2022 və
2023-cü illərdə təşkil olunan sertifikatlaşdırma proseslərində 31 227 ibtidai
sinif, 9 247 Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak etmişdir.
Sertifikatlaşdırmadan keçmiş 8 410 müəllimin əməkhaqqısına 35 faiz, 23 538 müəllimin
əməkhaqqısına isə 10 faiz artım tətbiq olunur. 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma
imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat
müəllimləri üçün Təhsil İnstitutu tərəfindən təlimlər təşkil edilmişdir. Bu
il iyun ayının 8-də isə sözügedən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma
imtahanı keçirilmişdir. İmtahanda 7 296 müəllim iştirak etmişdir. İlkin nəticələrə
əsasən, bu il ölkə üzrə 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat
müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq
keçid balını toplamamışdır. Nəzərinizə çatdırırıq ki, təkrar sertifikatlaşdırma
prosesi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu 10-13 iyun tarixlərində aparılacaq.
Müəllimlər müraciətlərini portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə
daxil olmaqla ünvanlaya bilərlər. Eyni zamanda bildiririk ki, Təhsil
İnstitutu tərəfindən ibtidai sinif müəllimliyi üzrə təkrar sertifikatlaşdırma
imtahanında istifadə olunan suallar ictimaiyyətlə paylaşılacaq. Bu gündən etibarən
regional təhsil idarələrində təkrar sertifikatlaşdırma imtahanında keçid balını
toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli
şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının
araşdırılması məqsədilə komissiyalar fəaliyyətə başlamışdır.
Mənbə: https://edu.gov.az/az/news-and-updates/21195-1