Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant
Mirdamət Bağıyevə ağır itki üz verib. Anası Bağıyeva Adilə Mirzağa qızı 76
yaşında vəfat edib. Mərhum Poladlı (Dağ-Kolanı) kənd qəbirastanlığında dəfn
olunub. Bu münasibətlə ailənin başçısı Səristan
müəllimə, Vətən Müharibəsi Qəhrəmanı M. Bağıyevə dərin hüznlə başsağlığı
veririk. Allah rəhmət eləsin. Məkanı cənnət olsun.
Qeyd edək ki, Mirdamət Bağıyev 1986-cı il noyabrın
15-də Şamaxı rayonunun Poladlı kəndində anadan olmuşdur. 1992-ci ildə M. Kərimov
adına Poladlı kənd tam orta məktəbinin birinci sinfinə qəbul olmuş və 2003-cü
ildə məktəbi bitirmişdir. Həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə
qəbul olmuşdur. 2007-ci ildə ali hərbi təhsilini “yerüstü artileriya” ixtisası
üzrə başa vurmuşdur. 2007-ci ildən 2009-cu ilə qədər Silahlı Qüvvələrin Təlim Tədris
Mərkəzində dinləyici olmuşdur. Ailəlidir. 2 övladı vardır. Mirdamət Bağıyev
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan
Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər istiqamətində gedən
şiddətli Aprel döyüşləri zamanı Ermənistan Ordusunun 7 ədəd tankını, 1 ədəd
Piyadanın Döyüş Maşınını (PDM), 1 ədəd Komandir maşınını və 1 ədəd hərbi nəqliyyat
vasitəsini məhv eləmişdir. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər
davam edən Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş, düşmənin bir neçə
hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdir. Göstərdiyi şücaətlərə görə
ölkə başçısı tərəfindən təltiflərə layiq görülmüşdür.
Aprel döyüşləri
2016-cı
il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı
Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində
şiddətli döyüşlər başladı. Tarixə “Aprel döyüşləri” olaraq yazılan hərbi əməliyyatlar
zamanı Mirdamət Bağıyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə
iştirak etmişdir. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində
olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan
Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın
keçmiş müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun
“yenilməz Ohanyan səddi” olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində
darmadağın edilmişdir. Mirdamət Bağıyev öz heyəti ilə birgə aprelin 1-dən 2-nə
keçən gecə Azərbaycan Ordusunun Komandanlığı tərəfindən döyüş əmri gələndən
sonra tankların arxasınca İncəçay çayı istiqamətindən Ermənistan Ordusunun
mövqelərinə tərəf irəlləməyə başlamışdır. Mirdamət Bağıyev öz heyəti ilə birgə
səddi yaran tankın arxasınca irəlləmişdir. Səddi ötəndən sonra Bağıyevin heyətinə
cinahlardan da atəş açılmağa başlanmışdır. Mirdamət Bağıyev də qarşı tərəfin atəş
açdığı mövqeləri susdurmaq məqsədi ilə avtomatdan atəş açmışdır. Döyüş zamanı
yaralanır. 5,45 x 39 millimetrli aşağı impulslu güllə onun sol qolundan girib,
kürəyindən çıxmışdı. Güllənin təsirindən yerə yıxılan Mirdamət Bağıyev, əsgərlərin
ruhdan düşməməsi üçün tez ayağa qalxmış və yaralanmağını onlara bildirmədən
döyüşə davam eləmişdir. Ancaq bir müddət sonra onun ağrıları çoxalmışdır.
Qanaxma da dayanmadığı üçün o, hərbiçi yoldaşlarından kömək istəmiş və
qanaxmanın qarşısı alınmışdır. Lazımi mövqelərə çatdıqdan sonra Mirdamət
Bağıyevə tibbi yardım göstərilmişdir. Əlverişli nöqtələrdə mövqelənəndən sonra
Mirdamət Bağıyev “SPAYK” Tank Əleyhinə İdarəolunan Raketlə uğurlu atəşlərə
başlamışdır. Əvvəlcə o, Ermənistan Ordusunun Komandir maşınını müşahidə eləmişdir.
Həmin maşına bir neçə nəfər zabitin mindiyini və maşının tam dolmasını müşahidə
edəndən sonra birinci atəşi reallaşdırmışdır. Atəş düz maşının ortasına dəymiş
və nəticədə maşın darmadağın olmuşdur. Bundan sonra Ermənistan Ordusnun ərazidən
qaçan şəxsi heyətinin yığışdığı maşını müşahidə edən Mirdamət Bağıyev, 25 nəfərin
həmin maşına mindiyini müşahidə edəndən sonra atəş açmışdır. Həmin atəş də
qurğunun texnoloji yardımı ilə düz maşının ortasına dəyərək maşını
parça-parça etmişdir. Azərbaycan
Prezidenti İlham Əliyevin 24 iyun 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycanın
müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə,
öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları
yerinə yetirən zaman fərqləndiyinə görə mayor Mirdamət Səristan oğlu Bağıyev
“İgidliyə görə” medalı ilə təltif edilmişdir.
Vətən müharibəsi
2020-ci
il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin
bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir. Cəbhəboyu zonada
yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı
silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə
tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan
Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan
Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan
Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının
başlaması barədə qərar verilmişdir. 44 günlük Vətən Müharibəsində Azərbaycanın ərazi
bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin
azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş
tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin
hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş
etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il
tarixli Sərəncamına əsasən Mirdamət Bağıyevə “Vətən Müharibəsi Qəhrəmanı” adı
verilmişdir. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda
aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş
etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli
Sərəncamına əsasən Mirdamət Bağıyev “Suqovuşanın azad olunmasına görə” medalı
ilə təltif edilmişdir.
Mirdamət Bağıyev: - Mən bir Azərbaycan zabiti kimi
öz vəzifə borcumu dövlətimin ərazi bütövlüyünü tam təmin etdikdən sonra yerinə
yetirmiş olacam. …hər an, hər dəqiqə cənab Ali Baş Komandanın döyüş əmrini
yerinə yetirməyə hazıram.
Təltifləri:
1.Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi
(1918-2008) yubiley medalı - (26.06.2008)
2.Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi
(1918-2013) yubiley medalı - (26.06.2013)
3. III dərəcəli “Vətənə xidmətə görə” ordeni
(20.04.2016)
4. ”Azərbaycan Ordusunun 100 illiyi" yubiley
medalı (26.06.2018)
5. Qüsursuz xidmətə görə III dərəcəli medalı -
(26.06.2018)
6. “İgidliyə görə” medalı (24.06.2019
7. “Vətən Müharibəsi Qəhrəmanı” Fəxri adı
8. “Suqovuşanın azad olunmasına görə” medalı
İstifadə edilmiş resurslar:
1.https://az.wikipedia.org/wiki/Mirdamət_Bağıyev
2.https://az.wikipedia.org/wiki/Mirdamət_Bağıyev
3.https://president.az/articles/48679
4.https://www.facebook.com/watch/?v=4660645260629883
5. https://www.facebook.com/100018471704818/videos/1377798092686775/
6.https://sinxronfenler.blogspot.com/2022/05/canl-fsan-vtn-muharibsi-qhrman-mirdamt.html
Foto: https://olke.az/hadise/387752/veten-muharibesi-qehremanina-air-itki/
Müəllif:
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).