İcbari tibbi
sığorta orqanizmdə xərçəngə çevrilmə riski yüksək olan atipik hüceyrə dəyişiklikləri
nəticəsində yaranan şişönü xəstəliklərin erkən diaqnostikasını təmin edir. İcbari Tibbi Sığorta
üzrə Dövlət Agentliyindən (İTSDA) "Report"a verilən məlumata görə, bu
hüceyrələr adətən normal hüceyrələrin yerini alaraq onları zədələyir, sürətlə
çoxalır və orqanizmin digər hissələrinə yayılır. Şişönü xəstəliklər
müxtəlif orqan və toxumalarda meydana gələ bilər. Bu xəstəliklərin erkən mərhələdə
aşkarlanması və müalicəsi gələcəkdə inkişaf edə biləcək xərçəng hallarının
qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir. Bildirilib ki, icbari
tibbi sığortanın Xidmətlər Zərfinə funksional diaqnostika, şüa diaqnostikası,
laborator və endoskopik müayinələr daxildir. Bu müayinələr vasitəsilə
xəstəliklərin dəqiq diaqnostikasını aparmaq, orqanların funksional vəziyyətini
və daxili strukturlarını qiymətləndirmək, kimyəvi və fiziki prosesləri öyrənmək,
o cümlədən daxili orqanları vizual olaraq müayinə etmək mümkündür. Şişönü xəstəliklərin
diaqnostikasını dəqiq və etibarlı şəkildə aparmaq üçün isə bir neçə əsas
metodlardan istifadə olunur. Bu metodların hər biri müəyyən xəstəliklərin
aşkarlanmasında yüksək həssaslıq və dəqiqlik təmin edir.
Maqnit
rezonans tomoqrafiya (MRT) bədənin daxili strukturlarını detallı şəkildə göstərir
və bir çox hallarda şişönü dəyişikliklərin aşkarlanmasını təmin edir. Bu metod,
xüsusilə yumşaq toxumaların görüntülənməsi üçün effektivdir.
Kompüter
tomoqrafiyası (KT) skanerləri bədənin müxtəlif hissələrinin detallı görüntülərini
təqdim etməklə şişlərin yerini və ölçüsünü müəyyənləşdirməyə imkan yaradır. Bu
metod xüsusilə bərk toxumalarda və orqanlarda şişlərin aşkarlanması üçün
istifadə olunur.
İTSDA-nın məlumatına
görə, digər bir diaqnostik metod olan kolonoskopiya, kolorektal (yoğun və düz
bağırsaq) xərçəngə çevrilmə potensialı yüksək olan şişönü lezyonların erkən
diaqnostikasında geniş istifadə olunur. Bu prosedur zamanı həkim endoskop vasitəsilə
kolonun daxili divarlarını yoxlayır. Şübhəli bölgələr tapıldıqda biopsiya nümunələri
götürülür və laboratoriyada analiz olunur.
Qastroskopiya
mədə və onikibarmaq bağırsaqda (duodenum) şişönü dəyişikliklərin diaqnozu üçün
istifadə olunur. Bu metod mədə-bağırsaq traktının yuxarı hissəsinin görüntülənməsini
təmin edir və şişlərin erkən aşkarlanmasına kömək edir.
Kolposkopiya
uşaqlıq boynu xərçəngi və xərçəngönü xəstəlikləri erkən mərhələdə müəyyən etmək
üçün istifadə olunan yüksək dəqiqliyə malik ginekoloji müayinə metodudur. Bu
müayinə prosesində kolposkop cihazı ilə uşaqlıq boynu optik olaraq incələnir.
Şübhəli bölgələr aşkarlandığı halda isə həmin hissələrdən nümunələr götürülərək
laborator analizlərə göndərilir.
Histeroskopiya
qadın sağlamlığının qorunması və erkən diaqnostika üçün ən müasir metodlardan
biridir. Bu prosedur zamanı histeroskop cihazı uşaqlıq boşluğuna daxil edilir və
görüntü real vaxtda ekrana ötürülür. Bu sayədə uşaqlıq daxilindəki hər hansı
patologiya çox asanlıqla müşahidə edilə bilir. Bu müayinə bir çox ginekoloji xəstəliklərlə
yanaşı, uşaqlıq xərçənginin və şişönü xəstəliklərin aşkar edilməsində həyata
keçirilən vacib müayinə metodudur.
Mammoqrafiya
süd vəzilərinin və ətraf limfa düyünlərinin rentgen vasitəsilə müayinəsini təmin
edən vacib bir diaqnostika üsuludur. Bu metod süd vəzilərindəki xərçəngönü xəstəlikləri
erkən mərhələdə aşkar etməyə və vaxtında müalicəyə başlamaqla gələcəkdə həmin
patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan
yaradır.
Qurumun məlumatında qeyd edilib ki, şişönü lezyonlar adlanan xərçəngə çevrilmə potensialı yüksək atipik hüceyrə bölgələrindən götürülən toxuma nümunələrinin mikroskopik analizi diaqnostikada qızıl standart hesab edilir. Bu metod hüceyrələrin struktur vəziyyətini qiymətləndirməyə imkan verməklə dəqiq diaqnostikanı təmin edir. Həmçinin, qanda xüsusi biomarkerlərin səviyyəsi müəyyən xəstəliklərin mövcudluğunu göstərə bilər. Bu testlər sırasından olan onkomarkerlərin qanda təyini bəzi şişönü xəstəliklərin erkən mərhələdə aşkarlanmasında istifadə olunur və xəstəliyin gedişatını izləməyə kömək edir. Pap smear testi isə qadınlarda uşaqlıq boynunda (serviks) şişönü xəstəliklərin aşkarlanmasında geniş istifadə olunur. Dövlət Agentliyi vurğulayıb ki, icbari tibbi sığortanın tətbiqi xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, vətəndaşın vaxtında müalicəyə cəlb olunmasına və əhalinin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. İcbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqаt institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.
Mənbə: