Professor: Çətin günlərdə Azərbaycanın Türkiyəyə humanitar dəstəyi sarsılmaz həmrəyliyin ifadəsidir

 

Türkiyə əsrin faciəsini yaşayır. Ölkədə zəlzələ qurbanlarının sayı durmadan artır. Hazırda 100-dən artıq dövlətin, BMT-nin və ona bağlı qurumların əməkdaşları Türkiyənin zəlzələ bölgəsində olum və ölümlə mübarizə aparan insanlara maddi və mənəvi dəstək göstərir, dağıntılar altında qalmış insanları çıxarmağa çalışırlar. Minlərlə insan dağıntıların altında qalan qohumlarından və yaxınlarından xəbər gözləyirlər. Türkiyə xalqı təbiətin onlara yaşatdıqları dəhşətə və faciəyə sinə gərərək onu inamla dəf etməyə çalışır. Qışın ən sərt dövrünü yaşayan Türkiyədə qarlı hava şəraiti zəlzələ baş verən ərazilərdə həyatı daha da çətinləşdirib. Belə bir çətin gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Türkiyə xalqına maddi və mənəvi köməyi, humanitar dəstəyi iki xalqın sarsılmaz həmrəyliyinin ifadəsidir. Bu barədə AZƏRTAC-a ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov bildirib. O vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı etdiyi paylaşım dünyanın tərəqqipərvər insanlarına və soydaşlarımıza bir çağırışdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu paylaşımı Azərbaycan xalqının insanpərvərliyinin, mərhəmətinin, şəfqətinin, vətənpərvərliyinin, milli-mənəvi dəyərlərə sadiqliyinin, əxlaqi saflığının, tarixə, kökə bağlılığının və dostluğa sədaqətinin ifadəsidir. Mehriban xanım Əliyeva millətimizin əxlaqi-mənəvi dəyərlərini, türk xalqı ilə zamanın sınağından çıxmış dostluğunu peşəkarlıqla ümumiləşdirərək yazır: “Hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur”. Professor qeyd edib ki, Birinci vitse-prezidentin çağırışı ilə respublikamızda başlanmış yardım kampaniyası gündən-günə genişlənir. Ölkəmizdə elə bir kənd, rayon, şəhər yoxdur ki, bu kampaniyaya qoşulmasın. Respublikamızda fəaliyyət göstərən bütün dövlət qurumları, təhsil ocaqları, yerli şirkət və təşkilatlar qardaş Türkiyə xalqının yanında olmağa çalışır. Yardım toplama məntəqələrində könüllülər gecə-gündüz yorulmaq bilmədən var gücü ilə işləyir, arasıkəsilmədən gələn yardımları çeşidləyərək qutulara yığırlar. Ali dövlət rəhbərindən tutmuş ən kasıb vətəndaşımıza qədər hər kəs ürəyinin hökmü, vicdanının səsi ilə yardım kampaniyasında iştirak edir. Kimi bir aylıq əməkhaqqını, kimi yorğan-döşəyini, kimi də əynindəki isti paltosunu Türkiyə xalqına göndərir. Hər gün Türkiyəyə isti geyim, qızdırıcılar, çadırlar və qida məhsulları ilə dolu onlarla yük maşınları yola salınır. Ölkənin birinci xanımının göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə təyyarə vasitəsilə humanitar yardım göndərilir. Bütün humanitar missiyalarda olduğu kimi, bu gün də Heydər Əliyev Fondu dəhşətli zəlzələnin fəsadlarını aradan qaldırmaq, zərərçəkənlərə yardım etmək məqsədilə Türkiyə xalqına ən yüksək səviyyədə dəstək göstərir. Minlərlə insan zəlzələdən əziyyət çəkənlər üçün nəzərdə tutulan hesaba pul vəsaiti keçirir. Bunu özünün vicdan borcu, insanlıq borcu, qardaşlıq borcu hesab edir. Türkiyədə baş verən əsrin faciəsi həm də Türkiyə xalqının məğrurluğunu və yenilməzliyini bir daha dünya xalqlarına göstərdi. Dünya dövlətləri enerjisi 500 atom bombası gücündə olan zəlzələyə Türkiyə xalqının necə sinə gərdiyinin şahidi oldu, millətin milli birliyinə, dəyanətinə və azərbaycanlıların elliklə yardım kampaniyasına qoşulmasına heyran oldular.

Mənbə:

https://azertag.az/xeber/Professor_CHetin_gunlerde_Azerbaycanin_Turkiyeye_humanitar_desteyi_sarsilmaz_hemreyliyin_ifadesidir-2486777


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.