Dünyada daşqın miflərinin yayılması bizə erkən
insan miqrasiyası və ya hətta beynimizin necə işləməsi haqqında nəsə deyə bilərmi?
Antropoloq Klod Levi-Stross “The Structural Study of Mif” əsərində qeyd etdiyi
kimi, “çox fərqli bölgələrdə toplanmış miflər arasında heyrətamiz oxşarlıqlar”
vardır. Qədim Yunanıstanın şəhər-dövlətlərindən tutmuş Amazon meşələrindəki
ovçu-yığıcı qəbilələrə qədər qəhrəmanların canavarları öldürməsi, danışan
heyvanların bir-birinə oyun oynaması və qısqanc qohumların (adətən qardaşların)
biri-biriləri ilə döyüşməsi ilə bağlı şübhəli oxşar hekayələr mövcuddur. Qlobal
daşqınlar və kataklizmdən sağ çıxan şanslı bir neçə nəfərin hekayələri dünya
mifologiyasında xüsusilə yayılmışdır, məsələn, Bibliyadakı Nuh və Utnapiştim,
Gilqamış dastanında gəmi qurucusu, bu mətnlər İbrahim dinlərindən də daha qədim
sayılır. Astek mifologiyasında Tata adlı bir adam və arvadı Nena allah
Teskatlipoka onları gələcək daşqın barədə xəbərdar etdikdən sonra sərv
ağacından gəmi düzəldirlər və hindu folklorunda ilk insan olan Manunun qayığını dənizə aparan bir balıq barədə söz
açılır. Siyahını artırmaq olar... Bütün bunlar belə bir sual doğurur: Nə üçün
coğrafi baxımdan bir-birindən ayrılmış xalqların şifahi ənənələri arasında belə
təəccüblü oxşarlıq var? Antropoloqlar, psixoloqlar və arxeoloqlar illərlə bu
suala cavab axtarırlar. Bununla belə, hər kəsin razılaşacağı tutarlı bir nəzəriyyə
hələ də ortada yoxdur. Bəziləri iddia edirlər ki, bu cür oxşarlıqlar insan
miqrasiyası başlamazdan əvvəl, uzaq keçmişdə mədəni ötürülmənin sübutudur. Digərləri
hekayələrin müqayisə edilə bilən təcrübələr nəticəsində bir-birindən müstəqil şəkildə
inkişaf etdiyini irəli sürürlər. Digərləri bunun beynimizin kodlaşdırılmış olması
ilə əlaqəli olduğuna inanır. Bu fikirlərdən hansı, əgər varsa, düzgündür?
Dünyanın ən qədim daşqın əfsanəsi
Arxeoloji tədqiqatlar göstərir ki, bizim növümüz
Saxaradan cənubda Afrikada yaranıb və sonra Yaxın Şərq vasitəsilə dünyanın
qalan hissəsinə yayılıb. Bu o deməkdir ki, indi coğrafi cəhətdən ayrılmış mədəniyyətlər
təxminən eyni ərazidə yaşadıqları dövrlərdə inanc və adət-ənənələrini mübadilə
etmiş ola bilərlər. Beləliklə, dünya mifologiyasındakı nümunələr bizə erkən
insan miqrasiyasının nümunələrini daha yaxşı başa düşməyə kömək edə bilər. Bu
mövzuda araşdırmaların heç bir çatışmazlığı yoxdur. “Şimali Amerika
hindularının yaradılış mifləri”nin müəllifi Anna Root 300-dən çox yerli
amerikalı yaradılış miflərində daha incə povest detallarını təhlil etmiş və bu
təfərrüatların çoxunun Avrasiyadan gələn miflərdə də olduğunu aşkar etmişdir.
O, belə nəticəyə gəlmişdir ki, “təfərrüat-motivlərin xüsusi birləşməsinə görə,
bu miflərin ümumi mənşəli olduğu düşünülməlidir”. Uilyam Lessa “Okeaniyada Edip
nağılları”nda yazır ki, məşhur Yunan faciəsini xatırladan əfsanələr “Avropadan
Yaxın və Orta Şərqə və Cənub-Şərqi Asiyaya, oradan isə Sakit okean adalarına
uzanan qırılmamış bir qurşaq” üzərində yayılmışdır. Lakin onlar Mərkəzi və
Şimal-Şərqi Asiyada, Afrikada, Avstraliyada və Amerikada ümumiyyətlə mövcud
olmamışdır, bu isə bölgələr arasında mümkün mədəni ötürülmənin olmadığını göstərir.
Daşqın miflərinin ortaq mənşəyi olduğu iddia edilir. Bizə məlum olan ən qədim
mif Babildən, İkiçayarasından
(Mesopotamiyadan) gəlir. Bu barədə erkən xristian tarixçisi Qeysəriyyəli
Yevsebiy xatırladır, o, Babil tarixçisi Berosun itirilmiş əsərləri barədə
yazır, Beros da öz növbəsində Babil tarixinin yaranmasına aid itmiş Babil qeydlərindən danışır. Berosa görə, təxminən
e.ə. 2900-cü ildə yaşadığı güman edilən Şumer padşahı Kisutrosun dövründə böyük bir daşqın baş
vermişdir. Daşqın barədə tanrı tərəfindən
xəbərdarlıq edilən Kisuthros ailəsi, dostları və müxtəlif heyvanlar üçün gəmi
düzəltdi - motivlər çox tanış səslənir. Onun da yağış dayandıqdan sonra torpaq
tapmaq üçün quşlardan istifadə etdiyini nəzərə alsaq, bu əfsanənin Gilqamış və
Nuh haqqında dastanın əsasını təşkil etməsi mümkündür.
Böyük Yuy
Lakin Babil prototipi dünyadakı bütün daşqın miflərinə
şamil edilmir və antropoloq Klayd Klakhon “Mif və miflərin yaradılmasında təkrarlanan
mövzular” məqaləsində yazdığı kimi, etnoqraflar “bəlkə də keçmişə gedib çıxan əfsanələri
aydın şəkildə təsvir etməyə çalışmışlar. Yaxın Şərqdəki ən qədim və təsirli
daşqın miflərinə və qətiliklə “doğma” görünür”. Yuxarıda qeyd olunan Hindistan
və Mezoamerikan daşqın mifləri yalnız tanrıları, qayıqları və leysan
yağışlarını ehtiva etdiyi üçün Mesopotamiyadakı analoqlarına bənzədiyindən,
onların bir-birindən asılı olmayaraq inkişaf etdiyi iddia edilir. Onların arasında
hər hansı oxşarlığın müqayisə oluna bilən, lakin ayrı-ayrı tarixi hadisələrə əsaslanması
ilə əlaqədar olduğu deyilir. Başqa sözlə, Kisutros hekayəsi Mesopotamiyada baş
verən daşqından ilhamlanıbsa, Astek və hindu versiyaları, ehtimal ki, başqa
yerlərdə baş verən daşqınlardan ilhamlanıb. Müasir tədqiqatlar bizim qədim
dünya və onun geologiyası haqqında anlayışımızı təkmilləşdirdiyi üçün bu fərziyyə
son illərdə geniş yayılmışdır. Məsələn, bu yaxınlarda, 2016-cı ildə “Science”
jurnalı Çinin Jişi dərəsində baş verən sürüşmə nəticəsində bir saniyə ərzində
yarım milyon kubmetrdən çox suyun Sarı çaya tökülməsinə və ölkənin böyük hissəsinin
su altında qalmasına dair sübutlar dərc edib. Bu araşdırmanın diqqətəlayiq cəhəti
odur ki, tədqiqatçıların təxmin etdiyi bu xüsusi fəlakət - e.ə. 1920-ci ildə
baş vermişdir. Bunlar da eyni dövrdə ortaya çıxan bir neçə Çin daşqın mifinə
ilham verib. Bu, Sya sülaləsinin əfsanəvi qurucusu Böyük Yuy ilə bağlı bir
mifin niyə digər daşqın miflərindən əsaslı şəkildə fərqləndiyini izah edir.
Nuh, Utnapiştim və Tata və s. boğulmamaq üçün özlərinin gəmilərini qurduqları
halda, Yuy daşqını haqqında mifdə Yuy özünə güvənərək, ovalıqları qurutmaq və
xaosu ilahi kömək olmadan təkbaşına qaydaya salmaq üçün ixtirasına güvənir.
Mif və idrak
Digər, lakin daha şübhəli bir nəzəriyyədə bildirir
ki, miflər bir-birinə oxşar eyni yerdə yarandıqlarına və ya oxşar hadisələrdən
ilhamlandıqlarına görə deyil, şüuraltı səviyyədə hər bir insan beyni dünyanı
eyni şəkildə “şərh etdiyi” üçün oxşardır. Bu nəzəriyyəni miflərin fiziki
prosesləri izah etmək üçün istifadə olunan metaforalar olması ilə razılaşmayan
psixoanalitik Karl Yunq populyarlaşdırmışdır.
K.Yunq hesab edirdi ki, miflər xarici aləmdən asılı
olmayaraq şüurda mövcuddur.
O, inanırdı ki, tanrılardan və ruhlardan su
axınının axmasını və məhsulun böyüməsini göstərmək üçün istifadə etmək ibtidai
insanlar üçün çox böyük məntiqi sıçrayış olmuşdur. Robert Seqal “Miflərin nəzəriyyəsi”
adlı kitabında Karl Yunqun ideyaları haqqında yazır: “İnsanların, beyinində
onsuz da tanrı ideyası olmuşdur və bunu yalnız müşahidə etdikləri bitki örtüyü
və digər təbiət hadisələri üzərində proyeksiya edə bilərdilər”. Karl Yunq
“Şüursuzluğunpsixologiyası” adlı əsərində yazır: “ Bütün psixi olan hər şey öz
daxili vəziyyətini özündə daşıyır, ona görə də eyni haqla iddia etmək olar ki,
mif sırf psixolojidir və meteoroloji və ya astronomik hadisələrdən yalnız ifadə
vasitəsi kimi istifadə edir...Bir çox ibtidai miflərin qəribəliyi və absurdluğu
çox vaxt sonuncu izahı digərlərindən daha uyğun edir”. Hansı nəzəriyyənin doğru
olmasından asılı olmayaraq - onların hamısında müəyyən həqiqət ola bilər və miflər
arasındakı fərqlər əhəmiyyətsiz deyil. Əksinə, onlar antropoloqlara bir qədim mədəniyyətin
inanc sistemləri, sosial quruluş və qəbilə dinamikası baxımından digərindən necə
fərqlənə biləcəyini anlamağa imkan verir. Unutmamalıyıq ki, son nəticədə onlar
hamımızın bu günə qədər paylaşdığımız inancları işıqlandırırlar.
Mənbə: bit.ly/3RTC7LI
Rus dilindən tərcümə etdi: Əsədov Seyyub Əsəd oğlu-Şirvan
şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim”
müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən
yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
İstinad: https://multiurok.ru/files/n-ucun-umumdunya-dasqini-bar-d-mifl-r-planetimizd.html


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)