Bəzi kütləvi
informasiya vasitələrində, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq
elanlarında vətəndaşlarımız qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn”
şəkildə müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq
olunur və sonda diplomların tanınacağı vədi verilir. Bununla bağlı Təhsildə Keyfiyyət Təminatı
Agentliyi vətəndaşların diqqətinə çatdırır ki, tanınma (xarici dövlətlərin ali
təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasının ərazisində qüvvədə
olmasının təsdiqi) Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust
tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə
aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra Qaydalar) əsasən
yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma
formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir. Qaydaların
4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali)
tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə
ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə
tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində
olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil
aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili,
bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun
kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi
təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə
ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan
formal təhsilin əldə olunması) tələb olunur.
Xaricdə ali təhsil almaq istəyən
vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırırıq.
Mənbə:
https://bit.ly/47IViyl