Çingiz xanın əsas qalasının xarabalığı tapılıb

 

Yapon və monqol arxeoloqlarından ibarət ekspedisiya tarixdə ən böyük hökmdar və sərkərdələrdən biri olmuş Çingiz xanın əsas qalasının xarabalığını aşkar edib. AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, imperiyasının sərhədlərini Çindən Polşaya qədər uzatmış Çingiz xan öz vəsiyyətinə əsasən gizli bir yerdə dəfn edildiyindən, onun məzarı naməlumdur. Lakin həmin məzarı axtaran arxeoloqlar Monqolustan ərazisində XIII əsrə aid qalanın xarabalığını aşkar ediblər. Bu kəşf tarixçilərə monqolların Avropaya yürüşləri ilə bağlı daha çox məlumat əldə etməyə imkan verəcək. Belə ki, həmin qala əkin yerlərinin və bazarların yaxınlığında yerləşib və Çingiz xanın sərkərdələri ərzaq və geyim tədarükünü burada həyata keçiriblər. Ekspedisiyanın rəhbəri, Osaka Beynəlxalq Universitetinin professoru Koiçi Matsuda bildirib ki, Monqolustanın paytaxtı Ulan-Batorun 880 kilometr qərbində yerləşən bu qala haqqında məlumatlar hələ orta əsrlərdə bir Tao təriqətinin ruhani liderinin əlyazmasında verilib. Onun sözlərinə görə, xarabalıqdan heyvan sümükləri, Çin saxsı qabları və yun parça qalıqları tapılıb. Ümumilikdə 200 metr uzunluğunda olan qala divarlarının 1212-ci ildə tikildiyi güman edilir. “Çinkay sarayı” adlanan bu istehkam İpək yolunun üzərində yerləşir. Monqol imperiyasının süqutundan sonra bu qala əhəmiyyətini itirib və XIV əsrdə xarabalığa çevrilib.

Mənbə:https://azertag.az/xeber/CHingiz_xanin_esas_qalasinin_xarabaligi_tapilib-2644733


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.