Bu
gün ölkəmizdə həyata keçirilən təhsil islahatları müxtəlif aspektdə olan
innovasiyayönümlü təhsil quruculuğu tədbirləri ilə müşayiət olunur. Bütövlükdə
təhsilalanların inkişafını məqsədə çevirən bu tədbirlər özlüyündə həm yarandığı
dövrdə, həm də böyük təhsil təcrübələrinin sistemli mexanizmlərinə çevrilməklə
təsdiq və ya inkarını, başqa sözlə, dəyərləndirilməsini gözləyir. Bu, həm də
müxtəlif innovasiyalar şəraitində istər nəzəri, istərsə də praktik xarakterli
pedaqoji uğurların məntiqi nəticəsi olaraq meydana çıxır. Ona görə də belə bir
missiyanı yerinə yetirə biləcək pedaqoji tənqid barəsində müzakirələr səngimir,
onun yaradılması, təsbit olunması dövrü olaraq müzakirə obyektinə çevrilir.
İlkin araşdırmalar da onu göstərir ki, cəmiyyət ümumi inkişafın əsas atributuna
çevrilən, təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından elmi-nəzəri prinsiplərə
söykənən və məsul bir yanaşma mədəniyyətini ehtiva edən pedaqoji tənqidin
olmasını bir zərurət kimi tələb edir. Bu, həm də mərhum professor Əjdər
Ağayevin təbirincə demiş olsaq, təhsil sistemi, təhsil strukturları, təhsil məzmunu,
təlim metodları və digər praktik nəticələrdən ibarət olan “təhsilşünaslıq” və
ya “pedaqogikaşünaslıq” kimi təhsil elmlərinin inkişaf etdirilməsi baxımından
da əhəmiyyətli hesab edilir. Araşdırmalardan
belə nəticəyə gəlmək olur ki, pedaqoji tənqid və tənqidi pedaqogikaya elmi mənbələrdə
yanaşı işlənən anlayışlar kimi müraciət olunur. Ümumi cəhət ondan ibarətdir ki,
pedaqoji tənqid də, tənqidi pedaqogika da
ənənəvi təhsil modellərinə yaradıcı yanaşmağı və yeniliklərə açıq
olmağı, inklüziv və ədalətli öyrənmə mühitini təşviq edir. Onlara təhsil sahəsində
getdikcə daha çox əhəmiyyət daşıyan anlayışlar kimi yanaşılır. Bəlkə də, elə o
səbəbdəndir ki, bəzi hallarda bu anlayışlar eyni mənada işlənir, onlar təhsilalanların
formalaşması və inkişafında xidməti olan sahələr kimi dəyərləndirilir. Hətta bəzi
xarici dildə olan mənbələrdə pedaqoji tənqidin tənqidi pedaqogika anlamında işlənməsinə
və izah edilməsinə də rast gəlmək mümkündür. Lakin tənqidi pedaqogika (critical
pedagogy) və pedaqoji tənqid (pedagogical criticism) xüsusi ifadə tərzinə və
semantikaya malik olan fərqli anlayışlar olmaqla özünəməxsus funksiyalar
daşıyır. Mənbələrdə tənqidi pedaqogika xüsusi təhsil və ictimai hərəkat fəlsəfəsi
kimi şərh olunur. O öz fəaliyyətində tənqidi nəzəriyyə və əlaqəli ənənələrdən
başlayaraq təhsil və mədəniyyətin öyrənilməsi sahəsinə qədər bütün
konsepsiyaları inkişaf etdirir və tətbiqinə nail olur. Bu pedaqogikanın
Braziliya alimi Paulo Freire tərəfindən bünövrəsinin qoyulması XX əsrin əvvəllərinə
təsadüf edir. Braziliyalı alim, pedaqoq və filosof Paulo Freire “Məzlumların
pedaqogikası” əsəri ilə onun banisi kimi tanınır.
HAŞİYƏ:
Paulo Reglus Neves Freire XX əsrdə
yaşamış pedaqoq və filosof, tənqidi pedaqogikanın yaradıcısı kimi tanınmışdır.
Təhsil, pedaqogika və fəlsəfə sahələrində 20-dən çox kitab yazmışdır. O,
1968-ci ildə yazdığı “Məzlumların pedaqogikası” əsəri ilə tənqidi pedaqogikanın
əsasını qoymuşdur.
Əslində
tənqidi pedaqogika ayrıca bir pedaqogika
kimi özünə xas olan prinsipləri ilə fərqlənir. Belə ki, bu pedaqogika, ilk növbədə,
tələbələrin səlahiyyətlərini artırmaq və onların həyat təcrübələrini mərkəzləşdirməklə
daha demokratik və ədalətli təhsil sistemi yaratmağı hədəfləyir. İstənilən təlim
şəraitində onun tətbiqi mümkün hesab edilir. Nəzəriyyə ilə praktikanın əlaqəliliyinin
nəzərə alınması onun əsas tələblərindən biri hesab olunur. Tənqidi
pedaqogikanın digər mühüm prinsiplərindən biri də dialoqlardan istifadə
olunmasıdır. Dialoq tənqidi yanaşmalar müstəvisində həm müəllimlərə, həm də
şagirdlərə/tələbələrə bir-birindən öyrənməklə fikir və mülahizələrini, gələcək
perspektivləri müzakirə etməyə imkan yaradır. Yaranmaqda olan müasir təhsil ənənələrini
daha avtoritar və iyerarxiyaya meyilli olan ənənəvi təhsil modelindən fərqləndirir.
Tənqidi pedaqogikada düşüncə və fəaliyyətin olması vacib hesab edilir. Təhsilalanlar
öz təcrübələri, yerləşdikləri sosial və mədəni kontekstlər üzərində tənqidi şəkildə
düşünməyə həvəsləndirilir. Onların mövcud təhsil strukturlarına yaradıcı
münasibət bəsləmələri, təkliflərin daha optimal olması üçün zəruri şəraitin
yaradılması bir tələb kimi qarşıya qoyulur. Bununla şagirdlərdə/tələbələrdə
sosial və siyasi məsələlərdən xəbərdar və sosial ədalətə sadiq olan tənqidi
şüurun inkişafına imkan yarana bilir.
Pedaqoji
tənqid nədir?
Pedaqoji
tənqid elmi-pedaqoji yaradıcılığın bir növü olub geniş mənada təhsil
prosesinin, pedaqoji, metodik əsərlərin izahı, təhlili, dəyərləndirilməsi, eləcə
də təhsil prosesində maraqlı olan tərəflərin yaradıcı fəaliyyətini araşdıraraq
qiymətləndirilməsi, gələcək inkişaf üçün tövsiyələr verilməsi ilə məşğul olur.
Pedaqoji tənqidin başlıca vəzifəsi müasir pedaqoji və elmi-pedaqoji yaradıcılıq
proseslərini izləmək, eləcə də klassik pedaqoji fikrə müasir dövrün tələbi
baxımından qiymət verməkdən ibarətdir. Pedaqoji tənqid həmçinin
pedaqogikaşünaslıq elminin bir sahəsi kimi başa düşülür. Əgər biz pedaqoji elmlər
sisteminə daxil olan sahələri xarakterinə görə ümumiləşdirilmiş şəkildə
qruplaşdırsaq, heç şübhəsiz, burada həm tarixi, həm nəzəri, həm də münasibətlərdən
ibarət olan yanaşmaları aydın təsəvvür edə bilərik. Bu isə pedaqogikaşünaslıq,
yaxud pedaqogika elminin pedaqogika tarixi, pedaqogika nəzəriyyəsi və pedaqoji
tənqiddən ibarət infrastruktur elementlərini aydın görməyə imkan verir.
HAŞİYƏ:
Yeri gəlmişkən, hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın görkəmli
pedaqoq alimlərindən professorlar Bəşir Əhmədov və Əjdər Ağayevlə olan müzakirələri
yaxşı xatırlayıram. Onlar pedaqogika elminin infrastruktur məsələlərinə və
pedaqoji tənqid barəsində deyilən fikirlərə pozitiv mövqedən yanaşırdılar.
Sonralar bu məsələlərlə bağlı pedaqoq alimlərimizdən professor Fərrux Rüstəmov,
dosentlərdən Vidadi Bəşirov, İlham Əhmədov və başqalarının araşdırmalar
aparması və fikirlər söyləməsi problemin
əhəmiyyətini açıq-aydın göstərməklə yanaşı, onun hələ də gündəmdə qalmasını
sübut etməkdədir.
Pedaqoji
tənqid nə üçün lazımdır?
Pedaqoji
tənqid təhsilin effektiv olmasını və şagirdlərin/tələbələrin öyrənmə və inkişaf
ehtiyaclarını ödəməsini təmin etmək üçün lazımdır. Pedaqogika təlimin metod və
prinsiplərinə istinad edir, tənqid isə bu metod və prinsiplərin effektivliyini
müəyyən etmək üçün onların təhlilini və qiymətləndirilməsini nəzərdə tutur.
Pedaqoji tənqidlə məşğul olmaqla, pedaqoqlar təkmilləşdirməli olduqları sahələri
müəyyən edə və tələbələrin ehtiyaclarına daha yaxşı xidmət etmək üçün tədris təcrübələrində
dəyişikliklər apara bilərlər. Bundan əlavə, pedaqoji tənqid köhnəlmiş və ya səmərəsiz
tədris metodlarını müəyyən və onları daha effektiv üsullarla əvəz etməyə kömək
edə bilər. Nəhayət, pedaqoji tənqid təhsilin bütün təhsilalanlar üçün aktual, cəlbedici
və effektiv qalmasını təmin etmək üçün lazımdır. Pedaqoji tənqid pedaqogika nəzəriyyəsinin
daha müasir elementlərlə yeniləşməsinə töhfə verməklə əvəzsiz rola malik bir
sahə kimi çıxış edir. Pedaqogika nəzəriyyəçiləri peşəkar pedaqogika tənqidçilərinə
daha inamla istinad edir, onların təklifləri əsasında obyektiv dəyişikliklər
aparmaqdan çəkinmirlər. Pedaqoji tənqid həmçinin pedaqogika tarixini özünün qənaətləri
ilə zənginləşdirir. Həmçinin böyük bir dövrə məxsus pedaqoji proses, yaxud tədqiqatlar
barəsində ümumiləşdirmələr apararaq obyektiv fikirlər söyləyir, konkret dövr, mərhələ
üçün zəruri olan xüsusiyyətləri müəyyənləşdirir. Bütün bu yanaşmaların nəticəsində pedaqogika tarixinin yeni səhifələri yaranır.
Pedaqoji
tənqidin tarixi kökləri
Pedaqoji
tənqid haqqında olan fikirlərin bir qismi də onun mövcud olmaması,
yaradılmasının zəruriliyi ilə bağlıdır. Həm də bu yanaşmaların meydana gəlməsi
və sistemli şəkildə xidmət göstərməməsi, bilavasitə onun hazırkı islahatyönümlü
fəaliyyətlərimizin tələblərinə cavab verməməsi ilə əlaqədardır. Belə ki, Azərbaycan
təhsilindəki sürətli innovativ yeniliklər,
cəmiyyətin tələbatına uyğun aparılan dəyişikliklər öz növbəsində subyektiv
mülahizələrdən kənar elmi-nəzəri əsaslara söykənən münasibətlər, reaksiyalar tələb
edir. Pedaqoji prosesin zənginləşdirilməsinə və inkişafına ardıcıl və sistemli
şəkildə xidmət göstərməli olan pedaqoji tənqid hadisəsinin baş verməməsi
narahatlıq yaradır. Əslində isə pedaqoji tənqid daha mobil və çevik yanaşmaları
ilə pedaqoji prosesə münasibət bildirməli,
hər zaman onun inkişafını yönləndirməlidir. Hər addımda “pedaqoji tənqid
pedaqogika tarixi və nəzəriyyəsinin zənginləşməsinə material verməlidir” (Fərrux
Rüstəmov). Pedaqoji tənqid özünün bütün koordinatları ilə bu gün müzakirə
olunsa da, onu yeni, bu günün hadisəsi hesab etmək olmaz. Pedaqoji tənqid
zaman-zaman pedaqoji prosesin yaranması ilə birgə təşəkkül tapmışdır. Onun
tarixi kökləri qədim Yunanıstana gedib çıxır. Platon və Aristotel kimi
filosoflar fərdin inkişafına, əqli və əxlaqi fəzilətlərin təbliğinə diqqət
yetirən təhsil haqqında ideyalar irəli sürmüşlər. Pedaqoji tənqid bəşəriyyətin
tarixi boyu hər bir dövrdə təhsilə yeni ideyalar və yanaşmalar bəxş etmişdir. Pedaqoji
proses baş verən zaman məntiqi olaraq ona münasibətlər də yaranmışdır ki,
bunlar özləri pedaqoji tənqidin elementləri kimi indi də dəyərini qoruyub
saxlamaqdadır. Və pedaqoji prosesin müxtəlif zamanlarda inkişafı ilə bərabər,
pedaqoji tənqidin parametrləri pillə-pillə inkişaf edərək formalaşmışdır. Artıq
ötən əsrin əvvəllərindən etibarən yeni mərhələyə qədəm qoyan pedaqoji elmlərin
inkişafı ilə birgə pedaqoji tənqid də fəaliyyətini davam etdirir. Azərbaycanda
pedaqoji elmin inkişaf tarixini əhatəli şəkildə öyrənən istedadlı pedaqoq alim,
professor Fərrux Rüstəmov özünün “Azərbaycan pedaqogikaşünaslığı” adlı əsərində
belə qənaətə gəlir ki, “20-ci illərdə pedaqoji fikir məzmunca yeni mərhələyə
daxil oldu. Yaranmaqda olan yeni pedaqogika elminin nəzəri problemləri,
metodoloji məsələləri, xüsusilə pedaqoji cərəyanların təsnifatı ilə bağlı müxtəlif
fikirlər pedaqoji tənqidin tədqiqat və diskussiya predmetinə çevrildi”. Və beləcə inkişaf etməkdə
olan pedaqoji proseslə yanaşı, praktik olaraq münasibətlər fonunda özünü göstərən,
pedaqoji tənqidi simvolizə edən müxtəlif səviyyəli təhlillər, yanaşmalar
formalaşdı. Lakin təhlillərin dərin olmaması, orada təsvirçiliyin üstünlük təşkil
etməsi, ümumiləşdirmələrin zəifliyi pedaqoji tənqidin gücünə, effektliliyinə təsir
göstərdi. Bu isə bilavasitə pedaqoji tənqidin ümumi prinsiplərinin, elmi-nəzəri
əsaslarının formalaşmaması ilə bağlı idi. Həqiqi olan isə bu idi ki, daim müsbətə doğru
dəyişməkdə olan pedaqoji proses pedaqogika tarixi və pedaqogika nəzəriyyəsi
kimi elm sahələrinin inkişafını tələb etməklə yanaşı, onların əlaqə və
birliyini təmin edən pedaqoji tənqidin elmi əsasda formalaşmasına ehtiyac duyurdu. Onun obyektivlik
tribunasından söylənilən təkliflərindən
qidalanmaq istəyirdi.
Pedaqoji
tənqidin vəzifələri
Pedaqoji
tənqid daha çox pedaqoji aləmi dərk etmək və təhsilin keyfiyyətini artırmaq məqsədilə
təhsil proseslərinin, təcrübələrinin və məhsullarının sistemli öyrənilməsi ilə
məşğul olur. Son dövrlərdə texnologiyaların inkişafı, qloballaşma və sosial dəyişikliklər
nəticəsində təhsil sistemlərinin mürəkkəbləşməsi, ciddi sosial fenomenə çevrilməsi pedaqoji tənqidin üzərinə düşən məsuliyyəti
daha da artırmışdır. Pedaqoji tənqid mahiyyət etibarı ilə pedaqogikaşünaslığın
təhsil təcrübələrinin, nəzəriyyələrinin və materiallarının təhlili və qiymətləndirilməsi
ilə məşğul olan bir sahəsidir. O, təhsilin
müxtəlif aspektlərini tənqidi şəkildə araşdıraraq tədris və öyrənməni təkmilləşdirmək
məqsədi daşıyır. Onun bir sıra bəzi vəzifələrini aşağıdakı kimi qeyd etmək
olar.
1.
Təhsil proqramlarının (kurikulumların) təhlili. Tədris olunan materialın
uyğunluğu, düzgünlüyü və əhatəliliyinin qiymətləndirilməsi üçün kurikulumun məzmunu
və strukturu diqqətlə nəzərdən keçirilir. Həmçinin effektiv təlim nəticələrini
təşviq etmək üçün kurikulumun ardıcıllığının və təşkilinin qiymətləndirilməsi
aparılır.
2.
Tədris metodlarının tədqiqi. Tədris metodları dedikdə müxtəlif tədris metodlarının
və təlim strategiyalarının təhlili nəzərdə tutulur. Buraya interaktiv təlim məşğələləri,
mühazirə əsaslı tədris, sorğuya əsaslanan öyrənmə və ya layihəəsaslı öyrənmə
kimi müxtəlif yanaşmaların effektivliyinin qiymətləndirilməsi daxildir. Həmçinin
bu metodların müxtəlif fənlər, yaş qrupları və öyrənmə səviyyələri üçün
uyğunluğu nəzərdə tutulur.
3. Müasir təhsil proseslərinin mahiyyətinin dərk
olunması. Vəziyyəti öyrənmək və gələcək fəaliyyətləri müəyyənləşdirmək məqsədilə
pedaqoji proseslər və təcrübələrlə bağlı aparılmış monitorinq və qiymətləndirmələrin
nəticələrini təhlil edir, dövri olaraq ümumiləşdirmələr aparır, strateji
addımlar üçün təkliflər verir. Təhsil sahəsi üzrə ədəbiyyatın tələbələrə, müəllimlərə
və digər maraqlı tərəflərə təsirini araşdırır, təhsil sisteminin şagirdləri/tələbələri
gələcəyə necə hazırladığını qiymətləndirir.
4.
Qiymətləndirmə təcrübələrinin dəyərləndirilməsi. Burada təhsilalanların öyrənməsini
qiymətləndirmək üçün istifadə olunan metodların araşdırılması, o cümlədən qiymətləndirmələrin
ədalətliliyinin, etibarlılığının, düzgünlüyünün və s. qiymətləndirilməsi nəzərdə
tutulur. Həmçinin onların bilik və bacarıqlarının daha hərtərəfli başa düşülməsinə
kömək edən alternativ qiymətləndirmə yanaşmaları da əhatə olunur.
5.
Tədris materiallarının qiymətləndirilməsi. Tədris materialı kimi dərsliklərin,
tədris vəsaitlərinin və digər tədris materiallarının nəzərdən keçirilməsi də
pedaqoji tənqidin vəzifəsinə daxil olunan məsələlərdəndir. Orada təqdim olunan
məlumatın düzgünlüyünün, istifadə edilən dilin və görüntülərin uyğunluğunun
qiymətləndirilməsi, müxtəlif perspektivlərin və təcrübələrin təmsil olunması əsas
şərtlər kimi diqqət mərkəzində saxlanılır. Materialların bütün təhsilalanlar
üçün əlçatanlığının və inklüzivliyinin mümkünlüyü vacib şərt kimi götürülür.
6.
Sinif idarəçiliyi. Sinif idarəçiliyinə müəllimlərin müsbət və inklüziv öyrənmə
mühitini necə qurduğunu, şagird/tələbə davranışını necə idarə etdiyini və təhsilalanları
fəallığa necə təşviq etdiyini, eləcə də sinif idarəetmə üsullarının
motivasiyası və təlim nəticələrinə təsirini qiymətləndirmək daxildir.
7.
Sosial-mədəni amillərin nəzərə alınması. Pedaqoji tənqid təhsilin baş verdiyi
sosial-mədəni konteksti nəzərə alır. Burada təhsil təcrübələri və
materiallarının müxtəliflik, bərabərlik və sosial ədalət məsələlərini necə əks
etdirdiyini və həll etdiyini araşdırmaq, həmçinin ictimai normaların, dəyərlərin
tədris və öyrənməyə təsirini nəzərə almaq əsas götürülür.
8.
Pedaqoji innovasiyaların sosial dəyişikliklərə uyğun aparılmasını, onların
müasir şagirdlərə/tələbələrə uyğunluğunu müəyyənləşdirir və şərh edir, pedaqoji
ictimaiyyəti ondan istifadəyə təşviq edir və s.
Pedaqoji tənqid bu vəzifələri yerinə yetirməklə
təkmilləşdirilməli sahələri müəyyən etmək, təhsil işçiləri arasında mənalı
dialoqu asanlaşdırmaq və daha effektiv təhsil təcrübələrinin inkişafına kömək
etmək məqsədini yerinə yetirə bilər. Ölkəmizdə aparılan təhsil islahatları,
quruculuq işləri, bilavasitə pedaqoji tənqidə olan ənənəvi münasibətlərin dəyişməsi
onun məqsəd və vəzifələrinin, fəaliyyətinin obyektivliyini təmin edə bilən elmi
prinsiplərinin müəyyənləşdirilməsini tələb edir.
Pedaqoji
tənqidin prinsipləri
Pedaqoji
tənqid təhsil məqsədlərinə çatmaqda pedaqoji yanaşmaların effektivliyini,
aktuallığını və təsirini qiymətləndirmək məqsədi daşıyır. Pedaqoji tənqid öz fəaliyyətini
bir sıra elmi prinsiplər əsasında davam etdirir ki, onlardan bəziləri
aşağıdakılardan ibarətdir.
1.
Təhsil prosesinə uyğunluq. Pedaqoji tənqid təhsil təcrübələrinin təhsilalanların
məqsədləri, ehtiyacları və gözləntiləri, eləcə də daha geniş ictimai və mədəni
kontekstlərlə uyğunlaşdırılmasını nəzərdən keçirir. O, təhsil məzmununun,
metodlarının və materiallarının öyrənənlər üçün uyğun və mənalı olub-olmadığını
araşdırır.
2.
Təlim nəticələrinin nəzərə alınması. Pedaqoji tənqid nəzərdə tutulan təlim nəticələrinə
diqqət yetirir və tətbiq edilən pedaqoji strategiyaların bu nəticələrin əldə
olunmasına effektiv kömək edib-etmədiyini qiymətləndirir. O, öyrənmə məqsədlərinin
aydın, ölçülə bilən və müvafiq səviyyədə olduğunu müəyyənləşdirir.
3.
Sübutların tədqiqata əsaslanması. Pedaqoji tənqid təhsil təcrübələrinin
effektivliyini qiymətləndirmək üçün tədqiqata əsaslanan sübutlara və empirik məlumatlara
istinad edir. Tənqid və qiymətləndirmə prosesini məlumatlandırmaq üçün təhsil tədqiqatlarının
nəticələrini, nəzəriyyələri və ən yaxşı təcrübələri əsas götürür.
4.
Yanaşmaların şagird/tələbə mərkəzli olması. Pedaqoji tənqid şagirdlərin/tələbələrin
ehtiyaclarını, maraqlarını və təcrübələrini prioritetləşdirir. Pedaqoji
yanaşmalarda şagirdlərin/tələbələrin müxtəlif öyrənmə üslublarını, qabiliyyətlərini
və imkanlarını nəzərə alıb-almadığını yoxlayır, fəal iştirak, tənqidi düşüncə və
mənalı öyrənmə təcrübələrini təşviq edir.
5.
Davamlı təkmilləşdirmə. Pedaqoji tənqid təhsil təcrübələrində davamlı təkmilləşdirmə
ehtiyacını qəbul edir. O, müəllimləri özünüqiymətləndirmə ilə məşğul olmağa, rəy
almağa və tədris metodlarının effektivliyini artırmaq üçün lazımi düzəlişlər
aparmağa istiqamətləndirir.
6.
Etik mülahizələrin nəzərə alınması. Pedaqoji tənqid təhsildə etik mülahizələri
də nəzərə alır. O, pedaqoji təcrübələrin öyrənənlərin hüquq və ləyaqətinə hörmət
edib-etmədiyini, inklüzivliyi və bərabərliyi təşviq edib-etmədiyini, müsbət öyrənmə
mühitini dəstəklədiyini qiymətləndirir.
Bu
prinsiplər təhsilin cəlbedici, effektiv və mənalılığını müəyyən etmək üçün
pedaqoji təcrübələrdən istifadə olunmasına imkan yaradır. Həmçinin müəllimlərə
tədris metodlarını təkmilləşdirmək və təhsilin keyfiyyətini artırmaq üçün əsaslandırılmış
qərarlar qəbul etməyə kömək edir.
Nəticə
Biz
bu məqalədə pedaqoji tənqidin bəzi məsələləri barədə danışdıq. Ölkəmizdə
aparılan təhsil sahəsindəki quruculuq işləri ona diqqətin artırılmasını,
pedaqoji tənqidin pedaqogikaşünaslıq elminin bir təkib hissəsi kimi öyrənilməsini
və tətbiqini tələb edir. Bunun üçün pedaqoji tənqidlə bağlı strateji addımların
müəyyənləşdirilməsi, müxtəlif təhsil müəssisələrində pedaqoji prosesin keyfiyyət
səviyyəsini müəyyən edən və onun inkişafını dəstəkləyən müzakirə və
diskussiyaların keçirilməsi təklif olunur.
Ənvər
ABBASOV, Bakı Slavyan Universitetinin prorektoru, pedaqogika üzrə fəlsəfə
doktoru, dosent, Əməkdar müəllim
Mənbə:
https://www.muallim.edu.az/news.php?id=26203