Ünvanlı
sosial yardım proqramına müraciət prosedurunun daha da təkmilləşdirilməsi üçün
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Ünvanlı yardım” elektron sistemini
yenidən qurub. Bu barədə
“Report”a nazirlikdən məlumat verilib. Qeyd olunub ki, bundan sonra ünvanlı
yardım üçün müraciət edən şəxslərdən aşağıdakı məlumatların qeyd edilməsi tələb
olunmayacaq:
Ailə üzvlərinin
– pensiya, müavinət, təqaüd, kompensasiya,
işsizlikdən sığorta ödənişi almaları,
– əmək haqqı üzrə gəlirlər,
– tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi
xidmətdə olmaları,
– daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq
fəaliyyəti, nəqliyyat vasitəsinin olması,
– kommunal xərcləri, telefon nömrələri və xərcləri,
– sərhədkeçməsi, cəzaçəkmə müəssisəsində olması,
– əlilliyinin olması, əlilliyi olan şəxsə qulluq etməsi,
– özünüməşğulluq proqramı üzrə müqavilənin olması,
– 3 yaşadək uşağa qulluq etməsi, buna, habelə hamiləlik
və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması.
Bu məlumatlar müvafiq qurumların informasiya sistemlərindən
əldə olunacaq. Məlumatlar müraciət edən şəxsin müraciətini təsdiqlədikdən sonra
müvafiq qurumlardan sorğulanacaq ki, bu da müraciətin texniki xəta olmadan
tamamlanmasına imkan yaradacaq. Yardımla bağlı müraciət edən şəxsə müraciəti
ilkin ərizə formasında yaddaşda saxlamaq və sistemə göndərmədən müraciətə düzəliş
etmək imkanı da yaradılıb. Müraciət zamanı hansı məlumatların daxil edilməli
olduğu da infolövhələrdə əks olunacaq. Ailənin maddi-məişət şəraiti yoxlanarkən
abonent və sayğac nömrələri, həyətyanı sahə ilə bağlı məlumatların və s. “Ərizə-bəyannamə”də
düzgün qeyd edilmədiyi aşkarlandıqda da həmin məlumatlara operativ qaydada düzəliş
edilməsi və müraciətə yenidən baxılması imkanı yaradılacaq. Ünvanlı yardımla
bağlı müraciət prosedurunun asanlaşdırılması məqsədilə yeni “Ünvanlı yardım”
e-sisteminə giriş yalnız “Digital (ASAN) Login” üzərindən mümkün olacaq. Bu,
həmçinin yeni e-sistemdən daha təhlükəsiz, texniki xəta olmadan istifadə edilməsinə,
ünvanlı yardım üçün vətəndaşlar tərəfindən müraciətlərin olunması zamanı kənar
şəxslərin vasitəçi qismində qanunsuz müdaxiləsinin qarşısının alınmasına xidmət
edir.
Vətəndaşlar “Digital (ASAN) Login”i heç yerə getmədən
və sənəd toplamadan
digital.login.gov.az portalında
elektron qaydada qeydiyyatdan keçməklə əldə edə bilərlər.
Mənbə: