Müəllimlərin
yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə
çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs
yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü
bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin
diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə
alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs
yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir.
Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin
ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan
kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik
dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi
maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən
əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün
olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində
elan edilir. Çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti
Azərbaycan Respublikasının Əmək Məcələsinin 10-1-ci maddəsi və Nazirliyin
15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və
meyarlar (son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi,
elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi,
attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, müəllimlər arasında keçirilən
respublika səviyyəli müsabiqələrin
qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa
işçi ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan
verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) və həmin
fəndən ixtisaslı müəllimlərin orta dərs yükü 18 saatdan aşağı olmaması şərti
gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının və aidiyyəti ərazi
maliyyə hesablaşma mərkəzinin razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər
dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər. Bu zaman işçinin diaqnostik
qiymətləndirilmədə göstərdiyi nəticə də nəzərə alınmalıdır. Qeyd edilən
meyarlar çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
Çalışmanın yaş həddinə çatan işçilərlə əmək müqaviləsinin 5 ildən artıq müddətə
uzadılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli
180 nömrəli qərarı ilə müəyyənləşdirilmiş meyarlar (Azərbaycan Respublikasının
orden və medalları ilə təltif edilməsi, Azərbaycan Respublikasının fəxri
adlarına layiq görülməsi, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının
olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması,
Dövlət mükafatı laureatı olması, 1991-ci il oktyabrın 18-dək orden və
medallarla təltif edilməsi) gözlənilməklə tabelik üzrə təhsili idarəetmə
orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı əsasında müəssisə rəhbəri
tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər. Çalşmanın yaş
həddinə çatan Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, riyaziyyat və xarici
dil müəllimləri ilə əmək münasibətləri “Çalışmanın yaş həddinə çatmış müəllimlərlə
müddətli əmək müqaviləsinin bağlanılması prosedurları barədə” Nazirliyin
02.04.2018-ci il tarixli F-223 nömrəli əmrinə uyğun tənzimlənir. Sosial məzuniyyətdə
olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü
ayrılır və əmrləşdirilir. Sosial məzuniyyətdə olan müəllimlərin dərs yükü ilə
bağlı aşağıdakı ardıcıllıq gözlənilməklə qərar qəbul edilir:
-dərs yükü
müəssisədə çalışan ixtisaslı müəllimlər arasında bölüşdürülür;
-Tabelik üzrə
təhsili idarəetmə orqanının razılığı əsasında digər məktəblərdən əvəzçiliklə
ixtisaslı müəllim dəvət edilir;
Qeyd
olunanlar mümkün olmadığı halda sosial məzuniyyət yerinə müddətli əmək müqaviləsi
ilə müəllimlərin işə qəbulu bu qaydaların 4.5-ci bəndinə uyğun tənzimlənir. Zəruri
ehtiyac olduqda təhsil müəssisələrinin təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin
iki sinif komplektində dərs aparmasına tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən
razılıq verilir. İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri
incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris
edilir. İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin
ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir. İbtidai siniflərdə
xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir.
Kadr olmadığı halda, informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris
oluna bilər.
Mənbə: https://azedu.az/az/news/59429-muellimlerin-ders-yuku-nece-mueyyenlesdirilir-qaydalar