ARAŞDIRMA
Tədqiqatlar
göstərir ki, pedaqoji kadr hazırlığı işinin keyfiyyətli təşkili, müəllimlərin
pedaqoji ustalığının artırılması üçün müvafiq sistemin yaradılması təhsilin
inkişafını təmin edən başlıca amillərdəndir. Bunun bariz nümunəsini Sinqapur təhsil
sistemində də aydın görmək mümkündür. Müəllimlərin peşəkarlıq səviyyəsinin
inkişafı üçün müxtəlif variantların, peşəkar inkişaf üçün resursların əlçatanlığı,
peşəkar inkişaf mərhələləri üçün aydın meyarların mövcudluğu, müəllimin səriştəliliyinə
və ehtiyaclarına diqqət yetirərək onun fərdi peşəkar inkişafının mümkünlüyü, müəllimin
özünə və şagirdlərinə inamının mövcud olduğu bir sistemi formalaşdırmaq
Sinqapur pedaqoji təhsil sistemini dünyanın liderləri sırasına çıxartmışdır.
Mütəxəssislər Sinqapur pedaqoji kadr hazırlığı sisteminin əsas xüsusiyyətlərini
aşağıdakı kimi səciyyələndirirlər:
Müəllim,
hər il özü üçün peşəkar tapşırıqlar formalaşdırmalı və onu həll etməlidir;
Müəllim
peşəkar fəaliyyətində biliyi ilə bərabər, özünün yüksək motivasiyasına
arxalanmalıdır. Bu xüsusiyyəti onu dərsdən dərsə, sinifdən sinifə böyük ürək,
sevgi ilə aparacaq. Həm onu, həm də şagirdlərini, bütün işləri sevgi ilə
gördükdə, ən böyük maneələri belə aşmağın mümkünlüyünə inandıracaq. Sinqapurlu
tədqiqatçılar belə hesab edirlər ki, müəllimlik peşəsinə sevgi uşaqlıqdan
yaradılmalıdır. Əgər gələcəyin müəllimi olacaq şəxs müəllimliyin xəyallarını
uşaq yaşlarından qurmayıbsa, müəllimlik peşəsinin öhdəsindən gələcəyinə əmin
deyilsə, onun pedaqoji sahəyə gəlməsi mümkün deyil.
Təhsil
sistemində mövcud olan bütün müəssisələrin əməkdaşları arasında, bütün peşəkar
səviyyələrdə əməkdaşlıq mövcuddur (Məktəbəqədər təhsil müəssisələrindən tutmuş
Təhsil nazirliyinə qədər). Bu əməkdaşlıq çərçivəsində daha geniş təcrübəyə
malik olan müəllimlər gənc müəllimlərə mentorluq edirlər. Hər bir məktəbdə, hər
bir müəllimin dəqiq müəyyənləşdirilmiş hüquq və vəzifələrinin mövcud olduğu məktəbdaxili
təlim sistemi fəaliyyət göstərir. Sistemdə hər bir müəllimin üzərinə düşən vəzifə
aydın şəkildə təsvir edilir və hər kəs öz məsuliyyətini dərk edərək,
hesabatlılıq şəraitində fəaliyyət göstərir.Sinqapurda pedaqoji kadr
hazırlığının unikallığını şərtləndirən amillərdən biri də pedaqoji kadr
hazırlığının yalnız bir təhsil müəssisəsində, qeyd etdiyimiz kimi, Milli Təhsil
İnstitutunda həyata keçirilməsidir. İnstitut, eyni zamanda, dünya ölkələrinin
pedaqoji təcrübəsinin təhlilini də aparır, bu sahədə elmi tədqiqat işlərinə
geniş yer verir. Buradan belə qənaətə gəlmək mümkündür ki, ən yaxşı pedaqoji
kadr hazırlığı sisteminin qurulmasına baxmayaraq, ölkədə bu sahənin daha da təkmilləşdirilməsi
üçün tədqiqatlara ehtiyac duyulmaqdadır. Əldə edilən mühüm nəticələr müəllim
hazırlığı işinin məzmununun yenilənməsində istifadə edilir. Qeyd edim ki, hələ 2002-ci ildə Təhsil
nazirliyi pedaqoji nəzəriyyə və təcrübələrin araşdırılması mərkəzinin
yaradılması və inkişaf etdirilməsinə 48 milyon Sinqapur dolları ayırmışdır. Bu
mərkəz fəaliyyət göstərdiyi müddət ərzində Sinqapurda bir çox islahat
proqramlarının, eləcə də tədris prosesinin xüsusiyyətlərinin ekspert qiymətləndirilməsində baza rolunu
oynamışdır. Hələ Milli Təhsil İnstitutuna ərizə verməzdən
öncə, namizəd ən azı beş həftəsini məktəbdə keçirməli və onun fəaliyyəti ilə
tanış olmalıdır. Namizəd məktəbdə müəllimin, yaxud inzibatçının köməkçisi
qismində çalışır və fəaliyyətinə görə minimal vəsait alır. Təcrübə başa
çatdıqdan sonra məktəbin direktoru və nəzarətçi potensial namizədə qiymət
verir. Namizəd müsbət rəy aldıqdan sonra Milli Təhsil İnstitutunun ilk seçim mərhələsinə
qəbul edilir. Minimal tələb bundan ibarətdir ki, abituriyent öz yaş qrupu üzrə
30%-dən artıq uğur reytinqinə, ali təhsilə və pedaqoji təcrübəyə malik olsun. Üstünlük
o namizədlərə verilir ki, onlar nəzərdə tutulmuş ixtisas üzrə ali təhsilə
malikdirlər. Ona görə də, namizədlərin 80%-i pedaqoji ixtisasa qəbuldan öncə öz
fənləri üzrə bakalavr dərəcəsinə yiyələnirlər. Əsas tələb həm də ondan ibarətdir
ki, namizəd uşaqlara olan sevgisini, müəllimliyə marağını sübut edə bilsin. Milli
Təhsil İnstitutunun müvafiq seçiminin ikinci mərhələsində namizəd funksional
test və intellekt qiymətləndirilməsindən keçir. Üçüncü seçim mərhələsində üç nəfərdən
ibarət təcrübəli ekspertlərin iştirakı ilə namizəd psixoloji cəhətdən qiymətləndirilir
və onun şəxsi keyfiyyətləri müəyyənləşdirilir. Bu mərhələ mikrodərs və digər
praktik tapşırıqları da əhatə edə bilər. Təlim boyu tələbənin fəaliyyəti nəzarətdə
saxlanılır, peşəkar tələblərə cavab verməyən namizədlər təhsil proqramlarından
kənarlaşdırılır. Bu halda tələbə təhsilinə xərclənən bütün dövlət vəsaitlərini
geri ödəməyə borcludur. Orta hesabla hər altı nəfərdən biri peşə seçiminin
bütün mərhələlərini uğurla qət edir. Milli Təhsil İnstitutunda ixtisasartırma təhsilinin
müddəti 1 il, bakalavr diplomu almaq üçün isə 3 ildir. Təhsil müddəti ərzində tələbələrin
təqaüdünün məbləği yeni fəaliyyətə başlayan müəllimin əmək haqqının 60 faizini
təşkil edir. Milli Təhsil İnstitutu gələcəyin müəllimləri üçün müxtəlif
proqramlar təklif edir. 2 ildən 5 ilədək təhsil almaqla tələbələr pedaqogika
sahəsində ali təhsilə (Diploma in Education), eləcə də pedaqogika sahəsində
ikinci ali təhsil haqqında diploma (Postgraduate diploma in Education) və
humanitar/dəqiq elmlər üzrə bakalavr dərəcəsinə yiyələnirlər (Bachelor of
Art/Science Education). Digər təhsil sertifikatına, məsələn, imtahanları uğurla
verərək A səviyyəsində (A səviyyəsi orta məktəbin yuxarı sinfini yüksək göstəricilərlə
başa vuranlara verilir) təhsil sertifikatına malik olan müəllimlər, həmçinin
politexnik təhsliniə sahib olanlar Milli Təhsil İnstitutunda təhsil ala bilərlər.
Milli Təhsil İnstitutunun proqramları akademik təhsildən daha çox, pedaqogika və
fənlərarası əlaqələrin öyrədilməsinə yönəldilib. Sinqapurun təhsil sisteminin
ehtiyaclarından asılı olaraq təhsil proqramlarının məzmunu daim yenilənir.
Böyükağa
Mikayıllı, Təhsil sahəsi üzrə tədqiqatçı-jurnalist
Məqalənin
hazırlanmasında T.B.Alişevin, A.X.Qulmutdinovun, J.Redpathın tədqiqatlarına
istinad olunub.
Mənbə:
https://bit.ly/3R7fQtq


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)