İyulun 26-da
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində
Fransanın dövlətə məxsus milli televiziyası olan France2 telekanalının müxbiri
Azərbaycan və Ermənistan idmançılarının paraddan keçidi zamanı ayrı-seçkilik
nümayiş etdirərək Azərbaycanı Ermənistanla toqquşmalarda ittiham edib. Eyni
zamanda Ermənistanı Fransanın dostu adlandırıb və qeyd edib ki, bu il erməni
xalqı üçün “Dağlıq Qarabağ”ın Azərbaycan ordusu tərəfindən süqutu kimi yadda
qalıb. Bu, faktiki
olaraq Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulmasıdır. Həmin prinsiplər
son illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bir neçə
qətnaməsi ilə, o cümlədən açıq şəkildə “Olimpiya Xartiyasının əsas prinsiplərinin
etirafı” (A/RES/78/10) ilə tanınıb və dəstəklənib. Xartiyada açıq şəkildə qeyd
edilib ki, “BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya Hərəkatına
rəhbərlik etmək, idmana və idmançılara qarşı hər hansı siyasi və ya kommersiya
istismarına qarşı çıxmaqdır”. Baş vermiş halla bağlı Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq
Olimpiya Komitəsinə rəsmi olaraq etiraz məktubu göndərilib. Məktubda qeyd
olunub ki, dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti
Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna
zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa
xidmət edir. Buna görə də BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə
qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa Hökumətinə, Fransa
Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz
bildirilməsi xahiş edilib.
Mənbə: