Dünyanın ən qədim meqalitik məbədi Göbəkli Təpə haqqında yeddi qəribə fakt

 

Müasir Türkiyə ərazisində elm adamları tərəfindən planetin səthində indiyə qədər tikilmiş ən qədim məbəd kimi tanınan nəhəng bir tikili vardır. Bu, təkcə günümüzə qədər tapılan ən qədim abidə deyil. Məbədin inşaatçıları çəkisi 10 tona qədər olan daş blokları çıxara, daşıya və quraşdıra bilirdilər.  Bütün bunlar isə 12 min il əvvəl baş verib. Rəsmi elmi fikirlərə görə, Yer kürəsində bu dövrdə yalnız  ovçu-yığıcı qəbilələr mövcud olmuşdur. Bu məbəd Göbəkli Təpə adlanır. Göbəkli Təpə hələ də qədim tarixin ən həll olunmayan sirlərindən biridir. 12 min il əvvəl onu kim, necə və niyə tikib? Bu, doğrudan da məbəd idimi, yoxsa başqa məqsədlə inşa edilmişdir? Göbəkli Təpənin astronomik rəsədxana olması mümkündürmü? Əgər belədirsə, onu kim qurmuşdur? Məgər o dövrdə ulduzları izləmək bu qədər vacib idi?

     Valentina Antipenko adlı oxucu yazır: “Məqalə sadəcə cəfəngiyatla doludur! Karxanalarda 10 tonluq əhəngdaşı bloklarını çıxaran insanlar, alimlərin fikrincə - məbədin inşaatçıları çətin ki, ovçu və ya yığıcı olmuşlar ??!! Axı, əhəngdaşı bloklarını nə iləsə kəsib və nə iləsə daşıyıblar !! Üstəlik, karxana bizə qədər gəlib çatan bütün binalar kimi estetik cəhətdən dizayn edilmişdir. Ola bilsin ki, sonradan sığınacaq və ya texniki obyekt kimi istifadə olunmuşdur. Deməli, biz onlarla müqayisədə geridə qalmışıq, çünki bizim alimlərin ağlına “bura məbəd olmuşdur” dan başqa heç nə gəlmir. Bu məbədin sirrləri çoxdur....


Digər tərəfdən, əgər bu, həqiqətən də məbəd olmuşsa, o zaman insanlar 12.000 il əvvəl nəyə sitayiş edirdilər? Hansı tanrılara? Nə üçün orta hesabla 10 ton ağırlığında 200-dən çox daş dirəyi kəsib, oyub, qaldırıblar? Bəs T sütunlarındakı simvollar nə deməkdir? Göbəkli Təpə indiyə qədər gördüyümüz  heç bir abidəyə  bənzəmir. Yalnız yaşına görə deyil, həm də mürəkkəbliyinə və inanılmaz dəqiqliyinə görə fərqlidir. Göbəkli Təpə şəhadət edir ki, onun inşaatçıları ovçu və ya yığıcı olmayıb. Min illər boyu qalın torpaq qatının altında qalmış, indi isə yavaş-yavaş sirlərini açır. Göbəkli Təpə əsl qədim möcüzədir. Ancaq az adam onun varlığı barədə məlumatlıdır.

Beləliklə, faktlara baxaq.

1. Göbəkli Təpə piramidalardan da daha qədimdir

Göbəkli Təpə antik dövrün özündən daha qədimdir. Ən qədim Misir piramidasından bir neçə min il yaşlıdır. Mütəxəssislər onun tikintisini 11.000-12.000 il əvvələ gedib çıxıdığını söyləyirlər. Baxmayaraq ki, bəzi nəzəriyyələr məbədin daha qədim olduğunu göstərir. Bu isə o deməkdir ki, məbədi tikən şəxslər Yer kürəsində son buz dövründə yaşayıb. Əgər ən qədim Misir piramidası həqiqətən də təxminən 4700 il əvvəl tikilibsə, bu o deməkdir ki, Göbəkli Təpənin meqalit kompleksi ondan ən azı 7000 il əvvəl tikilib. Beləliklə, Misirdə ən qədim daş tikililərdən biri olan Coserin  pilləli piramidaları tikilməzdən yeddi min ildən çox əvvəl insanlar artıq çox tonluq daşlardan nəhəng abidələr inşa edə bilirdilər. Piramidaların necə tikildiyini hələ də dəqiq bilmirik. Qədim misirlilər Misirdə ən böyük piramidalardan bəzilərini tikmək üçün  super ağır qayaları daşıya və onları inanılmaz yüksəkliklərə qaldıra bilirdilər. Üstəlik, misirlilərdən yeddi min il əvvəl Göbəkli Təpənin naməlum memarlarının bunu necə etdikləri barədə heç bir məlumatımız yoxdur.


2.Meqalit məbədin təxminən 5%-ni araşdırılıb

Göbəkli Təpə həqiqətən böyükdür. 1990-cı illərdən bəri qazıntılar aparılsa da, arxeoloqlar ərazinin böyüklüyünə görə tam olaraq qazıntı apara bilməyiblər. Mütəxəssislər hesab edirlər ki, meqalitik kompleksin tutduğu bütün təklif olunan ərazi haqqında danışsaq, biz azacıq iş görmüşük. Arxeoloji qazıntılar nəticəsində gizli yeraltının yalnız 5%-i tapılıb. Coğrafi tədqiqatların köməyi ilə iyirmi mürəkkəb dairədə dayanan iki yüzdən çox daş sütun aşkar edilmişdir (P.S. Bu məlumatlar 2020-ci ilin may ayına olan məlumatlardır). Hər oyma daş sütunun hündürlüyü altı metr, çəkisi isə on tona yaxındır.

3. Onun hansı məqsədə xidmət etdiyini bilmirik

Alimlər bir neçə onilliklər ərzində bu yerləri qazıb, tədqiq etsələr də, Göbəkli Təpənin məqsədinin nə olduğunu hələ də anlaya bilməmişik deyirlər. Əsas  nəzəriyyə ondan ibarətdir ki, bu, qədim cəmiyyətlər üçün mərkəzi ibadət yeri kimi xidmət etmişdir. Ərazinin əsas arxeoloqlarından biri olan Klaus Şmidtin (2014-cü ildə 60 yaşında vəfat etmişdir) sözlərinə görə, kompleks daş dövrünə aid dağ ziyarətgahıdır. O, buranın o dövrün meyarları ilə uzaq məsafələrdən dindarları özünə cəlb edən bir növ ziyarət yeri olduğuna inanırdı. İnsanlar ibadət etmək üçün 150 ​​kilometrdən çox yol qət etmiş ola bilərlər.

4. Onu tikən insanlar ölülərə ibadət etmiş ola bilər

Mütəxəssislər hələ də kompleksin əsl məqsədi ilə bağlı yekdil fikrə gələ bilməsələr də, Şmidt Göbəkli Təpəni tanrıların deyil, ölülərin kultunun əsas ibadət yeri hesab edirdi. O, bir çox sütunlarda təsvir edilən oyma heyvanların ölüləri qorumaq üçün nəzərdə tutulduğunu iddia edirdi. Amma Göbəkli Təpədə bir dənə də olsun məzar tapılmamışdır. Buna baxmayaraq, Şmit inanırdı ki, məzarlar yaxınlıqda bir yerdədir və kəşf olunmağı gözləyir. Təxminən 12.000 il əvvəl Göbəkli Təpədə şamanizm tətbiqləri həyata keçirilə bilsə də, insanabənzər oymalarla T şəkilli daş sütunların tanrıları deyil, ölmüş əcdadları təmsil edə biləcəyi fikri də irəli sürülmüşdür. Çünki tanrılara sitayişin çox sonralar, Mesopotamiyada meydana gəldiyi məlumdur.


5.12.000 il əvvəl insanlar əhəngdaşı çıxarırdılar

Bu məsələ əvvəlcə o qədər də təəccüblü olmaya bilər. Ancaq unutmayın ki, minalanmış əhəngdaşı bir yerə daşınmalı idi, o zaman bu çox tonluq altı metrlik sütunlar şaquli vəziyyətdə etibarlı şəkildə quraşdırılmalıdır. Bu o deməkdir ki, təxminən 12.000 il əvvəl insanların karxanalardan əhəngdaşı çıxarmaq üçün böyük səy göstərmək üçün çox yaxşı səbəbləri və motivləri olmuşdur. Təxminən 10 ton ağırlığında olan daşların quraşdırma yerinə daşınması isə tam başqa məsələdir. Daşlar, ehtimal ki, yüzlərlə insan tərəfindən daşınmışdır. Bu da bizə Göbəkli Təpəni tikən cəmiyyətin yaxşı təşkil olunduğunu və alətlərlə təchiz olunduğunu sübut edir. Bu isə öz növbəsində o deməkdir ki, ərazini idarə edən şəxs təkcə insan deyil, həm də maddi resurslar üzərində aydın nəzarətə və hakimiyyətə malik olmuşdur.

6.Göbəkli Təpədə həndəsi prinsiplər

Nə qədər çox araşdırsaq, Göbəkli Təpənin nə qədər əhəmiyyətli bir yer olduğunu bir o qədər yaxşı anlayarıq. Son təhlillər göstərir ki, 12.000 il əvvəl onu tikən memarlar düşünüldüyündən daha təcrübəli və innivativ olmuşlar. Əslində, kompleksin inşaatçıları tikintidə tətbiq etdikləri həndəsi prinsiplər haqqında geniş biliyə malik idilər. Tədqiqatlar göstərir ki, memarlar bərabərtərəfli üçbucağı təyin etmək üçün xüsusi olaraq bir neçə daş dairə qurmuşlar. Beləliklə, qədim inşaatçılar kim olsalar da, şübhəsiz ki, vəhşi ovçu-yığıcılar olmamışlar.


7. Meqalit məbədi bilərəkdən torpaqla örtülmüşdür

Kompleksin tikintisinin başlanğıcı və mövcudluğu haqqında çox az şey bildiyimiz kimi, onun yekunu haqqında da az şey bilirik. Ərazinin arxeoloji analizinə görə, Göbəkli Təpə 10.000 il əvvəl qəsdən torpaqla doldurulub. Əsasən çınqıl, daş və heyvan sümüklərindən ibarət bütün tikililər torpaq altında qalıb.

Bu yerin niyə torpaqla basdırıldığı sirr olaraq qalır.

Mənbə: https://bit.ly/42rNHQn

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

Ətraflı:

https://multiurok.ru/files/dunyanin-n-q-dim-meqalitik-m-b-di-gob-kli-t-p-haqq.html


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.