Həyatda üç
şey insanın özündən asılı deyil: valideynləri, doğulduğu torpaq və ömür sürdüyü
vaxt. Xalq yazıçısı Anara məxsusdur bu fikirlər...Özündən asılı olmayan, amma
ömür boyu asılı olduğun doğulduğun torpaq, məkan çox önəmlidir - “Coğrafiya
taledir” deyimi kimi.
Məkan
Naxçıvandır. Qədim Azərbaycan torpağı. Tarixi abidələr məskəni, zəngin mədəni
irsə malik, heyrətamiz gözəlliyi, qürurlu və məğrur insanları ilə seçilən
Naxçıvan.
Fevralın
9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur. Muxtar
respublikanın yaradılmasının Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət
kəsb etdiyini və onun xalqımızın həyatında əlamətdar hadisə olduğunu nəzərə
alan ölkə Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamda deyilir:
"Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb
və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri
olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış,
yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri
ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol
oynamışdır”. Azәrbaycanın qәdim vә zәngin tarixә, mәdәniyyәtә vә çoxәsrlik
dövlәtçilik әnәnәlәrinә malik olan Naxçıvan diyarı mürәkkәb vә çәtin inkişaf
yolu keçib. Məlum olduğu kimi 1920-ci ilin aprel işğalından sonra Azərbaycanda
başlanan sovetləşmə Naxçıvandan da yan keçmədi. Gərgin hərbi-siyasi mübarizələr
fonunda Naxçıvanın taleyi həll olunurdu. Nəhayət, 1921-ci il 16 mart tarixli
Moskva, 13 oktyabr tarixli Qars müqavilələri ilə Naxçıvanın Azərbaycan tərkibində
muxtar respublika statusu təsbit olundu. 1921-ci ilin yanvar ayında bu ərazidə
ümumxalq səsverməsi keçirildi və əhalinin 90 faizi Naxçıvanın Azərbaycanın tərkibində
qalmasına səs verdi. Uzun müzakirələrdən sonra 1924-cü il fevralın 9-da
Naxçıvanda Muxtar Sovet Sosialist Respublikası yaradıldı. Sovet mərhələsi
Naxçıvanın həyatında dərin iz buraxdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin
birinci dövründə Naxçıvanda sənayeləşmə prosesi sürətləndi, yeni müəssisələr
tikilib itifadəyə verildi. Təzə yaşayış massivləri salındı, təhsil, səhiyyə və
mədəniyyət müəssisələri tikildi. Azərbaycana ikinci dəfə rəhbərliyi illərində
Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasını heç vaxt diqqətdən kənarda
qoymadı. O, blokada şəraitində olan bu diyarın yaşaması, yaratması üçün əlindən
gələni etdi. Ölkədə başlanan quruculuq və inkişaf xətti Naxçıvanda fəallığı və
yaradıcı forması ilə seçilirdi. Bu inkişaf konsepsiyası sonrakı illərdə bir
idarəetmə modeli kimi tarixə düşdü. Bu model Prezident İlham Əliyev tərəfindən
daha da zənginləşdirildi. Ermənistanın blokadası şəraitində Naxçıvanın
özünümüdafiəsi ən yüksək səviyyəyə çatdırıldı. 2018-ci ilin Günnüt əməliyyatı
2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan ordusunun növbəti hərbi uğuru
kimi tarixə düşdü. Bundan əlavə, Muxtar Respublikanın iqtisadi müstəqilliyinə
nail olundu, Naxçıvanın iqtisadi inkişafı davamlı xarakter aldı, yeni müəssisələr
açıldı, qeyri-neft sektoru sürətlə önə çıxdı. Naxçıvanın muxtariyyəti
xalqımızın və dövlətimizin tarixi nailiyyətidir. Bu muxtariyyət imkan verdi ki,
Azərbaycan xalqının çoxəsrlik arzuları reallığa çevrilsin, əcdadlarımızın izi
bu torpaqdan silinməsin. Şərqin əsas fikir və düşüncə mərkəzlərindən olan
Naxçıvan əhalisi hər zaman milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək
dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində
müstəsna xidmətlər göstərdi. Bunun adı istisnasız fədakarlıq, dövlətə və ölkəyə
olan sonsuz məhəbbətdir. Strateji mövqeyinə görə Naxçıvan tarixən siyasi
mübarizələr meydanı olsa da, bu diyar və bu diyarın insanları bütün sınaqları qətiyyətlə
dəf edə bilib. O vaxt da, indi də ölkəmizin bütövlüyü uğrunda Naxçıvan torpağı
şəhidlər verib, şanlı Zəfər salnaməmizə parlaq imzalarını yazıblar. Ulu Öndər
Heydər Əliyevin siyasi fəaliyyətində Naxçıvan amili xüsusi qeyd olunmalıdır.
Naxçıvanın yarım əsrlik dövrü məhz onun siyasəti ilə formalaşıb. O vaxt verilən
vacib qərarların nəticəsidir ki, bu gün Naxçıvan böyük inkişaf dövrünü yaşayır.
Daha neçə
100 illiklərinin qeyd edilməsi arzusuyla, sabahı bu günündən də gözəl olacaq
gözəl diyar!
Bənövşə Məmmədova
ADU-nun Tərcümə
fakültəsinin dekanı
Mənbə: bit.ly/48a7Vkq


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)