Avropalı alimlər “monqol-tatar boyunduruğu”nun (rus dilində «татаро-монгольского ига»
- Monqol-tatar zülmü, iqo- “zülm edən, kölə edən qüvvə”. Monqol-tatar
feodallarının XIII-XV əsrlərdə Rus torpaqlarında hakimiyyət sistemi) yeni şərhini
təklif ediblər.
Bir sıra avropalı alimlər köçəri xalqların, xüsusən
də monqol-tatarların barbarlığı ilə bağlı uzun illər ərzində formalaşmış
stereotipə yenidən baxılmasını təklif ediblər. Tengri Life xarici KİV-ə istinadən
xəbər verir ki, bu barədə “The New Yorker”də yerləşdirilmiş məqalədə deyilir. Onların
fikrincə, köçərilər liberal demokratiyaların bütün əsas xüsusiyyətlərinə malik
idilər. Qondarma “tatar-monqol
boyunduruğu” Rusiyanın inkişafına mane olmamış, əksinə inkişafa kömək etmişdir.
Tarixin yeni təfsiri ilə bağlı bu fikirlər
Paris-Nanter Universitetinin tarixçisi Mari Faveronun “Orda: Monqollar dünyanı
necə dəyişdirdi”, Kennet V. Harlın “Çöllər
İmperiyası”, Entoni Sattinin «Köçərilər” və Nikolas Mortonun ““Monqol
fırtınası: Orta əsr Yaxın Şərqdə yaradılmış və məhv olmuş imperiyalar” adlı tədqiqatlarda
səslənir. Yuxarıda adı çəkilən əsərlərdə köçərilər qan içən canavarlar kimi
deyil, ticarətin inkişafına dəstək verən, söz və din azadlığını alqışlayan
mahir idarəçilər kimi təqdim edilir. “Bəli, onlar şəhərləri ələ keçirdilər,
lakin bu, dövlətin fəal inkişafı fonunda ümumi zərurət idi. Bəli, onlar yaxın və
uzaq qonşularını əsarət altına aldılar - amma bir çox başqa xalqlar eyni şeyi
etmişlər. Bu digər xalqlar da tez-tez belə işləri daha böyük qəddarlıqla törətmişlər”
məqalədə deyilir. Monqol hökmranlığı haqqında ümumi qəbul edilmiş fikir, “boyunduruq”
Rusiyanın inkişafına mane olan qəddar əsarətdir. Favero kitabında bunun əksini
iddia edir. XIV əsrdə Rusiyanın şimal-şərqində 40 və ya daha çox şəhərin
qurulduğuna işarə edərək yazır: “Rus knyazlıqları Ordaya tabe olduqda inanılmaz
iqtisadi sabitlik nümayiş etdirdilər”. O, monqolların Rusiyaya (xərac almaqla)
gəlir mənbəyi kimi baxdığını etiraf edir, lakin onların strategiyasının
repressiv deyil, ticarət olduğunu müdafiə edir. Monqollar Rusiyanı birbaşa və
ya dolayı yolla Volqa, Xəzər, Qara və Baltik dəniz regionları, eləcə də Çin,
Yaxın Şərq və Aralıq dənizi bazarları ilə əlaqələndirdilər. “Tacirlərin və
malların təhlükəsizliyi və sərbəst keçidi, elita, ruhanilər, tacirlər və sənətkarlar
üçün imtiyazlı mövqe, diqqətlə planlaşdırılmış vergi və torpaq rejimləri, əsasən
dolayı nəzarət - bütün bunlar həm tabe olan ruslar, həm də köçərilər üçün
firavanlığın açarı idi” -deyə tarixçi yazır. Ali Monqol Xaqanlığının siyasəti Rusiyanın
inkişafını ləngitmədi, əksinə onun inkişafına töhfə verdi. Tədqiqatçılar əsərlərində
göstərməyə çalışırlar ki, köçərilərin tarixi heç də Avropa tarixindən az diqqətəlayiq
deyil və heç də az əhəmiyyət kəsb etmir. “Ancaq öz əhəmiyyətimiz haqqında təsəvvürümüzə
fərqli baxmağı öyrənməsək, özümüzü hər şeyin ölçüsü hesab etməyə davam edəcəyik”
deyə nəşrdə bildirilir.
Mənbə:bit.ly/3SeEt8h
İnternet resurs:
https://az.wikipedia.org/wiki/Monqol-tatar_boyunduru%C4%9Fu
Rus dilindən tərcümə etdi:
Əsədov Seyyub Əsəd oğlu- Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin
(2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə
inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI
siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
Xülasə:https://multiurok.ru/files/avropali-aliml-r-monqol-tatar-boyundurugu-nun-yeni.html


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)