Müəllimlərin
sertifikatlaşdırılması prosesi, ilk növbədə, pedaqoji kadr potensialı haqqında
doğru və düzgün fikrin formalaşdırılması ilə seçilir, cəmiyyətdə konkret olaraq
təhsil sahəsindəki kadrların keyfiyyəti haqqında əsaslı bir qənaətə gəlməyə
imkan verir. Bunu
"Azərbaycan müəllimi"nə açıqlamasında Bakı Slavyan Universitetinin
prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Ənvər Abbasov
deyib. O bildirib ki, müəllimlik arzusunda olanlar bilməlidirlər ki, zahirən
daha kütləvi xarakter almış və cəmiyyətin formalaşmasında əvəzsiz rolu olan bir
peşə barəsində düşünürlər. "Onlar bu yolda gənc nəslin təlim-tərbiyəsi ilə
məşğul olmaq kimi çox məsul bir fəaliyyəti yerinə yetirirlər. Bu
mənada belə bir peşə sahibinin dəyərləndirilməsi, sertifikatlaşdırılması da son
dərəcə diqqət və həssaslıq tələb edən bir yanaşma tərzi, qiymətləndirmə fəaliyyəti
tələb edir. Həm də bu tələblər çərçivəsində yumşaq bacarıqlara söykənən bir
yanaşma tərzinin olmasını zəruri tələb kimi qarşıya qoyur". Prorektorun
sözlərinə görə, bu həm də o deməkdir ki, sertifikatlaşdırma prosesi nə qədər sərt
görünsə də, əslində müəllimin rahat və sərbəst
fəaliyyət mühitinə çevrilməklə onu uğurlu fəaliyyətə sövq edir: "Artıq üç
ilə yaxın müddət ərzində respublikamızda belə bir sertifikatlaşdırma mühitinin
formalaşdığı aydın şəkildə görünür. Müəllimlərimiz bu prosesdə məqsədli iştirak
edərək öz nəticələrinin yüksək olması üçün mübarizə aparırlar. Onlar, həmçinin
özlərinin uğurlu nəticələrindən fəxrlə danışır, cəmiyyət qarşısında hesabat
verirlər. Digərləri isə öz nəticələrinin yüksək olması üçün hazırlıq fəaliyyətlərini
davam etdirirlər". Ənvər Abbasov onu da qeyd edib ki, sertifikatlaşdırma həm də
kadrların keyfiyyət potensialını meydana çıxarmaqla onlarda daha səmərəli iş
görmək, təhsil sahəsindəki uğurlarımızı artırmaq üçün əminlik yaradır. "Hər
şeydən əlavə, Azərbaycan təhsilində olan nailliyyətlərin fonunda uğurlarımız dəstəklənir.
Onun
necə, hansı istiqamətlərdə inkişaf etdirilməsi qənaətləri barədə praktik əhəmiyyət
daşıyan fikirlər formalaşır. Həmçinin əvvəlcədən müəyyən olunmuş proqnozlar əsasında
fəaliyyətləri müəyyən etmək olur. Bu prosesin, eyni zamanda pedaqoji kadrların
inkişafını ardıcıl və sistemli olaraq izləmək, dəstəkləyici fəaliyyətlərlə təmin
etmək imkanı yaradır. Nəyə görə bizə müəllimlərin sertifikatlaşdırılması
lazımdır? - sualını belə cavablandırmaq istərdim. Pedaqoji kadrların
inkişafında keyfiyyət təminatı xüsusi parametrdir. Bunun üçün səviyyələrin müəyyən
edilməsində sertifikatlaşdırma bir vasitə olaraq özünün əhəmiyyətini saxlayır.
Pedaqoji kadrların inkişaf dinamikasının müəyyənləşdirilməsinə imkan yaradır.
3-cü ildir ki, müəllimlərin sertifikatlaşdırılması prosesi gedir. Müşahidələr və
əldə olunan nəticələr də onu göstərir ki, sertifikatlaşdırma artıq özünün
stimullaşdırıcı xarakterinə görə müasir təhsilə təkan verən, onu simvolizə edən
mühüm atributa çevrilib. Və belə bir mühüm prosesi təkmilləşdirərək, daha da
inkişaf etdirmək lazımdır".
Mənbə: https://muallim.edu.az/news.php?id=30393