Anım Günü -Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması günüdür. Anım Günü müharibənin başlandığı gün, sentyabrın 27-də keçirilir. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncama əsasən qeyd edilir. Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. 27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir. 27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o minbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu. 27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və Möhtəşəm Qələbə tariximizdir. Noyabrın 10-da imzalanmış bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsinin işğalına son qoyuldu. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Azərbaycan öz coğrafiyası üçün xain əllərin cızdığı bütün məkrli planları beləcə alt-üst etdi; Torpaqlarına sahib çıxdı. Dağlıq Qarabağ söz birləşməsini leksikondan çıxaran cəsarət ortaya qoydu; Qarabağ və Şərqi Zəngəzur inzibati ərazi vahidi anlayışını rəsmən zehinlərə gətirdi; dəyişdirilmiş toponimlərə doğma, əsl adını geri qazandırdı və bu proses davamlı xarakter daşıyır. Təəssüf ki, bütün bunlar sülh masasında yox, müharibə meydanında həll edildi. Təəssüf ona görə ki, müharibə hər iki tərəf üçün ağır itkilər, ölüm, humanitar fəlakət deməkdir. Amma rəsmi İrəvan Lələtəpə və Tovuz döyüşlərindən nəticə çıxarmalıykən, - hansı ki, Azərbaycan bu döyüşlər zamanı işğalla barışmayacağını kəskinliklə nümayiş etdirmişdi, - Azərbaycana qarşı diversiyalarını davam etdirdi; erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar verdi. 2020-ci il 27 sentyabr tarixində növbəti hərbi təxribat müharibə üçün qığılcım oldu. Atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Rəsmi İrəvanın ifrat millətçilik siyasətinin təzahürləri zaman-zaman ortada olduğu halda, dünya monoetnik dövlətə çevrilmək siyasəti ilə hərəkət edən Ermənistanın Azərbycanın iqtisadiyyatına, mədəni irsinə vurduğu miqyasagəlməz zərəri, 150 minə yaxın azərbaycanlının deportasiyasını, 300 minə yaxın insanı öz yurd-yuvalarından didərgin salmasını, şəhərləri, kəndləri dağıtmasını, günahsız insanları qətlə yetirməsini görmürdü. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində dəhşətli soyqırımı həyata keçirdi. Soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. “Demokratik” dünya öz qəti qərarları, təsirli addımları ilə bu qara ləkəni təmizləməliykən, yalnız quru bəyanatlarla kifayətləndi. İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edildi. Siyahıya baxsaq, söhbətin necə bir vandallıqdan getdiyi aydın olar: Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri var idi. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qaldı və ermənilər tərəfindən dağıdıldı. Bu vandalizmə görə məsuliyyət var idi, lakin heç bir beynəlxalq təşkilat, dövlət Ermənistandan bunun hesabatını istəmədi. Bundan başqa, münaqişənin həlli üçün yaradılan bütün platformalar, formatlar əslində formal xarakter daşıdı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. ATƏT-in Minsk Qrupu həmsədrlərinin qoltuğundakı portfeldə real həll modeli daşınmadı; onların bölgəyə hər gəliş-gedişi quruca ümiddən başqa heç nə vermədi. Dünyanın Ermənistana gücümü çatmadı? Gerçək bu deyildi, gerçək o idi ki, dünya dövlətləri sözdə haqlının, əməldə isə təcavüzkarın yanında dayanırdı. Azərbaycan yalnız sülh, dinc yanaşı yaşamaq, bölgədə əməkdaşlıq mühiti yaratmaq istəyir. Unudurlar ki, Azərbaycan “Böyük Ermənistan” ideyasını tarixin zibilliyinə atıb və işğaldan qurtardığı torpaqlarında cənnət Qarabağın, Şərqi Zəngəzurun möhkəm təməlini qoyub.
Ermənistanın
davranışları nə olur-olsun, şəhidlərinin qanı ilə qazandığı BÖYÜK ZƏFƏRini qoruyub saxlamaq üçün Azərbaycanın
mükəmməl planı həmişə var. Azərbaycan bu gün qalib dövlət kimi yaşayır, bundan
sonra da MÜZƏFFƏR XALQ və QALİB DÖVLƏT kimi əbədi yaşayacaq!
Mənbə:
1.https://www.muallim.edu.az/news.php?id=22149
Xalqımız Qarabağ müharibələrində qəhrəmanlıqla
döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini,
bütün şəhidlərini dərin ehtiramla anır! Ruhunuz şad olsun!