Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının
saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və
aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.
Bu
məbləğ necə hesablanacaq?
Məsələn,
minlərlə adam 345 manat minimum əməkhaqqı alır. Belə olan halda insanlar daha
çox maaş ala biləcəklərmi?
Mövzunu
Globalinfo.az-a şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun
sözlərinə görə, minimum əməkhaqqının işçinin çalışdığı saata görə müəyyən
olunması təcrübəsi dünyanın bir çox ölkələrində artıq çoxdandır ki, mövcuddur.
Sabiq
nazir deyib ki, əməyin ödənilməsinin bu formasının mövcud olmadığı ölkələr isə
zaman-zaman onun tətbiqini məqsədəuyğun hesab edərək, bu üsulun tətbiqinə
keçirlər.
O,
əməyin saat hesabı ilə ödənilməsinin hansı üstünlükləri olduğunu izah edib: “Bu
üsuldan istifadə olunarkən işçiyə konkret olaraq işlədiyi saatlara görə əməkhaqqı
müəyyənləşdirilir. Yəni bir müəssisədə işçi bir ay üçün müəyyən olunmuş əməkhaqqını
deyil, ay ərzində çalışdığı saatların miqdarına görə əməkhaqqı alır. Əməyin ödənişinin
adi qaydaları əsasında çalışan işçi ay ərzində neçə saat çalışmasından asılı
olmayaraq, onun üçün müəyyən olunmuş aylıq əməkhaqqını alır. Lakin əməyin ödənişi
saat hesabı ilə hesablandıqda, o ay ərzində konkret işlədiyi saatlara uyğun məvacib
alır. Bu dediklərimizi adi bir misalla izah edək. Məsələn, əgər əməyin ödənişinin
adi qaydasında əməkhaqqı alan işçi bir gündə 8 saat, həftədə 5 günlük iş
qrafiki ilə 40 saat (8 saat x 5 gün) və ay ərzində ümumilikdə 160 saat (40 saat
x 4 həftə) çalışaraq ayın sonunda ona bir ay üçün konkret olaraq müəyyənləşdirilmiş
500 manat əməkhaqqı alırsa, bu zaman onun faktiki olaraq ay ərzində 160 saat,
bundan az və ya çox saat işləməsinin heç bir fərqi yoxdur. O, bütün hallarda əvvəlcədən
müəyyən edilmiş 500 manat əməkhaqqı alacaq”.
F.Yusifovun
dediklərinə görə, əməkhaqqının saat hesabı ilə hesablanması zamanı vəziyyət dəyişir:
“Belə ki, bu halda işçiyə əməkhaqqı ay ərzində onun konkret işlədiyi saatlara
görə müəyyən edilir. Məsələn, əgər bizim yuxarıda göstərdiyimiz misalda olduğu
kimi, 1 saat üçün əməkhaqqı 3,13 qəpik (500 manat: 160 saat) müəyyən olunubsa və
işçi ay ərzində gündə 8 saat hesabı ilə 160 saat deyil, hər gün bir neçə saat
artıq işləməklə bir ayda 200 saat işləyibsə, bu halda ayın sonunda o, 500 manat
deyil, 626 manat (200 saat x 3 manat 13 qəpik) əməkhaqqı alacaq.
Əməkhaqqının
məbləğini işçinin çalışdığı saatların miqdarına görə müəyyənləşdirən zaman
hesablamalar elə aparılmalıdır ki, işçi ay ərzində norma ilə müəyyən olunmuş
saatlar həddində (bizim misalda 160 saat) işlədikdə onun alacağı maaş ölkədə müəyyən
olunmuş minimum əməkhaqqından az olmasın. Yox, əgər işçi ay ərzində 160 saat
deyil, bundan az saat işləyərsə, o halda işlədiyi saatlara uyğun əməkhaqqı
alacaq. Bunu da əyani bir misalla izah edək: Əgər işçi bir ay ərzində müəyyən
olunmuş minimum 160 saat əvəzinə 120 saat işləyərsə, o halda onun alacağı əməkhaqqı
376 manat (120 saat x 3 manat 13 qəpik) təşkil edəcək”.
Mənbə: