“Qərinələrlə məst olub cəhalətə uyuduq! Nə gördük?
Nə qazandıq?”
Cəlil Məmmədquluzadə.
“Elə bir
cahan ki, onun hər anı; Mənalı görünür bir qərinədən”
Səməd Vurğun.
“Qərinələr
yolçusu - ay göyləri dolanar; Göy üzünün şamları sübhəcən sönər, yanar” Əhməd Cəmil.
Xalqın bir millət olaraq meydana çıxması
üçün hər şeydən əvvəl etnoqrafik birliyə malik olması və o xalqın hüdudları bəlli
bir torpaq üzərində birlikdə yaşaması, yəni sosial həyat sürməsi lazımdır. Əsrlər
boyu Azərbaycan xalqı cənubda Qızıl Üzən çayı, Şimalda Qafqaz sıra dağları, şərqdə
Xəzər dənizi sahilləri, qərbdə isə Gürcüstan sərhədlərinə qədər uzanan və sahəsi
təqribən 410 min kv.km olan ərazidə yaşamışlar.Tarixin böyük bir amansızlığına
düçar olan Azərbaycan xalqı işğalçı dövlətlər arasındakı müharibələr nəticəsində
ikiyə bölünmüş, lakin bu parçalanma xalqımızın nə dilinə, nə dininə, nə də ki,
mədəniyyətinə təsir edə bilməmişdir. Ümummilli lider Heydər Əliyev demişdir: -
“…Tariximizi, milli dəyərlərimizi bilməyən gənc vətənpərvər ola bilməz”. Görkəmli
Azərbaycan mütəfəkkiri Sultan Məcid Qənizadənin elə bir kəlamı vardır: - Vətəni
özünə dogma bilən insanlar tərbiyə etməyi bacarırıqsa, insanların xoşbəxtliyini
təmin etmək mümkündür”.
33 il bundan əvvəl …
Bəzən
Qanlı Yanvar və ya 20 Yanvar faciəsi adlandırdığımız hadisə 1990-cı il yanvarın
19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş SSRİ-nin qoşun hissələri tərəfindən
fövqəladə vəziyyət elan edilmədən yeridilməsi və dinc əhaliyə divan tutulması nəticəsində
yüzlərlə insanın qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğındır. Fövqəladə
vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri
ölümcül yaralamışdılar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın
20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin
elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda
daha 8 nəfər qətlə yetirilmişdir. Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində
Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış,
841 nəfər qanunsuz həbs olunmuş; hərbi
qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım
maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi
əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin
təcili yardım və hüquq mühafizə işçiləri olmuşdur. Qanlı Yanvar faciəsi nəticəsində
keçmiş SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına
pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır.
Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya
və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə
vurmaq, xalqımızın gözünü qorxutmaq məqsədi daşımışdır.
II
Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsi oldu. Ordumuz döyüş
meydanında tarixi ədaləti bərpa etdi. Belə bir məsəl var: “Azərbaycan cənnət
ölkə, Qarabağ isə onun tacıdır”. 2020-ci il sentyabr ayının 27-dən noyabr
ayının 10-na qədər tariximizin ən şanlı, ən qürurverici səhifələrini yaşadıq.
Xalqımızın ürəyi bu 44 gündə bir amal, bir məqsəd üçün döyünürdü. Hər bir Azərbaycan
vətəndaşı vətəninə, dogma yurduna və ailəsinə dərin hörmət etməyi özünə borc
bilməlidir. Vətən uğrunda öz sağlamlıqlarını itirənlər və əziz canlarından keçənlər
heç vaxt unudulmamalıdır! Azərbaycanın bütövlüyü uğrunda öz əziz canlarından
keçən bütün şəhidlərimizi dərin hörmətlə anır, onlara Ulu Yaradandan rəhmət diləyirəm.
20
Yanvarda dənizdə gedən mübarizədən bir
çoxları xəbərsizdir. Qanlı hadisə baş verdikdə, həmin an dənizdə olanlar iş
birliyi qurdular. 7 gəmi kapitanımız birləşərək “Sabit Orucov” adlı sərnişin gəmisini
qərargah edərək “Kapitanlar şurası” yaratdılar. Bakı Moskva tərəfindən
informasiya blokadasına alındığı üçün bu gəmilər hər 30 dəqiqədən bir dünyaya “Diqqət!
Mən Bakıyam! Məni yandırırlar”, “Diqqət! Bakı yanır!” həyəcan siqnalı göndərirdilər. Nəticədə hətta Sakit
və Atlantik okeanda üzən gəmilər də faciədən xəbər tutdular. Onlar Bakıya dəstək
olaraq bu xəbəri öz ölkələrinə çatdırdılar. Sovet ordusu qətlə yetirdiyi mülki
şəxslərin meyitlərini dənizə ataraq hadisənin izini itirmək istəyirdi. 120 -yə yaxın gəmimiz SSRİ
donanması qarşısında dayanaraq “Şəhidlərin meyitlərini bizim cəsədimizin üzərindən
keçərək dənizə ata bilərsiniz” ultimatumunu verir və şəhidlərimizin cəsədlərinin
dənizə tökülməsinin qarşısını alır. O
zaman bu mülki gəmilər hərbi gəmilərə müqavimət göstərərək buna mane olurlar.
Sovet rəhbərliyindən ordunun Bakıdan 24 saat ərzində çıxarılmasını tələb edirlər.
SSRİ müdafiə naziri onları həbs və güllələnmə ilə hədələsə də qəhrəman dənizçilərimiz geri çəkilmir.
Mülki gəmilərimiz atəşə tutulur, şəxsi heyət həbs edilir.
Həmin 7
kapitana bugün çox şey borcluyuq. Onları tanıyaq:
Mövlüd Əliyev
Müzəffər Əliyev
Murad Əliyev
Kərəm Məmmədov
Kişi Mütəllimov
Ağalar İbrahimov
İbrahim Salayev
1990-cı
il yanvarın 19-dan 20 - nə keçən gecə xalqımıza qarşı törədilən qanlı qırğından
33 il, bir qərinə keçir. Bu hadisə Azərbaycan xalqının və bütün tərəqqipərvər,
sülhsevər bəşəriyyətin tarixinə əsrin ən qanlı bir hadisəsi kimi düşmüşdür. Ən ağrılı o idi ki, o
vaxtı ölkəyə rəhbərlik edənlər, özlərini milli qəhrəman, azadlıq aşiqləri
sayanlar əliyalın, torpağı, milləti,
xalqı dildə deyil, ürəklərində sevən oğullarımızı qabağa verib, özləri müəmmalı
şəkildə “qeyb” oldular... Azərbaycanımızın müstəqil bir dövlət kimi yaşaması
ilə düşmənlərimiz barışmaq istəmirdilər. SSRİ dağıldıqdan sonra Azərbaycanda
hakimiyyətdə olanlar hər nəyin hesabına olursa olsun hakimiyyətdə qalmaq istəyirdilər.
Azərbaycanın müstəqilliyinə mane olmaq istəyənlər Qarabağda vəziyyəti gündən - günə
gərginləşdirirdilər. Hakimiyyət uğrunda gedən mübarizə, torpaqlarımızın hissə -hissə işğalı ilə müşayiət
olunurdu. 20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə
və informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun
enerji bloku silahlı hərbiçilər tərəfindən partladılmış, mətbuatın nəşrinə
qadağa qoyulmuşdu. Azərbaycan sakit və ölü bir dənizə bənzəyirdi. Görünməmiş qəddarlıqla
keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan dinc sakinlər
öldürüldü, yaralandı. Bu hadisə hakimiyyətin törətdiyi ən qanlı faciələrdən
biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. Xalqın bu
ağır günlərində, yanvarın 21-də Azərbaycan xalqının mərd oğlu Heydər Əliyev Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış
edərək, xalqla birgə olduğunu bildirdi. 20 Yanvar faciəsinə siyasi qiymət
verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o
zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv
olduğunu göstərdi. Belə bir Şərq məsəli var:” Can həkimə, ölkə isə rəhbərə
etibar edilər”. Bu çətin dövrdə xalqımız
öz seçimini etdi: - Ümummilli lider Heydər Əliyev xalqımızı bəladan qurtaracaq!
Heydər Əliyev Azərbaycanın haqq işini dünyaya çatdırdı. Daxili siyasi sabitlik
təmin edildi, iqtisadi tənəzzülün qarşısı alındı. Milli-mənəvi dəyərlərimiz bərpa
və inkişaf etdirildi. Bu gün müstəqil Azərbaycan dövləti üçün ən mühüm məsələlərdən
biri də Dünya azərbaycanlılarının həmrəyliyinə nail olunması məsələsidir. Dünya
azərbaycanlıları nə qədər həmrəy olsalar, Azərbaycan dövlətçiliyi ətrafında nə
qədər sıx birləşsələr dünya miqyasında nüfuzumuz daha böyük, sözümüz daha kəsərli
olar. Bu işdə isə ən böyük xidməti Ümummilli liderimiz Heydər Əliyev 2001-ci
ildə (9-10 noyabr) Dünya azərbaycanlılarının I qurultayını keçirməklə göstərdi. Azərbaycanlılar
tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar
dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər
Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq
ölkələrində iri Azərbaycan icmaları yaranmışdır. Uzun zaman bir-birinə həsrət
qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüşü - Şimali və
Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı - bu taylı
millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların
bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə
cəhd idi. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I
Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə,
müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının
artmasına təsir göstərdi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı
isə dillər əzbərinə çevrilib. Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin
2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin
genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi)
yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti
haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması
prosesini daha da gücləndirdi. Dünya azərbaycanlılarının milli birliyinin
ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndərimiz xarici dövlətlərə səfərləri
zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq həmin ölkələrdə
yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır,
onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları
üçün dəyərli tövsiyələr verirdi. Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə,
onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki
xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının
II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına
uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı
xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində
yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması işində əhəmiyyətli rol oynamışdır. 2022-ci il aprelin 22-23-də
Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı -Zəfər Qurultayı
keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurultayda geniş
nitq söylədi. Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və
qonaq iştirak etdi (P.S. Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider
Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham
Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV
qurultay 2016-cı ildə, V qurultay isə 2022-ci ildə keçirilmişdir). Artıq dünya
azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni
həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə
böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin
ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.
Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və
diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata
keçirir, Azərbaycan xalqının tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.
1990-cı il yanvarın 19-u
saat 19:30 dəqiqədə SSRİ hökuməti tərəfindən təşkil edilən əməliyyat
nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda
fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi
məlumat çatdırılmasın. Halbuki, həmin vaxt 26 bölgədə piketlər, barrikadalar
qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən Salyan kazarmasının
giriş-çıxış yolu kəsilmişdi ( Qeyd edim ki, 1990-cı il yanvar ayının 19-dan
20-nə keçən gecə BDU-nun tələbəsi və Salyan kazarması yaxınlığında kirayədə
yaşayan tələbə kimi bütün bunların canlı şahidi olmuşam). 1990-cı il yanvarın
20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ
rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin
xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq
küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın
digər rayonlarına hərbi hissələr yeridildi. Dinc əhalinin kütləvi etiraz
aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə
süquta uğramaqda olan siyasi sisteminin
qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından
sıxışdırılıb çıxarılması ilə bağlı çar Rusiyasının əsrlərlə apardığı mənfur
siyasətin yeni şəraitdə davamı idi. 20 Yanvar hadisəsi xalqımızın yaddaşına
qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və
qəhrəmanlıq səhifələrindən biridir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan
xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli
haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi. Hakimiyyətin
mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə
mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz
zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi
dəstələri ilə üzləşdi... Bakıda
fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan
xalqı şəhidləri ilə vidalaşdı. Bakıda keçirilən matəm mərasimində bir milyondan
çox insan iştirak etdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət,
demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi.
Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları
“Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”
sənədini təsdiq etməklə biz müəllimlərin qarşısına çox mühüm vəzifələr qoymuşdur.
Bu, sənəd biz müəllimlərə “Azərbaycan həqiqətlərinin böyüyən nəslə
çatdırılmasının elmi-metodiki və praktiki məsələri” ni, “Azərbaycan
həqiqətlərinin məktəblilərə öyrədilməsində tarixi qaynaqların rolu”nu ümdə
vəzifə kimi tövsiyyə edir. Azərbaycan həqiqətləri təkcə öz şəhər, rayonumuzda deyil,
həm də xarici ölkə məktəblilərinə, müəllimlərinə çatdırılmalıdır.
Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının
qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların
igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan
müstəqilliyimizi qanımızla və canımızla qorumalı, ümummilli liderimiz Heydər
Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik.
Allah
bütün şəhidlərimizə rəhmət eləsin!
(P.S. 1992-ci il yanvarın 18-də Azərbaycan
Respublikasının qanunu ilə “Şəhidlər günü” adı altında Azərbaycan
Respublikasının Əmək Qanunları Məcəlləsinə əlavə edilmiş 66-1-ci maddənin adı və
mətni 1999-cu ildə qüvvəyə minmiş ƏM-də tamamilə dəyişildi və yeni redaksiyada
belə verildi:
Maddə 106.
Ümumxalq hüzn günü
Hər il yanvarın 20-si Azərbaycanın müstəqilliyi və
ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü - ümumxalq
hüzn günüdür. Bu gün iş günü hesab edilmir.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən
siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin
səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması
məsələsi istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar faciəsinin xalqımızın
tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya
ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görüldü.
Ümummilli liderin 1994-cü il yanvarın 5-də 20
Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda
Azərbaycan Respublikasının Milli Məclisinə faciəyə tam və əsaslandırılmış
siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın
29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında
qərar qəbul etdi. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi
nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət
verildi.
Bakı
şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı
uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl”
abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir.
Azərbaycan Prezidentinin 2000-ci il, yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı
il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı
verilmişdir).
İsdifadə edilmiş resurslar:
1.https://sinxronfenler.blogspot.com/2022/12/dunya-azrbaycanllarnn-hmrylik-gunu-v.html
2.https://nedir.az/q%C9%99rin%C9%99-sozunun-menasi
3.https://multiurok.ru/files/20-yanvar-33-il-bir-q-rin-33-illik-bir-dovr.html
Hazırladı:
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin
(2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə
inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI
siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan
Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü