“İstedadlı
uşaqlarla ünsiyyət müəlimdən düşüncə, yaradıcılıq, peşəkarlıq baxımından cevik
olmağı tələb edir, məktəb proqramı çərçivəsində özünü sərbəst hiss etməyə imkan
verir, istər müəllim, istərsə də şagirdin yaradıcılıq fəaliyyətini özündə cəmləşdirir”(J. Bryuno).
İstedadlı
uşaqlarla işlə bağlı məsələlərlə həm yerli, həm də xarici psixoloq və
pedaqoqlar araşdırmalar aparmışlar. Bunlardan C. Hilford, P. Torrens, F.
Barron, K. Teylor və B. Bluma əsasən
istedadlı uşaqlarla iş metodikası hazırlanmışdır. Onların
ardıcılı J. Bryunonun “İstedadlı uşaqlar: psixoloji və pedaqoji təcrübə” adlı əsəri
olduqca maraq kəsb edir.
Müasir cəmiyyətdəki
dəyişikliklər təhsili inkişaf etdirmək üçün yeni-yeni sahələrin, o cümlədən
istedadlı uşaqlara dəstək sisteminin inkişaf etdirilməsini labüd edir. Hazırkı
dövrdə şablondan kənar düşünən, qeyri-standart vəziyyətlərdən çıxış yolu tapmağı,
problemlərin həlli üçün yeni yollar axtarmağı bacaran məktəblilərə ehtiyac
duyulur.
Buna görə
də, müəyyən bir bilik sahəsində bacarıqları olan müəllim və istedadlı şagirdlər
arasındakı şəxsi münasibətlərin vacib roluna xüsusi diqqət verilməlidir.
Psixologiya elmindən də məlumdur ki, “...istedadlı
və bacarıqlı uşaqlar deyəndə bacarıq və qabiliyyətlərinə görə öz nailiyyətlərini
nümayiş etdirməyi bacaran uşaqlar başa düşülür”. Burada ən vacib rol, uşağı həvəsləndirən,
sevdiyi işə sövq etməyi bacaran müəllimə aiddir. İstedadlı şagirdin xüsusi diqqətə ehtiyacı vardır.
Müəllimin vəzifəsi
bütün bunlara diqqət vermək, istedadlı şagirdin hər bir uğurunu qeyd etməklə
yanaşı, həm də onu yaradıcı işlərə təşviq etməkdir.
Məlumdur
ki, istedadlı şagird standart təhsil sisteminin heç də həmişə tələblərinə cavab
verməyən xüsusi bir uşaqdır. İstedadlı şagirdlərə həddindən artıq bilgiyə maraq,
enerji və müstəqilik, yüksək düşüncə və zəka, yaxşı inkişaf etmiş nitq və geniş
söz ehtiyatları xarakterikdir. Xüsusilə vurğulamaq istəyirəm ki, istedadlı
şagirdlərdə köhnəlmiş tədris metodlarına qarşı dözümsüzlük, lider olmaq istəyi,
özlərinə və digərlərinə qarşı tələbkarlıq, hər bir işdə mükəmməl olmaq istəyi,
hətta dərs zamanı müəyyən hiyləgərliklərdən istifadə halları özünü biruzə verir
və bu xüsusiyyətlər onlarda xarakterizə olunur.
( “ P.S. ... qabiliyyətli uşaqlara özlərini sübut
etmək üçün şans verilməsə, onda onlarda mənfi imiclər inkişaf edəcəkdir. Bu mənfi
imic isə öz növbəsində yeni problemlərə yol açmış olar və bunu dərk edə bilən müəllim
bu cür halların qarşısını vaxtında
almağı bacarmalıdır və bu çox vacibdir”). Belə şagirdlər öz intellektual və
yaradıcı inkişaf baxımından çox vaxt həmyaşıdlarından irəlidə olurlar, müəllimin
izahlarını tez başa düşür və ünsiyyət bacarıqlarını asanlıqla mənimsəyirlər. Lakin
onlarda inkişaf tempi, idrak fəaliyyətlərinin xüsusiyyətlərinə cavab verən vəzifələrin
mürəkkəbliyi və orijinalıq çox zəif olur.
“İstedadlı uşaqlar” adlı
kitabda Frans Monks və İren İpenburq yazırlar:
“...təhsil işçilərinin diqqətini
daima təhsil prosesində fərqli qabiliyyətləri olan şagirdlərə yönəldilməlidir.
Bu təkcə istedadlı şagirdlərə deyil, eləcə də dərslərdə zəif nəticə göstərən
şagirdlərə də aid edilməlidir”.
Uşağın istedadlı olduğunu necə müəyyən etmək olar?
Belə uşaqlar özlərini məktəbdə və evdə necə aparırlar? Uşaq üçün istedadlı
olmaq nə deməkdir? Qabiliyyət və istedad arasında fərq varmı? Yüksək qabiliyyətli
uşaqları necə öyrətmək və tərbiyə etmək olar? Bu və digər suallara kitab müəllifləri
nəzəriyyə və təcrübəni birləşdirərək olduqca ətraflı cavab verirlər. Kimlər ki,
istedadlı və qabiliyyətli uşaqlarla işləyir bu kitabdan çox şey öyrənə bilər.
Bacarıqlı və istedadlı şagirdlərlə işləyərkən bir-neçə
problemləri həll etmək lazım gəlir:
-Bacarıqlı və istedadlı şagirdlərin müəyyənləşdirilməsi.
-Bu cür şagirdlərin aktiv tədqiqat və yaradıcı işə
cəlb edilməsi üçün motivasiya.
-Bacarıqlı və istedadlı şagirdlərlə işləyərkən müəllimlərə
metodik və didaktik köməkliyin olmaması.
(P.S.Tərəfimdən
gənc müəllimlərinə köməklik məqsədi ilə “V-XI siniflərdə tarix fənninin tədrisi
metodikası” adlı metodik vəsait hazırlanmış və çap edilmişdir. Linkə daxil
olaraq metodik vəsaitin PDF formasını oxumaq və yükləmək hüququnuz vardır: https://sinxronfenler.blogspot.com/2021/03/v-xi-siniflrd-tarix-fnninin-tdrisi_14.html ).
-Müəllimin
özünün hazırlaşması.
Adi
siniflərdə istedadlı şagirdlərlə iş “daxili fərqləndirmə”, inkişafyönümlü və şəxsiyyətyönümlü
tədris metodları, dərslərdə qeyri-ənənəvi iş formaları və əlavə dərslərlə məhdudlaşır.
Bir müəllim kimi istedadlı uşaqları dəstəkləmək üçün şagirdlərimin müxtəlif səviyyədə
keçirilən müsabiqə, yarış, festival və konfranslarda, yaradıcılıq işləri sərgisində
və əlbəttə ki, fənn olimpiadalarında iştirakını təmin edirəm:
“İstedadın
tanınması zəruridir ki, minlərlə şagird məktəbdə təhsil prosesinə cəlb olunsun
və onlara ehtiyaclarını ödəmək üçün fürsət verilsin. Bu yalnış mülahizədir ki,
onlar artıq hər şeyi bilirlər, yoldaşlarına kömək etməyəcəklər və ya özləri hər
şeyi öyrənəcəklər.
(P.S. Nümunə üçün qeyd edim ki, bu tədris ilində
(2022-2023) rəhbəri olduğum VIIIB sinifində və digər dərs apardığm
siniflərdə qabiliyyətli və istedadlı
uşaqlar çoxdur. Tarixə, ədəbiyyata, jurnalistikaya həvəsi olan, rəsm çəkməyi
bacaran və digər qabiliyyəti olan şagirdlərimin istəklərini nəzərə alaraq
onların müəyyən onlayn keçirilən tədbirlərdə iştirakını təmin etdim. Nəticələr
isə olduqca yaxşı oldu.
Bəs
mən istedadlı şagirdlərlə işləyərkən hansı forma və metodlardan istifadə edirəm?
Bunun üçün dərs əsnasında, öz bilik qabiliyyətini
artıqmaq üçün bacarıqlı şagirdə bir sıra tədris səlahiyyətləri vermək lazımdır:
Məsələn;
-Tədqiq edilən mövzu ilə bağlı əlavə məlumatların
hazırlanması;
-alternativ qaynaqlardan (ensiklopediya, sorğu kitabçaları,
internet resursları) əlavə məlumatların axtarışı;
-müxtəlif növ yazılı tapşırıqlar (test, krosvord,
tapmaca və s.);
-Cədvəl, diaqram vasitəsilə məlumatların
inteqrasiyası və sintezi;
-nəticələrin formalaşdırılması;
-ekspert və ya komanda lideri kimi işləmək;
-vizual materialların hazırlanması və s. və il.
Bu cür
işlərdə problemli- interaktiv metodlardan fəal şəkildə istifadə etməyə
çalışıram. Problemli təlim heç şübhəsiz
ki, idrak fəaliyyətinin inkişafını stimullaşdıran təhsil prosesinin ən optimal
formalarından biridir.
Şagirdlərin
intellektual və psixoloji çətinlikləri olduqda problemli vəziyyətdən yanaşma - tapşırığın
öhdəsindən gəlmə, yeni biliklərin ortaya çıxması, yeni yanaşmaların
axtarılması, zidiyyətlərin fərdi qiymətləndirilməsi şagirdlərin öyrənilən mövzuya
marağını artırmış olacaqdır. Baxmayaraq ki, şagirdlər bu cür suallara həmişə
tam cavab verə bilmirlər, lakin bu cür suallar onları düşündürür, maraqlandırır
və onlarda idrak fəallığını artırır. Bu fəaliyyət növü yaradıcı fəaliyyətdir və
şagirdlərin mühakimələrində çox müstəqil olmalarını, onlardan həll yollarını
axtarmağı tələb edir.
Tarix dərslərində
istedadlı uşaqlarla işləyərkən onların müəyyən bir mövzuya öz mövqelərini
bildirə biləcəyi formalardan - müzakirə, dəyirmi masa, əqli hücum, esse yazmaq
kimi formalardan istifadə edilməsi daha məqsədə uyğundur. İstedadlı şagirdlər məlumatların
qəbulu, ətrafdakı hadisələr və onların mahiyyətini dərk etmək baxımından həmyaşıdlarından
həmişə öndə olurlar və həm də bu cür məsələləri daha yaxşı başa düşürlər. Eynizamanda
istedadlı şagirdlərin verdikləri sualların sayı və mürəkkəbliyi baxımından, sinif
yoldaşlarının verdiklərindən bir çox göstəricilərinə görə də fərqlənir.
Lakin qeyd
etmək lazımdır ki, heç də bütün müəllimlər şagirdlərin bu cür artan maraqlarını
həmişə təmin edə bilmirlər. Məhz bu baxımdan istedadlı və qabiliyyətli şagirdlərlə
iş zamanı daha geniş fəaliyyət imkanı verən əlavə dərs proqramları belə şagirdlərin
müəyyənləşdirilməsində və eləcə də onlarla işləmə üsulunda vacib bir addımdır. Şagirdlərin
yaradıcılıq qabiliyyətlərinin inkişafına yönəlmiş dərsdənkənar fəaliyət növləri,
hisslərin duyğularla ifadə etmək, yaradıcılıq fəaliyyətinin formalaşmasına
böyük töhfə verməyə imkan yaradır.
XX
əsrin görkəmli alimi, riyaziyyatçı, akademik A.N. Kolmoqorov (1903-1987)
yazır:”Belə işdə ən parlaq nümunə şagirdlərin tədqiqat və dizayn fəaliyyətidir. ...ən kiçik tədqiqat
axtarış işində fəal iştirak nəticəsində əldə edilənlərdən başqa istedad üçün
başqa bir etibarlı sınaq yoxdur”.
Layihə
metodu istər sinifdə, istərsə də dərsdənkənar tədbirlərdə fəal isitfadə edilə
bilər. Layihə metoduna əsasən əvvəllər bilinməyən bir həll yolu ilə şagirdlərin
yaradıcılıq, tədqiqatçılıq həlli ilə əlaqəli, lakin tərbiyəedici işin də təşkili
forması başa düşülməlidir. Şagirdlərin elmi-tədqiqat işinə cəlb edilməsi isə
dünyaya inteqrasiya olmağa və eləcə də peşə bacarıqlarına yiyələnmələrinə səbəb
olur. Şagirdlərdə tədqiqat komponentlərinin inkişafı elmi biliklərin
metodologiyasının mənimsəməyin ilkin addımıdır. Tədqiqat işinə cəlb edilən şagirdlər tədqiqat metodlarını inkişaf
etdirməklə yanaşı, qaynaqlarda verilən məlumatları müqayisə edir, öz tədqiqatlarını
yaradıcı şəkildə təhlil edərək nəticə çıxarırlar.
Tədqiqat
işləri necə başlayır və necə həyata keçirilir?
Hər birinin
öz dərin mənası olan əsas mərhələlər bunlardır:
1-ci mərhələ; Tədqiqatın obyektini (mövzusunu) seçmək.
Şagird marağına uyğun olaraq araşdırma istəyini seçir. Əgər bunu təyin edə
bilmirsə müəllim ona tədqiqat mövzusunda seçim etməyə kömək edə bilər.
2-ci mərhələ; Mövzunun araşdırılması prosesi. Mövzu
müəyyənləşdirildikdən sonra şagirdlər mövzu ilə bağlı məlumat toplayırlar. Bu
zaman tədqiqatçı-şagirdin aşağıdakı vəzifələri vardır: Tədqiqat mövzusuna uyğun
məlumatalrı tapmaq və qeydlər aparmaq (bu zaman müxtəlif məlumat
qaynaqlarından- kitab və kitabçaalr, ensiklopediyalar, internet resurslar, hətta
müəllim və ya şagirdlərlə söhbətlərdən) və istifadə etmək, şagird tapdığı məlumatları
təhlil edərək ümumiləşdirmələr aparır.
3-cü mərhələ. Tədqiqatın nəticələrinin təqdimatı.
Bu təqdimat nəticələri mətn, qrafik və yaxud komputer məhsulu formasında
hazırlana bilər.
4-cü mərhələ. Nəticələrin nümayiş etdirilməsi. Bu
isə müxtəlif formalarda ola bilər: Məsələn;
Tədqiqatçı-şagird;
-tədqiqat üçün mövzu üzrə təqdimat hazırlayır;
-vizual materialı seçir və hazırlayır;
-münsiflər heyyəti, şagirdlər, müəllimlər, qonaqlar
qarşısında araşdırmalarının nəticələri barədə hesabatla çıxış edir;
-suallara cavab verir;
-çıxış etdikdən sonra digər məruzəçilərin layiqli
dinləyicisi olur;
(P.S. çox vaxt dərslərdə, xüsusən dərsin oxusunun təşkili
zamanı şahidi oluruq oluruq ki, şagird “... mən oxudum digərlərinin oxumasına qulaq
asmağa ehtiyac yoxdur, deyə fikirləşir”).
Şagirdlərin
yaradıcı dizayn işlərini yerinə yetirməsindəki rolu işin mərhələlərindən asılı
olaraq dəyişir. Lakin bu mərhələdə şagird:
-seçimə özü qərar verir. Bu qərarlar şagirdin məsuliyyət
götürmə imkanına uyğun olmalıdır;
-tapşırıqların həlli yollarını özü axtarır, lazım gəldikdə
məsləhətçi-müəllimlə əlaqə yaradır;
-zəruri məlumatları axtararkən lazım olan
insanlarla - ailə üzvləri,
kitabxanaçılar, elm adamları, həmyaşıdları və digərləri ilə əlaqə
yaradır;
-yararlılıq mövqeyindən məlumatları özü qiymətləndirir,
nəticələri nəzərə alaraq fəaliyyətini nizamlayır;
- son nəticəni, yəni təqdimatı təmsil edir (yəni-təqdimat
edir).
Bütün bu və digər çətinliklərin
öhdəsindən gəlmək, şagirdləri yaradıcılığa ilhamlandırmaq , təhsil prosesini məhsuldar
və yaradıcı işə cevrilməsinə imkan yaratmaq isə biz müəllimlərin üzərinə düşənən
vacib işlərdən biridir.
Beləliklə,
bu nəticəyə gəlmək olar: əgər təlim prosesində müəllim öz şagirdi üçün uğurlu
bir vəziyyət yarada bilsə, o zaman şagird də öz bilik səviyyəsini artıracaq və
bu da şagirdin intellektual qabiliyyətinin inkişafı üçün əsl irəli “sürəti”
olaacqdır.
İstifadə edilmiş ədəbiyyat və resurslar:
1. Амосова И.В. Работа с одаренными детьми: готовимся к
олимпиаде по истории// Преподавание истории в школе. 2007. №9. С.51.
2. Брославская Т.Л. Методические рекомендации для
учителей-словесников по работе с одаренными детьми. Волгоград. «Учитель». 2011
3. Вопросы психологии, №2. 1995 Короткова М.В. Методика
проведения игр и дискуссий на уроках истории. М. 2001.
4. Монкс Ф., Ипенбург И. Одаренные дети. М. Когито-Центр.
2014//http://mybook.ru/author/iren-ipenburg/odarennye-deti/reader/?ref_partner=bookmix
5. http://multiurok.ru/seyyubasadov2/
6. https://sinxronfenler.blogspot.com/
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin
(2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik
vəsait müəllifi).