Qədim Nippur Yaxın Şərqin ən maraqlı müqəddəs şəhərlərindən
biri olmuşdur. Bir
vaxtlar İkiçayarası (Mesopotamiya) mədəniyyətinin ən mühüm dini paytaxtı olan
bu şəhərin indi xarabalıqları qalıb. İraqın cənubunda yerləşən Nippur şəhərinin
çox qədim bir tarixi var. Onu əhatə edən şəhərlərdən fərqli olaraq, o, demək olar
ki, altı min il - e.ə. 5000-ci ildən
e.-nın 800-cü illərinə qədər mövcud olmuşdur. Öz çiçəklənmə dövründə şəhər
siyasi paytaxt deyildi. Ümumiyyətlə, mövcud olduğu dövrdə şəhərin siyasətlə əlaqəsi
az olmuşdur. Bunun əvəzinə Nippur müqəddəs şəhər, hava, külək, yer və fırtına
tanrısı Enlilin evi kimi tanınmışdır. Ehtimal olunur ki, Nippurun
uzunömürlülüyünə məhz müqəddəs şəhər statusu səbəb olub - hətta müharibə
dövründə də münaqişə tərəfləri arasında müqəddəs yerlərə hörmət və tanrıların qəzəbindən
qorxusu güclü idi. Bu da şəhəri ciddi hücumlardan qorumuşdur. Nippur paytaxt
olmasa da, müqəddəs şəhər olması və Enlilin vətəni olması səbəbindən yenə də
Mesopotamiya siyasətində mühüm rol oynayırdı. Qonşu şəhər dövlətlərinin
padşahları tez-tez Enlilin Ekur adlanan məbədində xeyir-dua üçün bura gələrdilər.
Bunun müqabilində Nippur sakinlərinə torpaqlar, qiymətli daşlar və başqa mallar
gətirdilər. Hökmdarlar həmçinin tanrıların rifahı üçün bütün şəhərdə məbədlərin
və digər mühüm binaların tikintisi və bərpası üçün insanları təmin edirdilər.
Müharibələrdən sonra belə, qalib bir padşahın ilk addımı çox vaxt müharibədə əldə
etdiyi qənimətləri minnətdarlıq olaraq Enlilə və digər tanrılara qurban
verirdilər. Bu səxavətli ianələr zamanla Nippurun zənginliyinə və uğuruna əhəmiyyətli
töhfə vermişdir.
Nippur şumerləri: yenilikçi dini novatorlar
Nippur qədim şumerlərin yaşadığı yerlərdən biri
idi. Mesopotamiyanın cənub bölgəsi Şumer adlanırdı və hər birinin öz padşahı olan
bir neçə şəhər dövlətindən ibarət idi. Şumer adı əslində “mədəni padşahlar ölkəsi”
kimi tərcümə olunur, çünki siyasət Şumer mədəniyyətinin mühüm bir hissəsi idi.
Şumerlər yenilikləri və yeni texnologiya və konsepsiyalar hazırlamaq və
yaratmaq bacarığı ilə tanınırdılar. Xüsusilə, vaxtı günlərə, saatlara və dəqiqələrə
bölməyə, gecə ilə gündüzü 12 saata, bir saatı 60 dəqiqəyə, dəqiqəni isə 60
saniyəyə bölən də onlar olmuşlar. Onlar həm də tarixdə məktəb və hökumət
binaları tikən ilklərdən olublar, bu inanılmaz memarlıq strukturlarından bəziləri
bu günə qədər gəlib çatmışdır. Buna əlavə olaraq onu da əlavə etmək olar ki,
ümumdünya daşqının əsl hekayəsi bu bölgədən dövrümüzə gəlib çatmışdır. Şumer
yüksək inkişaf etmiş bir sivilizasiya, Nippur isə onun ayrılmaz hissəsi idi. Din
bütün Şumer və İkiçayarası sivilizasiyasının əsas mərkəzi aspekti olmuşdur. Din siyasi qərarlara,
hökumət liderlərinə, məktəb proqramlarına və bütün ictimai quruluşa təsir edirdi.
Şumerlər inanırdılar ki, tanrılar Yer kürəsini yaratmaqla xaosu nizama çeviriblər
və Yer kürəsində həyatın davam etməsi üçün onlar bu nizamı qorumaq üçün
tanrılarla birlikdə çalışmalıdırlar. Onların sivilizasiyasında tanrılara kömək
etməkdə faydalı ola biləcək hər kəsin fərdi istedad və bacarıqlarına böyük diqqət
yetirilməsinə baxmayaraq, şumerlər güclü icma halında birləşərək tanrılara öz
varlıqları müqabilində xidmət etdilər.
Daşqınları sevən tanrı
Enlil, ilk növbədə Nippur şəhərində ibadət edilən
şumerlərin əsas baş tanrısıdır. Enlil hava, külək, yer və tufan tanrısı idi və
onun ibadət yeri şəhərin tam mərkəzində yerləşirdi. Enlilə sitayiş etmək istəyənlər
“dağdakı ev” kimi tərcümə olunan Ekur məbədini ziyarət edirdilər. Bu məbəd
Nippurdakı tanrıların məclisi kimi tanınır və bütün qədim Şumerdə ən müqəddəs və
hörmətli bina idi. Ehtimal olunur ki, Enlilin bu məbədi Göylə Yer arasında bir
yer kimi özü inşa etmişdir.
Qədim Şumer miflərində deyilir ki, Enlil o qədər müqəddəs idi ki, hətta başqa tanrılar da onun gözlərinə baxa bilmirdilər. Enlilə sitayiş edən şumerlər də onu Yerin inkişafı üçün məsul hesab edirdilər. İlk tanrı Nammu, Enlil yaratmaq üçün birləşən Göyü (An) və Yeri (Ki) yaratdı. O, həm də yaradıcılarını An və Ki (Göy və Yer) ayırdı ki, insanlar orada sağ qala bilsinlər. Bundan əlavə, Şumer əfsanələrində deyilir ki, insanlar və planetimizdəki bütün digər canlılar Enlil və Ki (Yer, onun anası) sevgisi nəticəsində yaranıblar. Digər mifologiyalarda Enlil yer üzündə bir çox başqa tanrıların atasıdır. Ay tanrısı Nanna, ölüm tanrısı Nerqal, döyüşçülər tanrısı Ninazu və çaylar tanrısı Enbilulu onun nəslindəndirlər. Şumer daşqın hekayəsinin bir versiyasında tanrı Enki insan Ziusudranın sağ qalmasına kömək edir və o, daşqından yeganə sağ qalan olur. Bundan təsirlənən Enlil Ziusudraya zəkasına və gücünə hədiyyə olaraq ölümsüzlük verir. Bu, qədim Şumer gil lövhəsində qeydə alınıb, lakin bütün qeydlər qorunub saxlanmayıb və kitabə zədələndiyi üçün daşqının səbəbi məlum deyil. Böyük Daşqınla bağlı başqa bir mif də daşqının Enlilin özünün törətməsidir. Ehtimal olunur ki, insanların səs-küyü Enlilin yatmasına mane olur. Buna görə də onları məhv etmək qərarına gəlir. Bu hekayədə Utnapiştim adlı bir adamın ailəsi Ea tanrısı tərəfindən gözlənilən daşqın barədə xəbərdarlıq edilir və o, sağ qalmaq üçün onlara qayıq tikməyi tapşırır. Enlil Utnapiştim və ailəsinin daşqından sağ qaldığını biləndə qəzəblənir. Bununla belə, oğlu Ninurta Enlili Yer kürəsi yenidən həddindən artıq sıxlaşana qədər sağ qalmağa inandıraraq sağ qalanları xilas edir. Enlil güzəştə gedir və əhalini nəzarətdə saxlamaq üçün yırtıcılar, aclıq və xəstəlik yaradır və sadiqliyinə görə Utnapiştimə ölümsüzlük verir. Şumerlər bütün varlıqlarını tanrılara sitayiş etməyə və tanrıları öz işləri ilə sevindirməyə həsr etmişlər. Bu ibadətin bir hissəsi olaraq, onlar tanrının heykəlinin onun fiziki təcəssümünə çevrildiyinə inandıqları üçün tez-tez Enlilin, eləcə də digər tanrıların heykəllərini düzəldirdilər. Bu heykəllər ibadət rituallarının müntəzəm hissəsinə çevrilmişdi, şumerlər onlara qulluq edir və yemək təklif edirdilər. Enlil çox vaxt qayğıkeş, öz xalqını unutmayan ata tanrısı kimi təsvir edilirdi. Qonşu şəhər-dövlətlərdəki padşahlar, Enlilin bəşəriyyəti idarə etdiyi kimi, öz ərazilərini idarə etməyə çalışırdılar. Bu tanrıya çox böyük hörmət var idi. Nippur yeganə şəhər-dövlət idi ki, burada heç vaxt padşah sarayı tikilməmişdi. E.ə. XVIII əsrdə Hammurapinin başçılığı ilə Şumerin babillilər tərəfindən tutulmasından sonra da belə bu şəhərdə hökmdar sarayı tikilmədi. Enlilin məbədi toxunulmaz idi və dini ayinlər üçün istifadə olunurdu. İllər keçdikcə məbəd unudulurdu, lakin zaman-zaman diqqəti çəkirdi. Məsələn, e.ə. VII əsrdə, qədim babillilər Enlilin öz tanrıları Marduka güc verdiyinə inanmağa başladılar. Bu, sivilizasiyanın tənəzzülə uğradığı və həm Enlilə, həm də Marduka sitayişin dayandırıldığı dövrə qədər təqribən altı yüz il davam etdi.
Müqəddəs şəhərdən xarabalığa
Nippur həm tənəzzül, həm də yenidən doğuşun bir çox
dövrlərindən keçmişdir. Bəzən şəhərə bütün ümidlərin tükəndiyi görünəndə, qonşu
padşah gözlənilmədən məbədin bir hissəsini və ya onun genişləndirilməsini bərpa
etmək üçün işçilər göndərə bilərdi. Ur-Nammu tabeliyində olan Ur sülaləsi,
xüsusən də şəhər divarlarını, ziyarətgahları və hətta kanalları bərpa edərək
Nippurun yenidən qurulmasına kömək etdi. Hammurapinin hakimiyyəti dövründə
Enlil məbədi əsasən tərk edilmiş vəziyyətdə qaldı. Babillilər Babil bölgəsini
yeni dini mərkəz etdilər və Enlilin bütün hekayələrini Mardukun adına çıxdılar.
Lakin Nippur şəhərində insanlar daha bir neçə yüz il yaşadılar. Erkən müsəlman coğrafiyaçıları
bölgəni tanıyırdılar, baxmayaraq ki, onların Nippura istinadları təxminən eranın
800-cü ilindən sonra azaldı və bu, şəhərin əhalisinin o vaxta qədər xeyli azaldığını
göstərir. Bəzən şəhərdəki məbədi ziyarətə gələnlər olsa da, XIII əsrdə şəhər
tamamilə tərk edildi. Bütün bunlara baxmayaraq müəyyən qonşu hökmdarlar bu
xarabalığın bir vaxtlar əzəmətlə dolu olan müqəddəs yer hesab etmişlər.
Mənbə: https://bit.ly/3AFWfYd
İstinad:
https://multiurok.ru/files/nippur-b-s-riyy-t-ilk-tanri-anlayisini-ver-n-s-h-r.html
Rus dilindən tərcümə etdi:
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi),
Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü