olan rəsmi məlumatlara əsasən Muxtar Respublikası inzibati cəhətdən
yeddi rayon və Naxçıvan şəhər inzibati ərazi dairəsindən ibarətdir; Muxtar
Respublikada 6-sı şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur, Şahbuz və Babək),
7-si şəhər tipli qəsəbə, 206-sı kənd olmaqla ümumilikdə 219 yaşayış məntəqəsi
yerləşir. Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir.
Naxçıvan Muxtar Respublikası, Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.
1995-ci il 12 noyabrda referendum yolu ilə qəbul olunmuş Azərbaycan
Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan
Respublikasının ayrılmaz tərkib hissəsidir. Naxçıvan MR-ın sonuncu
konstitusiyası 29 dekabr 1998-ci ildə qəbul edilib.
Naxçıvan MR- də qanunvericilik hakimiyyətini Naxçıvann
MR-in parlamenti, yəni - Naxçıvan MR Ali Məclisi, icra hakimiyyətini Naxçıvan
MR-nın Nazirlər Kabineti, məhkəmə hakimiyyətini muxtar respublikanın məhkəmələri
həyata keçirir. Mənbə: https://president.az/az/articles/view/5157
Naxçıvan MR Ali Məclisi 45 deputatdan ibarətdir.
Naxçıvan MR-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli
nümayəndəsi fəaliyyət göstərir. Bax: https://president.az/az/articles/view/58279
Muxtar Respublikanın şəhər və rayon ərazi vahidləri
icra hakimiyyətləri tərəfindən idarə edilir. Naxçıvan MR-da yerli idarəetmə
orqanları - bələdiyyələr fəaliyyət göstərir.
Naxçıvan MR ərazisində zəngin maddi mədəniyyət nümunələrinin
aşkar olunması burada qədim daş dövründən başlayaraq ardıcıl yaşayış olduğunu,
bu mədəniyyətlər arasında qırılmaz varislik əlaqələrinin olduğunu göstərir. Tədqiqatlar
nəticəsində müəyyənləşdirilmişdir ki, Naxçıvanda insanlar 1,5 - 2 milyon il bundan əvvəl məskunlaşmışdır.
100 - 35 min il bundan əvvəl burada ibtidai insanların məskunlaşması davam
etmişdir. Qazma mağarasında, Naxçıvançay və Əlincəçay vadilərində, Ordubad
rayonu ərazisindəki Kilit mağarasında, İlandağın cənub ətəyində və digər abidələrdə
daş dövrü mədəniyyətinin izləri aşkar olunmuşdur. Naxçıvan şəhərindən 8 km
şimal-şərqdə, indiki Kültəpə və Sirab kəndlərinin ərazisində Neolit Eneolit
dövrü yaşayış məskənləri yerləşir. Naxçıvanda Yeni Neolit abidələri Sədərək,
Osman təpə, Naxçıvan təpə və Uçan Ağılda aşkar olunmuşdur. Naxçıvanda Neolit mədəniyyəti
əsasında mis metalın kəşf olunduğunu Eneolit dövrü mədəniyyəti (e.ə. VI–V
minilliklər) inkişaf tapmışdır. I Kültəpənin ən qədim mədəni təbəqəsindən mis-mərgümüş
qatışıqlı müxtəlif alətlər və bəzək nümunələri əldə edilmişdir. I Kültəpə
yaşayış yerinin Eneolit təbəqəsinin alt qatlarında düzplanlı, orta qatda dairəvi
və düzplanlı, son mərhələdə üst qatlarda isə yalnız düzplanlı tikinti
qalıqlarına rast gəlinmişdir. Bu dövrdə Naxçıvanda əsas təsərrüfat sahələri
kimi əkinçilik və maldarlıq, eləcə də mütalişləmə, dulusçuluq, daşişləmə,
toxuculuq və sair sənət sahələri inkişaf tapmışdı. Arxeoloji materiallar göstərir
ki, bütün Eneolit dövrü ərzində Azərbaycan, eləcə də qədim Naxçıvan əhalisi ilə
Mesopotamiya arasında əlaqələr olmuşdur.
Tunc dövründə qədim Naxçıvan qəbilələrinin iqtisadi,
ictimai və mədəni həyat tərzində böyük təkamül baş vermişdir. Naxçıvanda da
etnik proseslər güclənmiş və iri tayfa ittifaqları yaranmışdır. Arxeoloji tədqiqatlar
göstərir ki, e.ə. IV minilliyin II yarısı-III minillikdə Naxçıvan qəbilələrinin
əkinçilik, maldarlıq mədəniyyəti yeni inkişaf mərhələsinə qədəm qoymuş, texniki
tərəqqi yüksəlmiş, əmək alətlərinin çeşidi və keyfiyyəti daha da artmışdır. Bu
dövrdə tuncun geniş tətbiqi mühüm rol oynamışdır. Bu dövrdə türkdilli tayfalar
Naxçıvanda formalaşmışdır. Yaxın Şərq ölkələri ilə Azərbaycanı, eləcə də bütün
Qafqazı əlaqələndirən əsas yolların kəsişdiyi əlverişli mövqedə yerləşən iri
tayfa ittifaqları mərkəzləri iqtisadi, mədəni cəhətdən yüksəldi və nəticədə III
minilliyin sonlarında Naxçıvanda ilkin şəhər mərkəzləri yarandı. Belə şəhər mərkəzlərindən
olan II Kültəpədə, Şahtaxtı, Naxçıvan şəhəri, Qızılburunda Naxçıvan təpə, Bülov
qayada arxeoloji tədqiqatlar aparılmışdır. Tunc dövründə Naxçıvan yüksək incəsənəti
ilə Yaxın Şərq dünyasında tanınmışdır. Gəmiqaya təsviri sənət abidələri, bədii
tərtibatlı boyalı qablar, tunc məmulatları və sair Naxçıvanın qədim
tayfalarının həyat tərzini, dini -ideoloji və fəlsəfi estetik dünyagörüşünü əks
etdirir.
E.ə. IX-VI əsrlərdə Naxçıvan ərazisi Azərbaycan ərazisində
ilk mərkəzləşmiş dövlət olan Mannanın, daha sonra isə, onun tarixi və mədəni
varisi olan Midiyanın tərkibində olmuşdur. Midiyanın süqutundan sonra Əhəmənilərin
hakimiyyəti altına düşən Naxçıvan, e.ə. IV əsrin sonlarından Atropatenanın, eramızın
III əsrindən isə Sasanilər imperiyasının tərkibinə daxil olmuşdur. Atropatena
hökmdarlarının əsas iqamətgahı olan Qazaka şəhəri Naxçıvana yaxın ərazidə - Cənubi
Azərbaycanın Marağa şəhəri yaxınlığında yerləşdiyindən Naxçıvan, Yaxın Şərqin
bir sıra şəhərləri ilə iqtisadi və mədəni əlaqələri gücləndirmiş, antik dünya
xalqları ilə sıx ticarət əlaqələri yaratmışdı. Bu barədə, qədim yunan, Roma, ərəbm
müəlliflərinin əsərlərində məlumatlar vardır. Naxçıvan bölgəsinin orta əsrlər
dövrünün ayrı-ayrı mərhələlərinə aid abidələr öz zənginliyi ilə xüsusilə diqqəti
cəlb edir. Naxçıvan VII əsrin II yarısından başlamış ərəb istilaları nəticəsində
yaranan Xilafətin tərkibinə daxil edilmişdir. IX əsrdə Naxçıvan Sacilər dövlətinin
tərkibinə daxil edilir və X əsrin 30-cu illərinədək bu sülalənin hakimiyyəti
altında qalır. Sacilər dövləti süqut etdikdən sonra Salarilərin, Rəvvadilərin
hakimiyyəti dövründə də Naxçıvan öz əhəmiyyətini itirməmişdir. Hətta Səlcuq
imperiyası dövründə də bu əhəmiyyətini qoruya bilmişdir.
Səlcuqlu imperiyasının süqutundan sonra 1136-cı ildə
oğuz mənşəli Eldənizlər sülaləsinin idarə etdiyi Azərbaycan Atabəyləri dövləti
(1136 -1225) yaranmış və Naxçıvan şəhəri bu dövlətin ilk paytaxtı olmuşdur. Bu
dövrdə Naxçıvan şəhəri öz inkişafının ən yüksək zirvəsinə çatdı. Şəhərdə qiymətli
memarlıq abidələri - qalalar, saray, məscid, hamam və xatirə abidələri inşa
edilirdi. XIII -XIV əsrlərdə Naxçıvan bölgəsi Azərbaycanda və ümumiyyətlə,
Yaxın Şərqdə gedən siyasi -iqtisadi, mədəni proseslərin mərkəzlərindən birinə
çevrilir. Hülakülərin, Çobanilərin, Cəlairilərin nüfuz dairələrində olan
Naxçıvan bu dövlətlərin siyasi həyatında da yaxından iştirak edir. Əmir
Teymurun Azərbaycana yürüşləri və Naxçıvanda ona göstərilən müqavimət bölgənin
tarixində mühüm yer tutur. XV əsrdə Naxçıvan ərazisi əvvəlcə Qaraqoyunlu, daha
sonra isə Ağqoyunlu dövlətlərinin tərkibində olur. 1501-ci ildə Şərur döyüşündə
qızılbaşların Ağqoyunlular üzərində qələbəsindən sonra Naxçıvan Səfəvilərin
hakimiyyəti altına keçir. Səfəvilərin hakimiyyəti dövründə də Naxçıvan strateji
əhəmiyyətini saxlayır. Səfəvilər dövlətinin süqutu və onun yerində Nadir şah
Əfşarın yaratdığı Əfşarlar imperiyası zamanı da Naxçıvan əhəmiyyətli ərazi
olaraq qalmışdır. Nadir şahın ölümündən sonra Azərbaycanda müstəqil feodal dövlərlər-
xanlıqlar yaranır ki, bunlardan da biri Naxçıvan xanlığı idi. Naxçıvan xanlığı:
1826 - 1828-ci illər Rusiya - Qacarlar müharibəsi dövründə rus qoşunları tərəfindən
işğal olundu, Türkmənçay müqaviləsinə əsasən isə xanlığın ərazisi Çar
Rusiyasına ilhaq olundu. İstiladan sonra çar hökuməti İrandan və Türkiyədən 10
minlərlə erməni ailəsini Naxçıvana köçürmüş və diyarın demoqrafik quruluşunu
ciddi surətdə dəyişmiş, Naxçıvan və İrəvan xanlıqları ərazisində Erməni vilayəti
yaradılmışdı.
1917-ci ilin fevralında Rusiyada çar mütləqiyyəti
devrildikdən sonra imperiyanın bir çox əyalətlərində olduğu kimi, Naxçıvanda da
ikihakimiyyətlilik meydana gəldi. 1918-ci ilin payızında yerli əhalini erməni
qırğınlarından qorumaq və Naxçıvanın yad əllərə keçməsinin qarşısını almaq məqsədilə
Araz-Türk Respublikası yaradıldı. 1919-cu ilin əvvəllərində ingilislər
Naxçıvanı işğal edərək Araz-Türk Respublikasını və Naxçıvan Milli Komitəsini ləğv
etdilər. 1920-ci il 28 apreldə Azərbaycan Sovet Sosialist Respublikası bərqərar
oldu. Naxçıvan əhalisi kömək üçün Azərbaycan SSR hökumətinə müraciət etdi. 28
iyul 1920-ci ildə Naxçıvan Sovet Respublikası elan olundu. Naxçıvan əhalisinin
90 faizdən çoxu Naxçıvan mahalının muxtariyyət statusunda Azərbaycan SSR -in tərkibində
qalmasına səs verdi. Naxçıvanın Azərbaycanın himayəsi altında muxtariyyət
statusu RSFSR və Türkiyə Cümhuriyyəti arasında bağlanmış Moskva müqaviləsində (1921)
daha sonra isə, Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında
bağlanmış Qars müqaviləsində (1921) təsbit edildi. Hər iki müqavilə Türkiyəyə
Naxçıvan ərazisinə Azərbaycan ordusundan başqa bir ordunun daxil olması
halında, Naxçıvanın təhlükəsizliyini özü üzərinə götürmək hüququ verdi.
Azərbaycan SSR MİK - in 1924-cü il, 9 fevral tarixli
dekreti ilə Naxçıvan Muxtar Diyarının Azərbaycan SSR -in tərkibində Naxçıvan
Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi rəsmiləşdirildi. Naxçıvan MSSR
SSRİ dövründə sosial-iqtisadi və mədəni inkişaf sahəsində böyük uğurlara imza atdı. 1990-cı ilin əvvəlində
Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə ümumittifaq şəbəkəsinə
daxil olan, Azərbaycanı Naxçıvanla bağlayan dəmir yolu xəttləri kəsildi,
Naxçıvan Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamağa başladı.
Naxçıvan əhalisinin SSRİ-nin saxlanması barədə referendumda iştirakdan imtina
etməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması
kimi siyasi aksiyalar həyata keçirildi. Muxtar respublikanın əhalisi müstəqil
Azərbaycan Respublikasının qurulması və möhkəmləndirilməsi, Azərbaycanda
demokratik dəyərlərin bərqərar olması kimi amallara qovuşmaq üçün Heydər
Əliyevin respublika rəhbərliyinə qayıtması uğrunda mübarizənin ön sıralarında
getmişdir. 3 sentyabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin fövqəladə
sessiyasında Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsini öhdəsinə
götürmüşdür. 1992-ci ilin noyabrında isə Azərbaycanın bir çox ziyalıları
Naxçıvan şəhərinə üz tutur. Naxçıvan şəhərində H. Əliyevin sədrliyi ilə Yeni Azərbaycan
Partiyasının əsası qoyuldu.
12 noyabr 1995-ci ildə Azərbaycan Respublikasının
Konstitusiyası qəbul edildi, Azərbaycan və Naxçıvan Parlamentlərində ilk
demokratik seçkilər keçirildi. 2004-cü ildə Azərbaycan və İran arasında əldə
olunan razılaşmaya görə Azərbaycanın İran Astarasını qazla təmin etməsi
müqabilində İran Naxçıvanı qazla təmin etməyə başladı. 2020-ci ildə Türkiyə və
Azərbaycan arasındakı razılaşma ilə Iğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və
TANAP layihəsindən ötürüləcək qaz ilə Naxçıvanın təmin edilməsi qərarlaşdırıldı.
2021-ci ildə əldə olunan Azərbaycan, İran və Türkmənistanın qaz sazişinin
Naxçıvanın qazla təmin edilməsinə müsbət rol oynayacağı düşünülür. 2020-ci ildə
imzalanan Dağlıq Qarabağ atəşkəs bəyanatı ilə Ermənistan Azərbaycan və Naxçıvan
arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyini təmin etməyi boynuna götürdü.
2022-ci ildə Azərbaycanla İran arasında “İran ərazisindən keçməklə Azərbaycanın
Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni
kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu”
imzalandı. Azərbaycan tərəfi bu layihəyə quru və dəmir yolları, həmçinin
elektrik xətlərinin daxil olduğunu bildirdi. Bundan başqa Türkiyənin
Qars-Iğdır-Naxçıvan istiqamətində dəmiryolu çəkməsi planlaşdırılır.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının
100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda
bildirilir ki, 2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının
100 ili tamam olur:”Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində
layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol
oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri - Eldənizlər dövlətinin
paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən
biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş
memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın
görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri
ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr
vermişdir. Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin
siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları
qətiyyətlə dəf etmişdir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində
Naxçıvanın uzun müddət tam təcrid və ağır blokada şəraitində olduğu vaxtlarda
belə, qəhrəman əhalisi bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən
qurtarmış, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli
dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq
nümayiş etdirmişdir.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı
Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazmışlar.
Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti
vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə
saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı
olmuşdur. Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də
Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq
Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb
ictimai-siyasi proseslərinə həlledici təsir göstərmiş və Azərbaycanı müstəqilliyə
sürətlə yaxınlaşdırmışdır. Naxçıvan Muxtar Respublikası bu gün dövlət
proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin
iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində
yaxından iştirak edir. Hazırda Naxçıvan beynəlxalq miqyaslı mötəbər tədbirlərin
ardıcıl keçirildiyi məkanlardandır. Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş
fəaliyyəti çərçivəsində muxtar respublika yaşıl enerji zonası elan olunmuşdur.
Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi
istiqamətində işlər davam etdirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın
siyasi tarixində çox mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi
geniş qeyd olunsun.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil
Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan
Milli Elmlər Akademiyası ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 100 illik
yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli
nümayəndəliyi ilə razılaşdırmaqla Naxçıvan Muxtar Respublikasının 100 illik
yubileyi ilə bağlı tədbirlər planının hazırlanmasını və həyata keçirilməsini təmin
etsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.
P.S.
Ən qədim Azərbaycan türk yudrum doğma Naxçıvanım həmişə var ol!


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)