“Deputat
Musa Quliyevin müəllimlərin 70 yaşına qədər əmək fəaliyyətində olması ilə bağlı
səsləndirdiyi fikirlərə cavab vermək üçün gərək vətəndaş adlandırdığımız adamın
əməyini 2 yerə bölək: yəni fiziki və intellektual əmək”. Bu sözləri
Yenisabah.az-a açıqlamasında tanınmış təhsil eksperti, professor Şahlar Əsgərov
deyib. O, millət vəkilinin məlum açıqlamasını şərh edib. Ş. Əsgərov söyləyib
ki, bu əməklər bir-birindən hədsiz dərəcədə fərqlidir: “Yəni fiziki əməyin
qanunvericilik bazası bir cür, intellektual əməyin qanunvericilik bazası isə
başqa cür olmalıdır. Əgər bu cür olsa, hər şey düz gələcək. Fiziki əmək belədir
ki, insan cavan olanda fiziki əməklə işləyir, kubik qaldırır, endirir və s.
Amma yaş 50-60 olanda artıq 32 kiloqramlıq kubiki qaldıra bilmirsən. Lakin əqli
əməkdə olan müəllim, alim və yazıçı 60 yaşında biliyinin zirvəsinə çatır və
daha güclü işlər görməklə böyük əmək və dəyər yarada bilər. Biz bu iki əmək
növünə bir yerdə baxanda gülməli vəziyyət alınır. Belə ola bilməz, ona görə də
burada fərqlilik, eləcə elmi baxış olmalıdır. Axı XXI əsrdə yaşayırıq? Buna görə
də müəllim, alim və yazıçıya yaş həddi qoymaq lazım deyil. Əksinə, bunlar yaşa
dolduqca, ağıllanır, kamilləşir və müdrikləşirlər. Bu insanlar cəmiyyətdə daha
çox dəyər yarada bilər, nəinki 30 yaşındakı uşaq”. O, xatırladıb ki, bu gün
dünyada 90-95 yaşına universitet müəllimləri var: “ABŞ-a təqaüdə göndərilən Çin
professorlarını çinlilər öz universitetlərində müəllim kimi istifadə edirlər
ki, bu adamlar ağılın ən yaxşı zirvəsindədirlər və biz bundan istifadə etməliyik.
Ona görə də Musa müəllimi tənqid etmək lazım deyil, əksinə, onu başa düşmək
lazımdır. Kütlənin ağlı ilə bu məsələ ölçülüb-biçilə bilməz. Bu sahənin bilicilərinin
fikirləri əsas götürülməlidir”. Onun fikrincə, bu tendensiyanı orta və ali məktəbə
bölmək səhvdir: “Hə, ola bilər ki, bu adam zavodda işləyirsə, 65 yaşında
pensiyaya çıxa bilər. Amma bu gün danışdığımız insanlar müəllimlərdir. Məsələn,
götürək, riyaziyyat müəllimini. 60 yaşındakı riyaziyyat müəllimi ilə 70
yaşındakı riyaziyyat müəllimi eyni ola bilər? Əsla! 70 yaşındakı ondan daha
müdrikdir. Nəinki 60 yaşlı müəllim. 70 yaşlı müəllim cəmiyyət üçün daha çox dəyər
yarada bilər, nəinki o. Hər yerdə gənclərin olması söyləmək “sui-qəsd nəzəriyyəsi”dir.
Əksinə, burada müdriklik lazımdır”. “İkinci Dünya Müharibəsindən sonra
1945-1953-cü illər ərzindəki İosif Stalin dövründə dövlət 20 il qüsursuz işləyən
müəllimi rayon rəhbərliyinin və SSRİ Təhsil Nazirliyinin zəmanətini almadan
mükafatlandırırdı və “Qırmızı Əmək Bayrağı” ordeni verirdi. 25 il qüsursuz işləyən
müəllimə isə “Lenin ordeni” verirdilər. 30 il qüsursuz işləyən müəllimə isə hərbidə
polkovnik zabitinin hüququ verilirdi ki, bu adam da istədiyi vaxt təqaüdə gedə
bilərdi. Əgər yazsa ki, işləmək istəyirəm, ona heç kim mane olmurdu”, –
müsahibimiz əlavə edib. Mütəxəssisə görə, işləmək dəyər yaratmaqdır: “Dəyər
yaradan adam isə millətin gözünün işığıdır. Belə adamları millət
qucaqlamalıdır. Bu adamların dəyər yaratdığı yerdə isə sən gəlib gənc kadrdan
danışırsan. Mən bir dəfə də bu məsələyə toxunmuşdum və 99 yaşlı Eldar Ömərovu
misal çəkmişdim. Demişdim ki, Eldarın əlindən çəkicini al və onu 30 yaşlı bir
cavan oğlana ver. De ki, bu qranitdən bir heykəl yarat, edə bilməyəcək axı? Dəyər
yarada bilməyəcək! Bax, məsələ də budur”.
Rafi
MÜSLÜMOV
Mənbə:
https://yenisabah.az/muellimler-ucun-yas-heddi-legv-olunur-hetta-90-yasinda-da